Jalə Əliyeva: “Ata tərəfim Zərdabda bəy nəsli olub”

0
19893
jale-eliyeva

– Evdə tək qalırsınız?

– Hə.

– Darıxmırsınız?

– Yox. Darıxmağa vaxt olmur.

– Hər halda, yəqin ki, iki insanın ard-arda evdən getməsi həyatınıza təsirsiz ötüşməyib.

– Əvvəllər anam öz evində yaşayırdı. Son iki ildə isə xəstəliyi ilə bağlı olaraq mənimlə qalırdı. Mən artıq üçümüzün bir evdə yaşamağına öyrəşmişdim. Qızım ailə qurdu, evdən getdi, anam dünyasını dəyişdi, evimizi tərk elədi. Və bir anda elə bil ki…

Yəqin məni qınayacaqsınız. Amma anlayırsınızmı, belə olacağını bilmirdim. O, elə ilk suallarıma o qədər soyuqqanlılıqla cavab verirdi ki, məni sadəcə, maraq götürmüşdü.  Cavabların  duyğusal olacağını gözləməsəm də, bu qədər soyuqqanlı olacağını da təsəvvür eləmirdim. Bu təmkinlə, rahatlıqla cavab verməyi sonadək bacarsaydı, həqiqətən də elə biləcəkdim ki, ananı itirmək Jalə Əliyeva yaşda və statusda olan qadınlar və kişilər üçün çox adidi. Amma təəssüf ki, üç nöqtədən sonra Jalə xanımın, cavablarındakı soyuqqanlılığı, özünə inamı birdən-birə yoxa çıxdı. Günün altında gəzişdiyin yerdəcə, adamı necə dolu vurursa, bax eləcə, qəfildən xanım millət vəkili özünü saxlaya bilmədi. Ağladı. Sakitcə. Amma bu sakitliyin içindəki haray qulağımı batırırdı, o yanğının gözə görünməyən alovu əlimi-üzümü qarsırdı. Yalnız ana üçün belə ağlamaq olar…

Çox pis olmuşdum. Pərt idim. Əgər mən zərrə qədər də olsa onun simasında, səsində bir kövrəklik hiss etsəydim… hər halda mövzuya daha həssas yanaşmağa çalışardım. Bir xeyli susduq…

– Hər iki insanın eyni vaxta evdən getməsinə öyrəşmək, əlbəttə ki, çətindir. Amma gündəlik qayğılar, hadisələr səni elə məcraya yönəldir ki, sözün əsl mənasında başın qarışır. Mənim üçün ana və övlad münasibətləri ifadə olunmazdı. Həmişə uşaq evlərinə getmək arzusunda olmuşam. Amma gedə bilməmişəm. Etiraf edirəm ki, buna iradəm çatmır. İndi olduğu kimi o uşaqların, o müəllimlərin qarşısında göz yaşlarımı saxlaya bilməyəcəyimə əminəm. Uzaqdan maraqlanıram, bacardığım köməkliyi edirəm, amma onlara yaxınlaşa bilmirəm. Uşaqların nəvazişə həsrət üzlərini, əllərini görmək mənə çox pis təsir edir. Yeniyetmə ikən,  rəfiqələrimlə söhbət edəndə, demişdim ki, Allaha dua edirəm, ya mənim canımı övladım olana qədər alsın. Ya da mənə dərd, xəstəlik göndərəcəksə, onu elə vaxt göndərsin ki, o zaman övladımın mənə heç bir ehtiyacı olmasın. Yaxınlarda anamı itirəndə sinif yoldaşlarım bunları mənə xatırlatdı. Dedilər, sən ananı özün ayaq üstə möhkəm dayandığın zamanda itirdin. Amma həm də ağrılı keçirdirsən. Deyir, valideynin yaşı olmur. Mən deyərdim ki, ananın heç yaşı olmur. Elə bilirəm ki, hətta bundan bir neçə il sonra da anam dünyadan köçmüş olsaydı, yenə də, “nəyisə edə bilmədim”, “nəyisə çatdırmağı bacarmadım” kimi düşüncələr məni rahat buraxmayacaqdı. Bəlkə də, bu qədər duyğulara qapılmamalıyıq, əlbəttə, bir gün gələn, bir gün gedir.

Bu yerdə, əlbəttə, siz də olsanız soruşardınız ki, axı daxilən olduqca azad Nurəngiz xanım, həyatını daha çox özü istədiyi kimi yaşayıb. Heç bir ehtiyacı və maddi sıxıntısı olmayan şair üçün edilməmiş nə ola bilərdi?

– Nurəngiz xanım natura etibarilə özünə xas insan idi. Ümumiyyətlə, hesab edirəm ki, şairlər doğrudan da göy adamıdırlar. Oxuyub alim də olmaq olar, həkim də olmaq olar, hüquqşünas da olmaq olar. Amma biz şairin bir misrasını yaza bilmiriksə, deməli, onlar hardasa fövqəl-təbii varlıqdırlar. Bunu elə özü də deyirdi – istedad üçün məktəb yoxdur. Bütün bu fərqliliyə rəğmən onu razı salmaq, onu hansısa hədiyyə ilə sevindirmək çox çətin idi. Hər il bayramlar qabağı, yaxud ad günü öncəsi qızımla başımızı sındırırdıq ki, anaya nə alaq? Qiyməti, mahiyyəti böyük və ya kiçik olmasından asılı olmayaraq, nə fikirləşirdiksə, hamısının qarşısına elə özümüz bir minus işarəsi qoyurduq. Çünki bilirdik ki, o hədiyyələrə nə deyəcək. Bu adam o qədər fövqəl, dünya malında gözü olmayan insan idi ki, ona gücüm çatdığı qədər ən dəyərli hədiyyə də bağışlasam, uzaqbaşı, alıb bir kənara qoyacaq və deyəcəkdi ki, lazım deyildi. Mənim xətrimə dəyməsin deyə, bəlkə bir müddət saxlayıb, sonra mənim gözümdən yayınanda kiməsə hədiyyə edəcəkdi. Bu təbiətdə olan adamı sevindirmək əlbəttə ki, çətin idi. Amma bilirdim ki, arzusunda olduğu şeylər var idi. Mənim onları etməyimə gücüm çatmazdı. Elə şeylər var ki, tale məsələsidir, alın yazısıdır. Mən onu dəyişə bilməzdim…

Jalə xanım yenə kövrəldi. Çalışacaqdım daha Nurəngiz xanım haqqında danışmayaq. Amma məni qınamayın, anası haqqında danışmağı özü istəyirdi. Mövzunu qəfil dəyişib söhbəti birbaşa siyasətdəki fəaliyyətinə yönləndirməyə çalışdım. O, bu ürəkdə, bu duyğusallıq və kövrəklikdə çox az həmkarına rast gəlmişdim. Bəs, mənim bildiyim və gördüyüm qədəri ilə mülayim bu qadın Milli Məclisdə necə otura bilir? Sualıma etirazını bildirdi. Dedi, siz niyə axı hesab edirsiniz ki, siyasətdə olan insanların hamısı qəlbsizdir. Mən də çox xırdalığa getməyərək, xatırlatdım ki, hər halda bu fəaliyyətin adı üstündədir-siyasət. Burda mən bildiyim qədəri ilə xeyli fərqli olmaq lazımdı. Jalə xanım etirazında israrlı idi:

– Atalar deyib, ən böyük biclik, düzlükdür. İnsanları qeyri-səmimiliklə, bəlkə də bir müddət aldatmaq olar. Amma heç kim ağılsız deyil. Mən həyatımı istəsəm də, başqa cür yaşaya bilmərəm. Düşünmürəm ki, olduğu kimi görünən siyasətçi, millət vəkili tək mənəm. Siyasətlə məşğul olmaq heç də maska taxıb üzünü insanlardan gizlətmək demək deyil. Mənə elə gəlir ki, dəyişməmək uğurun ən böyük səbəbidir.

Olduqca sadə, olduqca istiqanlı olan Jalə xanım yəqin ki, təkcə xarici görünüşünə görə anasına bənzəməmişdi. Nurəngiz xanımla olduğu kimi, onunla da ünsiyyətə o qədər rahat girmək olurdu ki, sanki uzun illərin tanışısan. Boyasız dırnaqları və saçları anasının təbiətindən gələn bir azadlıqdan xəbər verirdi. Külək vurduqca daha çox gözə çarpan bəyaz saçlar isə deyirdi ki, Jalə xanım da anası kimi gözəl qocalacaq:

– Saçlarımı boyamağa özümü hazır hiss eləmirəm. Mən mövhumatçı deyiləm. Romantikliyim olsa da, həyata real gözlə baxıram. Müsbət və mənfi emosiyalar, yaxşı və pis günlər mütləq bir-birini izləyir. Boyana, bəzənə bilmirəm. Özümə vaxt ayırmağa imkan tapanda yəqin ki, saçıma da əl gəzdirəcəyəm.

Hardasa oxumuşdum ki, Nurəngiz xanımın ailəsi çox ağır tale yaşayıb. Bunu, onun şeirlərindəki beşik yırğalanmasını xatırladan ritmik ruhu ilə tanışlığımdan xeyli sonra bilmişdim:

– Ana tərəfim əslən Ərdəbildəndir. 37-ci ildə bütün ailə repressiyanın qurbanı olub. Anamın  bir şeirində deyildiyi kimi, – mən özüm bir köklü yetim- həqiqətən də bütöv bir ailə köklü yetim taleyini yaşayıb. Anamın babası tanınmış loğman idi. Nəriman Nərimanovun yaxın silahdaşı olub. Ötən əsrin əvvəllərində yayılmış taun xəstəliyini təmənnasiz müalicə etmişdi. Hüseyn Cavidlə dostluğu və pantürkist olması onu repressiya dalğasından xilas edə bilmədi.  Babası, nənəsi, üç dayısı, iki xalası İrana sürgün olunub. Bircə Nurəngiz xanımın anası, mənim nənəm burda qalıb. Çünki o vaxt mənim babama nişanlı imiş. Onları İrana sürgün edəndə deyiblər ki, müvəqqəti gedirsiniz, bir müddət sonra qayıdacaqsınız. Təəssüf ki, bununla da sərhəd birdəfəlik bağlanıb. Nənəm bir daha valideynlərinin, qardaş və bacılarının üzünü görməyib. Və nənəmin ömür boyu daşıdığı bu nisgil anama da keçmişdi. Anam deyirdi ki, nənəm çox sakit təbiətli qadın idi. Bir də görürdün arxa otaqdan həzin səslə, “Gəlmişəm otağına oyadam səni, qaragilə” deyə zümzümə edirdi və gözləri dolurdu. Ata tərəfim bəy nəslinə aid olduğuna görə, sürgün həyatı onların da nəsibi olub. Ancaq bunlar bir qədər daha taleli çıxıblar. Ölkədən getməyiblər. O vaxtlar ulu babam Mir Cəfər Bağırovla yaxın dost imiş. Babama zəng edib ki, gücünüz nəyə çatır götürün və gecəylə o rayondan çıxın. Çünki bu gecə sən həbs olunacaqsan. Canlarını qurtarsalar da, repressiya həm mənəvi, həm də maddi baxımdan həyatlarından izsiz ötüşməyib. Amma dəyirmanları, mülkləri, ilxıları olan bu adamın mülkündən heç bir nişanə qalmayıb. Ora gedəndə də qohum evində qalıram.

– Bu necə böyük bir romanın mövzusudur. Həyatda necə faciələr, necə ağır talelər var:

– Nurəngiz xanım bu hadisələri yazırdı. Amma təəssüf ki, tamamlaya bilmədi onu. Mən bayaq onunla bağlı təəssüfləndiyim məqamlardan danışdım. Onlardan biri də o idi ki, onun əlindən çox yazıları ala bilmədim. Əlimə düşənləri çap edirdik. Özü də dilə olduqca həssas yanaşırdı. Allah eləməyəydi, onun yazılarının bir yerində çap səhvi olaydı, nöqtənin yerinə vergül gedəydi. Onda az qala fəlakət baş verirdi. Bu yaxınlarda Tənzilə Rüstəmxanlı danışırdı ki, biz əziyyətlə “Yol gedirəm” kitabını çap elətdirdik. O isə gəlib mətbəədə çap qüsurları ilə bağlı qızlara acıqlanıb ki, siz hansı savadın yiyəsisiniz, bu cür səhvlər edirsiniz, axı sizin nə ixtiyarınız var? Mən şeirdə “köpülü” yazmışam, siz “körpülü” başa düşürsünüz. Bir gedin lüğətdə axtarın, görün bu söz nə deməkdi. Yazılarına olduqca həssas yanaşırdı və indi də təəssüflənirəm ki, niyə onun yazılarını vaxtında alıb çap edə bilmədim. Arxivindən bəzi mətnləri çapa vermək üçün götürmüşəm, amma hələ tam araşdırmamışam. O yazılarına qarşı həm də səliqəsiz, biganə idi. Bu yaxınlarda onun haqqında yazılan şeirlərdə deyilir ki, Nurəngiz xanım, gülü sevdi, çiçəyi sevdi, böcəyi sevdi, amma özünü sevə bilmədi. Bu də mənim üçün bir nisgildi. Kim olsaydı şeirini, əsərini yazan kimi çapa verərdi, dost tanışa göndərib haqqında yazılmasını istəyərdi. Bu isə yazıb yığırdı ki, bunları redaktə edib, sonra çapa verəcəyəm. Bilirəm ki, o əsərin adı “Böyük köç idi”. O hadisələrlə bağlı yazdığı ayrı-ayrı şeirlər də var idi.

O gedən saraydır…
Yeriyir, yıxılır, itib-batır dumanda,
Qalxır, yenə ağarır, yeriyir, dərd
verir…
O gedən haraydır!..
Yaxılır, dağılır, itir-batır dumanda,
oyanır, çağırır çən içi!.. Dərd
verir…
O gedən
gedənlərimdir mənim!
Mehrabım, dərgahım,
şəhrü-yarım, həmşərim,
həmşəhərli didələrim,
dədələrimdir
mənim.
Gedənlər
könül abidələrim!-
səcdəgahım, can evim, tayfam-
tuyfam,
qollarım,
bədənim, əlllərimdir mənim!..
Ah, eyvah!..
Çağırıb, çağırıb… gediblər.

Bu insanlar doğrudan da kədərli tale yaşayıblar. İrana sürgün ediləndən sonra anamın bir dayısı İran şahının müşaviri vəzifəsinə qədər yüksəlmişdi. Bir dayısı İranda çox məşhur rəssam olub. Bir dəfə bizə zəng elədilər ki, tez televizoru yandırın. Deməli, bir jurnalist xanım İrana gedərək, orda yaşayan azərbaycanlılarla bağlı veriliş hazırlamışdı.  Danışıblar ki, burda çox məşhur rəssam var idi – Ağakərim Hacızadə, Azərbaycandan sürgün olunub. Sonra onun qəbrini göstəriblər və deyiblər ki, onun bacısının qızı da Azərbaycanda şairədir. Uzun illər sərhədlərin açılmasını hər iki tərəf gözləyirdi. Anamın ən çox istədiyi dayısı Ağakərim idi, çünki mənən çox yaxın idilər. Dayısının biri artıq rəhmətə getmişdi, digəri ticarətlə məşğul idi. Amma bu dayı ilə bacı qızının bir-birinə necə bağlı olduğunu, göndərilən məktublarda, şəkillərdə, hədiyyələrdə özünü göstərirdi və mən bunun şahidi olmuşam. Təsəvvür edin, o dayı, sərhədlər açılan gündən, insanların bir-birini tapıb “ehey, mən burdayam” dediyi gündən bir neçə gün öncə rəhmətə getdi. Bu da anama daha bir zərbə oldu.  Sonra biz biləndə ki, o vəfat edəndə Təbrizdə üç gün, üç gecə şeypurlar çalınıb, yas saxlanılıb, kədərlənməklə yanaşı içimizdən bir qürur hiss də keçirdi.  Həmin o yarımçıq romanı tapa bilsəm, çox güman ki davamını özüm yazacağam.

Jalə xanıma dərs dediyi universitetdəki tələbələri zəng eləmişdilər. Gecikmiş bayram tortunu yemək üçün icazə alırdılar. Telefon danışığından hiss olunurdu ki, Jalə xanım tələbələrini çox istəyir.

– Universitetdə, tələbələrlə işləmək çox maraqlıdı. Amma bilirsiniz, qəribədir ki, tələbələrin bir çoxu heç nə ilə maraqlanmır. Soruşuram ki, nə işlə məşğulsunuz? Deyir, günortaya qədər yatıram, sonra dərsə gəlirəm. Axşam məhlədə uşaqlarla söhbət eləyirəm, axşam da “whats up”da yazışıb yuxuya gedirəm. Nə vaxta qədər? Bu yaxınlarda həmin tələbələrdən soruşuram ki, bu fakultəyə necə qəbul olmusunuz? Məlum olur ki, bunlar II ixtisas qrupuna sənəd vermiş uşaqlardı, ən böyük arzuları iqtisadçı olmaqdı. İstədikləri fakultəyə balları çatmayıb, gəlib düşüblər filologiyaya. Ona görə çoxlarına mənim ədəbiyyatdan danışmağım maraqsızdır. Düzdür test üsulunun bir çox üstünlükləri var. Amma ortaya xeyli  problemlər də çıxarır.

Jalə xanımın ovqatı düzəlmişdi və mən buna çox sevinirdim.

– Biz uzun müddət bulvarın yaxınlığında yaşamışıq. Hər gün deyirdik, bulvara düşək, gəlib çıxa bilmirdik. İndi köçmüşük burdan, bulvarın həsrətini çəkirik. Tez-tez maşınla gəlib düşürük, bir az gəzişib qayıdırıq.

Jalə xanım gülürdü və bu gülüş ona çox yaraşırdı. Zarafata salıb millət vəkili Elmira xanım Axundovanın  Milli Məclisə akkreditə olunan jurnalistlərin məclislərdə sona qədər oturmamaqları ilə bağlı iradına fikrini bildirdi. Dedi, fikir vermisinizsə, həmin jurnalistlər elə tədbirlərdə də sona qədər oturmurlar. İlk on-on beş dəqiqədə kimin bəxti gətirib çıxış elədisə, mətbuata da o çıxır. Yazanda da “və digərləri də filan fikirləri dedi” cümləsi ilə özlərini vəziyyətdən çıxardırlar.

Jalə xanım bizi bulvarda qoymayıb maşınına dəvət elədi. Biləndə ki, anasını ziyarət etməyə gedəcək, yolumuzun üstündəki Yasamal məzarlığında uyuyan Nurəngiz xanımın görüşünə biz də getdik…

Axşam idi. Hava, elə bil, əynini soyunub, paltarını yanan çırağının üstünə atdığın otaq kimi qəfil qaralmışdı. Amma uzaqdan işıqlar gözə dəyirdi, elə paltar altında son işartısı gözə dəyən çırağın alovu kimi. Bu, uzaqdan gələn maşınların işığı da ola bilərdi, küçə dirəklərinin də, hərdənbir gözə dəyən ulduzların da. Hamısı da yanırdı, isti idilər, yəqin ki. Şəhadət barmağımı uzaqdan görünən işığa sarı uzadıb pəncərəyə toxundum.  Soyuq idi, buz kimi – keçmiş kimi – olub bitmiş sevinc kimi, kədər kimi. Tərli pəncərənin uzaqda görünən işıq tərəfinə toxunan barmağımın yerindən damcı üzüaşağı qaçıb cığır açdı. Avtobusla evə gedirdim və Jalə xanımın səssiz, amma alovu məni qarsan yanğı ilə ağlamağı gözlərimin qabağından getmirdi.

Feyziyyə