Dostunu göstər, sənin kim olduğunu deyim

0
53
dostCəngəllikdə yaşayan bəzi Afrika qəbilələrində meymunu tutmaq üçün qəribə üsuldan istifadə edirlər: Meymunların keçdikləri yollara içinə fındıq doldurulmuş boğazı dar küplər qoyurdular.
 Meymun küpü görən kimi o tərəf-bu tərəfinə keçir və əlini küpün içinə soxur. Əli toxunan kimi meymun küpdə fındıq olduğunu qanır və ovcunu doldurub çıxarmaq istəyir. Boş əlin zorla girdiyi boğazdan fındıq dolu ovuc necə çıxacaq axı? Meymun nə fındığı buraxa bilir, nə də qolunu küpdən azad etməyi bacarır; bir tullanır, iki tullanır, küp qarışıq yerdə yumalanır və bir də görür ki, ovçuların torunun altındadır. Bəzən elə olur ki, meymun ovçuları iki-üç ovuc fındıqla ona yaxın meymun tuturlar. Meymun çox şeylər anlayır və hətta Darvinin dediyinə görə, otaqdakı qutuları üst-üstə qoyub tavandan asılmış bananı da qopara bilir. Amma canını küpdən qurtarmaq üçün ovcundakı fındıqdan vaz keçmək meymunun olmayan ağlına da gəlmir. Niyə? – Çünki nəfsi imkan vermir.

***

Hərəmizin əli bir fındıq küpünə qandallanıb. Hərəmiz bir fındıq küpünə sarılıb qalmışıq. Ağlımız kəssə də, gözümüz görsə də, arxamızca gələn ovçunun hənirini hiss eləsək də, ovcumuzu boşaldıb canımızı qurtara bilmirik. Nəfsimiz qoymur, dünya sevdası qoymur, faniyə bağladığımız duyğular qoymur.

Deyirlər ki, canavar tələyə düşəndə dişi ilə öz ayağını kəsib canını qurtarır. Ayağından olur, amma əvəzində canını qurtarır. Amma meymun kimi bir ovuc fındığın tələsinə düşənə canım deyib ağlamağım gəlir hərdən. O qədər o fındıq tələsınə düşüb sürüm-sürüm sürünmüşük. Görünür, canavarda öyrənməli olduğumuz şeylər var.

İslam ədəbiyyatında “masiva” deyilən bir söz var və bu söz Allahdan başqa hər şey mənasına gəlir. Yəni fani olan hər şey, yəni bütün ötərilərin, itərilərin məcmusu. Əlbəttə, masivaya bəslənən və masivadan o tərəfi görməyən sevgi kor sevgidir və onu qəlbində gəzdirəni əzər, yeyər, bitirər və son hesabda əliboş qoyar.

***

Əlimizdə, ovcumuzda nə varsa hər birisinin öz təyinatı var. Heç nə boş yerə yaradılmayıb. Əllərinin qarşına qoyub buğum-buğum barmaqlarına baxdıqda nələr keçir adamın ağlından. Nə qədər də mükəmməldir, hər işə yarayır, qələm də tutmaq olur, yerdən daş götürüb qonşuya atmaq da. Yəni hər şeyin yaxşıdan pisə qədər bir çox sahələrdə işə yaramaq imkanı olsa da hər halda təyinat yaxşıyadır. Demək, əl qonşuya daş atmaq üçün deyil, hərdən bunu eləsək də. İnsana verilən sevgi hissi Yaradanı tanıyıb sevmək üçündür. Təbii ki, ətrafımızdakı gözəllikləri sevmək bizim fitrətimizdən gəlir. Biz insan olaraq belə yaradılmışıq, hər şeyin gözəlinə, göyçəyinə, mükəmməlinə sahib olmaq istəyirik. Amma bəzən Leyli üçün yola çıxıb Mövlaya qovuşmaq da var. Əslində Leyli üçün çıxdığın yol səni Mövlaya aparmırsa, nə o yol bir yoldur, nə o duyğu bir sevgidir. Məcnun Leyli üçün səhraya düşdü, amma heyvanlar arasında aylı gecələr keçirəndən sonra bu sevginin onun ruhunu sıxdığını hiss etdi və anladı ki, hər bir fani kimi Leyliyə də tuşlanmış duyğu elə onun özü kimi fanidir. İnsan ruhu ancaq Əzəli və Əbədi olanı sevməklə ölümsüzlük qazana bilir. Yəni Əbədi olana tuşlanmış sevgi o duyğu yükünü daşıyanı da əbədiləşdirir. İnsan fitrəti elə yaradılıb ki, bu dünyada onu bürüyən hər gözəllik, hər şirinlik sabah mütləq onu təmin etməyəcək. İnsan ruhunun qane olduğu mükafat Cənnətdir. O ünvana insanın əbədi səadəti deyilməsi də yəqin ki, elə bununla bağlıdır.

***

El arasında bir söz var: Dostunu göstər, sənin kim olduğunu deyim. Hərdən qəlbinə boylanıb orda kimin yerləşdiyini görüb, öz qiymətimizi də müəyyən edə bilərik. AXİRƏTDƏ HƏR KƏS SEVDİKLƏRİ İLƏ BİRLİKDƏ OLACAQ. Nə qədər də xoş müjdə və ümidverici həqiqət. İndi kimi sevməyi hər kəs özü seçsin. Axirətdə kimlə birlikdə olmağa hər kəs özü qərar versin. Onu da unutmayaq ki, EYNİ VAXTDA BİR QƏLBDƏ İKİ SEVGİ OLA BİLMƏZ.

Hər şeyin öz təyinatı var. Əlin də, dilin də, gözün də, ayağın da, qolundakı gücün, başındakı ağlında… Hamısı da əmanətdir, ya ölmədən, ya da öləndən sonra hamısı əlimizdən alınacaq, əmrimizdən çıxacaq. Təyinatı üzrə işlətmədiyimiz bu əmanətlər bizdən şikayətçi olacaq bir gün. Hər şeyin təyinatı üstünə yazılıb, elə sevginin də. Sevginin qaynağı Allahdır, bu duyğu bizə Allahın əmanətidir. Sevgini doğru ünvana ünvanlayanlar biri min edir, ötəri ləzzəti əbədi sevincə dəyişirlər. Yollar Leyliyə yönəlib, amma Leylanın ötəsində Mövla da var, bilirsənmi?