71 il öncə Zərdaba göndərilən müjdəli məktub

0
Zərdab rayonu

Zərdab rayonuBöyük Vətən müharibəsində alman faşizmi üzərində qələbənin qazanılmasında həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Məlik Məhərrəmovun da böyük xidmətləri olmuşdur.
Məlik Məhərrəmov 1920-ci il avqustun 29-da rayonumuzun Bıçaqçı kəndində anadan olub. Lap balaca ikən ata-anasını itirən Məlik qardaşının himayəsində böyüyür. 7-ci sinfi bitirir və Bakı Xalq təsərrüfatı texnikumuna daxil olur. 1939-cu ildə texnikumu bitirir və hərbi xidmətə çağırılır.
O, Böyük Vətən müharibəsinin ilk günlərindən döyüşən ordunun tərkibində alman faşistlərinə qarşı vuruşaraq, komandanlığın rəğbətini qazanır. 1942-ci ildə Rusiyanın Vladimir şəhərindəki hərbi məktəbə göndərilir, məktəbi bitirir, Belorusiya və Ukraynanın faşist işğalından azad edilməsi uğrunda döyüşlərdə xüsusilə fərqlənir. Onun komandirlik etdiyi bölük 1943-cü ilin payızında Dneprin keçilməsində misilsiz qəhrəmanlıq göstərir. Bu şücaətə görə igid həmyerlimizə və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilir. Bu münasibətlə diviziya komandirinin siyasi işlər üzrə müavini, polkovnik Juravlyovun Zərdab rayonuna göndərdiyi məktubda deyilir:
“Əziz yoldaşlar!
Şad bir xəbəri sizinlə bölüşməyə tələsirik. SSRİ Ali Soveti Rəyasət Heyətinin 15 yanvar 1944-cü il tarixli Fərmanı ilə qardaşımız Məhərrəmov Məlik Məlik oğluna Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.
Bu yüksək mükafata qvardiya leytenantı Məhərrəmov Dnepr çayını keçərkən böyük qəhrəmanlıq və mərdlik göstərdiyinə görə layiq görülmüşdür. Bölük komandiri Məhərrəmov Dneprin sağ sahilinə birinci çıxmış və döyüş yoldaşları ilə birgə hitlerçilərlə igidcəsinə vuruşub, doğma torpağımızı addım-addım azad etmişdir. Fəxr edirik ki, hissəmizdə qvardiya leytenantı Məlik Məhərrəmov kimi cəsur zabit xidmət edir. Məhərrəmov yoldaşa Sovet İttifaqı Qəhrəmanı adı verilməsi münasibətilə bütün qohum və həmyerlilərini ürəkdən təbrik edirik. Alovlu təşəkkürümüzü qəbul edin. Siz Məlik Məhərrəmov kimi mərd və cəsur döyüşçü tərbiyə etmisiniz”…
Bəli, əziz oxucular! 71 il keçməsinə baxmayaraq, bu müjdə məktubu bu gün də bizi qürurlandırır.

Xəyalə SƏFƏROVA, “Əkinçi” qəzetinin əməkdaşı

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 2 =