Zərdabın Əlvənd kəndində məskunlaşan laçınlı şairə cavab

5
Laçın rayonu

Laçın rayonuOnlar təkcə Zərdabın deyil, Laçının da fəxridirlər və yaxud Əlvənddə məskunlaşan laçınlı şair Tapdıq Qorçulunun “Laçınım yağının əlində qalmaz “ şeirinə cavabZərdabın Əlvənd kəndində məskunlaşan laçınlı şair -Tapdıq Qorçulu

Çağdaş poeziyamızda ən səmimi duyğuları ən orijinal tərzdə ifadə edən Nəriman Həsənzadə öz xanımına ünvanladığı bir şeirində yazır:

Sən fikir eləmə heç vaxt dünyada,

Mən getsəm, sən qalsan… ayağın altda

Onda da torpağam fikir eləmə,

Orda da dayağam fikir eləmə.

Doğrudan da yadımıza salsaq görərik ki, həyatımızın ən önəmli insanlarına adətən: – ayağın altında torpağın ollam!-deyirik. Bizə elə gəlir ki, hörmət, məhəbbət, qayğı və ehtiramımızı bu ifadə qədər güclü heç nə izah edə bilməz. Bu, elə əslində belədi də! Çünki torpaq insanın ilkin fərəhidir və əbədi rahatlıq yeridir. Onu əsla əldən vermək olmaz.

Bir anlığa dönüb yaxın keçmişimizə nəzər salaq: 1991-1994-cü illərdə Azərbaycanımızın başı üzərində erməni fitnəkarlarının məkrli siyasəti dolaşırdı. Təhlükənin dəhşətindən bütün Azərbaycan ayağa durmuşdu. Vətənin dar günü idi. Döyüş bölgəsindən onlarca kilometr uzaqda olan Zərdab və bu torpağın igidləri bu məqamda seyirçi qala bilməzdilər. Onların çoxu könüllülər idi. Eloğlularımız düşməndən intiqam almaq üçün ölümə belə hazır idilər. Bəlkə elə buna görə  I Qarabağ savaşında torpaqlarımızın azadlığı uğrunda döyüşə atılan Zərdab oğullarından 130-dan çox gənc şəhid, 104 nəfər əlil oldu.

Çox hörmətli, ürəyi Vətən yaralı Tapdıq Qorçulu! Bu qeydlərimi yenidən xatırlatmağıma səbəb Sizin “Əkinçi” qəzetinin 14 aprel tarixli sayında dərc olunmuş “Laçınım yağının əlində qalmaz” adlı şeir oldu. Şeirin son bəndində deyilir:

Tapdığam, qəlbimdə nə yay var, nə yaz,

Allah qapı açar, heç belə qalmaz,

Gümanım doğrular, düz çıxar avaz,

Laçınım yağının əlində qalmaz.

Laçının Ermənistanla Dağlıq Qarabağın erməni icmasını birləşdirən dəhliz olması ermənilərin nə gücünə olursa-olsun bu şəhəri ələ keçirmə niyyətini artırırdı . Ermənistan Laçın rayonundan keçən bu yola ancaq ermənilərin nəzarət etməsini istəyirdi. Buna görə də hər cür siyasi oyunlara girərək rus ordusunun köməyi və dəstəyi ilə 1992-ci ilin 18 mayında Azərbaycanın Laçın rayonunu işğal etdi. İşğal zamanı 225 nəfər əlil , 333 nəfər laçınlı isə həlak oldu.

Hörmətli şair, şeirinizin təsiri ilə Laçın uğrunda şəhid olmuş Zərdab igidlərini də yada salmağı vacib hesab etdim. İlk anda ağlıma gələn Sizin ailənizlə birgə məskunlaşdığınız Əlvənd kəndində həmin kənd məktəbinin məzunları, hər ikisi 19 yaşında şəhidlik zirvəsinə çatmış Bayramov Şaiq Tofiq oğlu və İsmayılov Davud İsmayıl oğlu oldu .

Allahqulubağı kəndində anadan olmuş Məmmədov Mətləb Səfəralı oğlu isə 1993-cü il yanvarın 6-da Laçın rayonunun Təzəkənd kəndi uğrunda canını fəda etdi. Mətləbin o vaxt 20 yaşı yenicə tamam olmuşdu.

Dəkkəoba kəndində dünyaya göz açan Şıxəliyev Elşad Əlişad oğlu haqqında xatirələrdə yazılır ki, həmin dövrlərdə Elşad elə bil hər şeydən küskün kimi gəzirdi. Şuşa, onun ardınca Laçın əldən getmişdi. O, 1993-cü ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə həyata həmişəlik əlvida dedi.

İsrəfilov Məhəmməd Şahvələd oğlu 1973-cü Zərdab rayonunun Təzəkənd kəndində anadan olmuşdu. 1992-ci ildə 711-ci hərbi hissədə üç ay təlim keçdikdən sonra Laçın rayonuna aparılmış və həmin rayonun ərazisində vuruşmuşdur. İgid Məhəmməd 1993-cü ilin 9 aprelində Laçın uğrunda şəhid oldu.

Əlvənd kənd orta məktəbinin daha bir məzunu – Qədirov Mehdi Ədil oğlu 1994-cü il yanvarın 26-da itgin düşdü. Altı aydan sonra Beyləqandan gətirilən 12 şəhid nəşi arasında əzizləri Mehdini əlamətlərinə görə tanıya bildilər .

Şirinov Sehran Şahmurad oğlu 1973-cü ildə Dəliquşçu kəndində anadan olub. 1993-cü ilin may ayından Azərbaycanın Milli Ordusunda xidmət etməyə başlayıb .

Sehranın döyüş yolu Laçın bölgəsindən də keçmişdir. 1994-cü il yanvarın 28-də Seyidimli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə çatdı.

Şəhid Xəlilov Mehman Ağabala oğlunun döyüş yolu Ağdərə və Laçından keçmişdir.

Həsənov Elman Baharəddin oğlu 1975-ci ildə Əlvənd kəndində dünyaya göz açıb. 1993-cü ildə hərbi xidmətə gedib və 1995-ci il iyunun 19-da şəhid olub .

Hörmətli Tapdıq Qorçulu! Siz öz gözəl şeirinizdə Laçını yad etməklə bizim bir daha Zərdab şəhidlərini xatırlamağımıza vəsilə oldunuz. Düşünürəm ki, haqqında bəhs etdiyim həmin şəhidlər təkcə Zərdabın deyil, Laçının da fəxridirlər. İndi bu şəhidlərin nigaran ruhları Cəbrayılın, Ağdamın, Zəngilanın, Füzulinin, Qubadlının, Kəlbəcərin, Laçının səmalarında dolaşırlar. Həmin ruhların rahatlığının yeganə nicatı isə bu torpaqlarımızın azadlığındadır.

O gün uzaqda deyil!

TƏRLAN ABDULLAYEVA,“ƏKİNÇİ”nin müxbiri.

5 ŞƏRH

  1. Salam , Tərlan xanım ! Bu gözəl yazının şərəfinə Abbas Səhhətdən iki misra demək istəyirəm :
    Saxlaram gözlərim üstə onu mən,
    Ölərəm əldən əgər getsə vətən.

  2. Çoxdan oxuduğum bir şeiri hələ də unuda bilmirəm . Laçın uğrunda şəhid olmuş zərdablı igidlərdən bəhs edən bu xoşuma
    gələn yazını oxuyarkən yenə həmin şeirdən iki misra yadıma düşdü:
    Özünü vətəndaş zənn edən bir kəs ,
    Vətənin dərdinə yad qala bilməz !
    Bizim Azərbaycan şəhidləri öz Vətənini öz canı qədər sevdiyi üçün Vətəninin müstəqilliyi uğrunda canlarını qurban verdilər.Buna görə də onların xatirəsi bizim üçün həmişə əzizdir .
    Allah bütün Vətən şəhidlərinə rəhmət eləsin !

  3. May ayı gələndə Şuşamız , Laçınımız yadımıza düşür.Yaralarımız qübar edir . Düşmən tapdağı altında qalan torpaqlarımızı xatırlayır və erməni qəsbkarlarına nifrətimiz artır .
    İnanırıq ki , işğal altında olan torpaqlarımız azad olacaq.

  4. Tərlan xanım , Tapdıq Qorçulu kimi bizim də ürəyimiz Vətən yaralıdır . İndi o gözəl yerlərimizdə erməni xainləri ” at oynadır ” . Amma mən inanıram ki , gün gələcək , bizim bu həsrətimizə son qoyulacaq .

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five × one =