Zərdabi Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə bağlı variantlar veribmiş

0
44

Həsən bəy Zərdabinin  Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə  bağlı verdiyi variantları, Mingəçevir su anbarı tikintisini, xeyriyyəçilik fəaliyyətini əks etdirən xəritə

H. B. Zərdabinin Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə bağlı verdiyi variantlar  

Müəllif: Eldəniz Həsənov

Azərbaycan tarixində ilk ali təhsilli müəllim, milli teatrımızın və milli mətbuatımızın banisi, müsəlman şərqində xeyriyyəçilik hərəkatının ilk yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas, seleksiyaçı alimi, ensiklopedik bilik sahibi, mütərəqqi dünya görüşünə malik ictimai-siyasi xadim Həsən bəy Zərdabi məlumdur ki, ilk əmək fəaliyyətinə Tiflisdə “Torpaq palatası”ndan başlamış, yerlərdə planalma, mərzçəkmə işlərini geodezik alət vasitəsi ilə aparmış, yerquruluşçusu, torpaq müfəttişi vəzifəsində, eyni zamanda mərzçəkmə komissiyasının tərkibində məhkəmə üzvü kimi fəaliyyət göstərmişdir.

Çoxşaxəli və çoxsahəli elmi bilik sahibi, qeyd olunan işlərin elmi, hüquqi, təcrübi icraçısı olmuş Həsən bəy bilavasitə bu xidmət orqanı tərəfindən icra olunması nəzərdə tutulan işlərə daima öz münasibətini bildirmişdir. Bununla bağlı bir neçə tarixi, real faktlara istinad etmək maraqlı olardı. H. B. Zərdabi “Əkinçi” qəzetinin 5 sentyabr 1875-ci il tarixli, 4-cü nömrəsində “daxiliyyə” xəbərlərində yazır: “Tiflisdən Badkubəyə dəmir yolu çəkilişi ilə bağlı Peterburq qəzetləri bəyan edirlər ki, onun tulu 520 verst  (=557 km E.Həsənov) olacaqdır. Onu Tiflisdən Poti şəhərinə dəmir yolu təmir edən icma təmir edəcək. Onun xərci  22 158 000 manat, yəni hər verstə 42 537 manat olacaqdır”.

Həsən bəy Zərdabi Azərbaycanın təbii-iqtisadi şəraitini, relyefini dərindən bilən mütəxəssis kimi bu məsələyə torpaqayırma qaydasında belə bir münasibət bildirmişdir: “onun stansiyalarının yeri Tiflisdə və Badkubədə məlum deyil, amma məlumdur ki, Badkubədən dərya kənarı ilə gedəcək Hacıqabula, Hacıqabuldan o yana hansı tərəfdən getməyi genə yəqinən (dəqiq E.Həsənov) məlum deyil”. Ya Kür çayının kənarı ilə, ya dağ ətəyi ilə gedəcək. Əgər Kür kənarı ilə getsə, Cavaddan yuxarı gedib Molla kəndindən, Zərdabdan keçib Pirəzəyə gedəcək, oradan Kürü keçib Cinlidən, Gorandan Gəncəyə gedəcək və əgər dağ ətəyi ilə getməli olsa, Hacıqabuldan gedəcək Paşalıya, Qaraqaşlıya, Qarabucaqa, Məlik kəndinə, Çiyniyə, Mixaya (Malay E.Həsənov), Qarautana, oradan Kürü keçib, Əgər İğliyyədən, Təkqayadan, Dəli Titlidən Gəncəyə gedəcək. Bu iki tərəflərdən ümid çoxdur ki, Kür kənarı ilə getsin. Gəncədə stansiya şəhərin şimal tərəfindən olacaq, oradan gedəcək Tovuza, Ağstafaya, Salahlıya, oradan genə Kürü keçib Dəmirçi Həsənlidən, Hacılıdan, Axtalıdan (Ağ Təhlə E.Həsənov) Tiflisə gedəcək.

Lakin, Həsən bəy öz yazısı ilə bu kortəbii surətdə verilən təkliflərə və indiki Tbilisi-Bakı dəmir yolunun çəkilişinə Çar Rusiyası mütəxəssislərinin səriştəsizliyinə qarşı çıxaraq, dəmir yolunun layihəsinin verilmədiyini, hansı istiqamətdə gedəcəyi, stansiyaların yerinin, ara məsafələrin bilinmədiyini göstərir.

Həsən bəy Zərdabi hələ 1875-ci ildə Bakı-Tiflis dəmir yolunun çəkilişinin iqtisadi-siyasi əhəmiyyətini bildirməklə qeyd etmişdir ki, dəmir yolunun çəkilişi ilə tikili altında qalacaq bəyzadələrə məxsus olan torpaq sahələrinin onların əlindən alınması zərurəti dövlət tərəfindən bu çar məmurlarına bəslənilən mərhəmətdən onları məhrum edəcəkdir.

Nəzərə alsaq ki, Həsən bəy Zərdabi tərəfindən Bakı-Tiflis dəmir yolu xəttinin çəkilişi ilə əlaqədar onun ilkin variantının verilməsi (layihə reallaşanadək) o dövrdə yalnız onun özünə məxsus mütəxəssislik səriştəsi ilə bir yerquruluşu mütəxəssisi kimi, torpaqayırma qaydasında vermişdir. Göründüyü kimi, Zərdabinin verdiyi ikinci variantda olduğu kimi (az bir yerlər istisna olmaqla) Tiflisdən Bakıya çəkilən dəmir yolu adını qeyd etdiyi  kənd, qəsəbə və şəhərlərdən keçir. Həsən bəy Zərdabinin Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə bağlı verdiyi sözü gedən hər iki variant (ideya) tərəfimizdən xəritələşdirilmişdir (həmin xəritəyə diqqət yetirmək maraqlı olardı).


Beləliklə, H.B.Zərdabinin hələ 1875-ci ildə Bakı-Tiflis dəmir yolunun çəkilişi ilə bağlı verdiyi hər iki variantın Çar Rusiyası tərəfindən çəkilən (1883-cü il) indiki Bakı-Tbilisi dəmir yolundan iqtisadi baxımdan daha səmərəli olduğunun şahidi olursan.

Həsən bəyin qeyd etdiyi hər iki variantda dəmir yolunun  yaşayış məntəqələrindən keçməsinin zəruriliyini qeyd etməsi təsadüfü deyildi. Bu xəritəyə diqqət yetirdikdə görürük ki, o dövrdə Çar Rusiyası çəkmiş olduğu Tiflis-Bakı dəmir yolu xəttini, xüsusilə Aran zonasından keçən hissəsində yaşayış məntəqələri ilə əlaqələndirməmiş, birbaşa boş, düzən və ya qışlaq sahələrini əhatə edən ərazilərdən keçirmişdir.

Dəmir yolunun çəkilişindən sonra əhali, öz mədəni, iqtisadi, ticarət əlaqələrini yaxşılaşdırmaq  və möhkəmlətmək məqsədilə tədricən həmin dəmir yolu xətti boyunca məskunlaşmağa, yaşayış məntəqələri salmağa məcbur olmuşlar.

Zərdabinin verdiyi variantlarda isə o, öz ölkəsinin infrastrukturunu, onun o zamankı və gələcək iqtisadi həyatında dəmir yolu xəttinin xüsusi əhəmiyyət kəsb etməsi zəruriliyini, onun coğrafi yerləşmə şəraitini bilən əsl vətənpərvər, millət fədaisi, səriştəli yerquruluşu mütəxəssisi kimi məsələyə çox böyük uzaqgörənliklə münasibətini bildirmişdir.

Həsən bəyin 2-ci variantda göstərmiş olduğu dəmir yolunun dağətəyi zonadan keçməli olacağı variantı nəzərdən keçirdikdə görürük ki, onun  hələ 130 il bundan öncə vermiş olduğu ideya Azərbaycanda 1980-cı illərdə həyata keçirilərək Bakı-Tbilisi dəmir yolundan Şimal istiqamətinə, yəni Şamaxı rayonunun Göylər Çöl kəndinədək xətt çəkilmişdir. Bu variantda da demək olar ki, Zərdabinin ideyası sonralar həyatda öz əksini tapmışdır.

Qeyd edək ki, sözü gedən bu xəritə materialı ilə yanaşı, H.B.Zərdabiyə məxsus olmuş torpaq sahələrinin yerini və ölçüsünü özündə əks etdirən, tərəfimizdən tərtib olunmuş digər belə bir xəritə materialı da çox yerlərdə yayımlanmaqla yanaşı, dahi mütəfəkkirin doğma yurd yerində fəaliyyət göstərən, Zərdab şəhərindəki ev muzeyinə də təqdim olunmuşdur.

 

 

 

 

 

                                Həsən bəy Zərdabinin Zərdab şəhərindəki ev muzeyi

H.B. Zərdabinin Mingəçevir su anbarının tikintisi ilə bağlı verdiyi ideya

H.B.Zərdabi “Kaspi” qəzetində hələ 1899-cu ildə yazdığı məqalədə gələcəyin “Mingəçevir” su hövzəsinin ideyasını vermişdir. O, yazırdı: “Bu cür suvarma kanallarının başlanğıcı keçmiş Mingəçevir poçt stansiyasına yaxın dağlar ola bilər. O, zərurət tələb etdiyi qədər sahildən çəkilib düzənliklərə, çölə və beləliklə, məcraya qədər çata bilər. Əlbəttə, müxtəlif topoqrafik xüsusiyyətlər kanalların həm başlanğıcını, həm də istiqamətini dəyişdirə bilər, ola bilsin ki, kanal əvəzinə bir neçəsi tələb edildi, bunlardan hər birinin özünün xüsusi başlanğıcı, xüsusi rayonu olsun. Bir sözlə, Kür çayı sahili boyu, Bakı, Yelizavetpol quberniyalarında uzunluğu 500 verst olan ümumi suvarma sistemi meydana çıxa bilər” ( “Kaspi” qəzeti 1899 №114).

Zərdabi öz xəyalında yaşatdığı həmin suvarma kanallarının ölkənin təbiətini dəyişdirəcək rolunu və bunun nəticələrini çox gözəl təsvir edir: “… bu cür kanalların çəkilməsi dərhal Kür vadisinin fizionomiyasını dəyişdirər, indi zəhərli ilanlar məskən salmış olan və ceyranların sürətli ayaqları ilə qaçışdığı, ancaq köçərilərin qazmaları ətrafında özlərinə kölgəlik tapdığı, yayda dağlara uzaqlaşdığı yerlərdə tarlalar yaşıllaşmağa, bağlar çiçəklənməyə, indiki köçəri həyat keçirilən yerlərdə əmək həyatı qaynamağa başlar, böyük yollar üzərində dayanıb zəhmətkeş xalqı talan edən quldur dəstələrindən bir əsər qalmaz” (“Kaspi” qəzeti 1899, №114).

Zərdabi elə bil ki, keçmiş Sovet hakimiyyəti illərində yaradılmış Mingəçevir “dənizi”ni ondan çəkilən kanalları, bu kanalların suvardığı tarlaları əvvəlcədən görə bilmişdi. Onun nəcib arzuları ancaq yarım əsrdən sonra çiçəklənməyə başladı. Bununla əlaqədar Həsən bəy Zərdabinin Mingəçevir hövzəsinin ideyasına dair 1899-cu ildə yazdığı məqaləsində şərh etdiyi həmin obyektin yerini, ölçüsünü, ondan çəkilən suvarma kanallarının istiqamətini, məsafəsini əks etdirən xəritəyə diqqət yetirmək maraqlı olardı.

Həsən bəy Zərdabinin yazılarına ideyalarına, tövsiyələrinə nəzər saldıqda onun yerin quruluşunu, relyefini, təbii-iqtisadi şəraitini və sair faktorları yerquruluşu mütəxəssisi kimi xarakterizə edərək işə layihə tərtibatı verdiyinin şahidi olursan. Hansı ki, bu gün belə bir layihənin verilməsində müxtəlif peşə mütəxəssisləri kompleks şəkildə işə cəlb olunurlar. Bəli, dərin zəka sahibi olan Həsən bəyin yerquruluşu sahəsində geodeziyanın, topoqrafiyanın tətbiqi işini gözəl bilməsi onun kimliyini bizə bir daha bəlli edir.

Heç təsadüfi deyildir ki XX əsrin II yarısında Mingəçevir tikintisi, Kür-Araz ovalığının yararlı hala salınması və sair bu kimi möhtəşəm tikintilər haqqında ideyalar birinci növbədə geodeziyanın tətbiqi ilə icra olunan yerquruluşu işlərinin sayəsində həyata keçirilmişdir.

H.B.Zərdabinin xeyriyyəçilik hərəkatını əks etdirən xəritə

Həsən bəy Zərdabi 18 noyabr 1869-cu il tarixindən etibarən Bakı real gimnaziyasında təbiət tarixi fənnindən tədrisə başlayır burada müəllimlik fəaliyyətini davam etdirməklə yanaşı dərsdən sonra əhali içərisində olur, çayxanalara, emalatxanalara, bir çox yerlərə baş  çəkir, savadlanmağın vacibliyini, onun əhəmiyyətini kütlələrə başa salmağa cəhd edir. Müxtəlif vasitələrlə yoxsulların balalarının təhsilə cəlb olunmasına çalışır.

Zərdabi məktəbdə təhsil alan kasıb tələbələrə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə “xeyriyyə cəmiyyəti” yaratmaq ideyasını irəli sürür, cəmiyyətin nizamnaməsinin təsdiqinə nail olur. Beləliklə də o, 1872-ci ildən etibarən Cəmiyyəti Xeyriyyənin əsasını qoymuşdur. Qaytanlanmış qeydiyyat dəftərçəsi düzəldərək Bakının sayılıb-seçilən adamları ilə görüşür. Lakin onlardan etinasızlıq görür və o, bu münasibəti “Cəmiyyəti-xeyriyyə binası” adlı məqaləsində belə ifadə edir: “ Mən dəftərləri qoltuğuma vurub mənzilimə gedəndən sonra bizim bədbəxt müsəlmanların fikrindən bir neçə gün çörək yeyə bilmədim və gecələr yuxu mənə haram oldu… Bəs deyilmi, biz haçan ayılacayıq”.

Buna baxmayaraq Həsən bəy xeyriyyəçilik fəaliyyətini davam etdirməli olur, məktəblilərin tətil mövsümü ərəfəsində üzünü Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Qarabağ, Dərbənd, Quba və s. şəhərlərə tutur (Zərdabinin xeyriyyəçilik fəaliyyəti tərəfimizdən tərtib edilən yuxarıda göstərilən xəritədə öz əksini tapmışdır). Orada məsələnin mahiyyətini millətinin imkanlı, savadlı olan nümayəndələrinə izah edir. Bu işə öz müsbət fikrini bildirənlərə, zəmanət duranlara qeydiyyat dəftərçəsinə imza etdirib Bakıya qayıdır. Aradan xeyli vaxt keçir. Nə pul göndərən olur, nədə ki, yetim, kimsəsiz uşaq göndərən. O, yenə yerlərə məktublarla müraciət etməli olur. Onun çoxsaylı müraciətlərindən sonra Dərbənddən və Şamaxıdan iki yetim uşaq və bir qədər də pul göndərilir ki, Zərdabi onların təhsil almalarını təmin etsin.

Bir az keçdikdən sonra yetim, kimsəsiz uşaqların təhsilinin davam etdirilməsində çətinliklər yaranır. Onların mənzil məsələsi, ərzaq təminatı ilə bağlı xeyriyyə  cəmiyyəti üzvləri tərəfindən cəmiyyətin hesabına bir qəpik də olsun pul göndərilmir. Bu Həsən bəyin özünün maddi vəziyyətinin ağır olduğu, öz hesabına şəxsi mənzilində 10 kimsəsiz, yetim uşağın təhsili ilə məşğul olduğu bir vaxta təsadüf edir. Qeyd edək ki, o zaman Həsən bəy Hənifə xanım Abayeva (Məlikova) ilə ailə həyatı qurduqdan sonra, 1873-cü ildə onların Bakı şəhərində Pəri adlı ilk övladları da dünyaya göz açmışdı. Öz övladı qədər sevdiyi, təlim-tərbiyəsi və təhsili ilə məşğul olduğu millətin kimsəsiz, yetim uşaqlarına maddi imkansızlıq ucbatından yardım göstərilmədiyindən millət fədaisi Həsən bəyi belə bir vəziyyət son dərəcə narahat edirdi.

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Zərdabişünas