Zərdabda Şöhrət Ordenli Muradalı Heydərovun şərəfinə tədbir keçirildi

0
22

 

Zərdab rayonuBöyük Vətən müharibəsində göstərdiyi əsgəri şücaət və rəşadətə görə Şöhrət Ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş 16 nəfər azərbaycanlı döyüşçüdən yalnız bir nəfəri bu gün həyatdadır. Zərdab rayonunun Məmmədqasımlı kəndində yaşayan Muradalı Şavaqat oğlu Heydərovun 94 yaşı olmasına baxmayaraq yenə də gümrahdır, böyük həvəslə gənclərin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edir.

416-cı Azərbaycan atıcı diviziyasının artilleriya alayının tərkibində Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş və peşəkar topçu kimi məşhurlaşmış Muradalı babanı tez-tez məktəblərdə, hərbi hissələrdə görmək olar. Cəbhə xatirələrindən həmişə böyük maraqla söhbət açan veteran gənclərin orduya hazırlanmasında, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş ruhunun yüksəldilməsində səylərini əsirgəmir.

1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 70 illiyi ərəfəsində Zərdabda Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri Muradalı Heydərovun şərəfinə tədbir keçirilib.

Əvvəlcə bir qrup müharibə veteranı, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına hörmət və ehtiram əlaməti olaraq gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzinin qarşısında müharibə veteranlarını (Zərdabda onların sayı 19-dur, sağlamlıqları imkan vermədiyindən tədbirdə yalnız 7 nəfəri iştirak edib) hərbi libas geyinmiş uşaqlar, məktəblilər gül-çiçək dəstələri ilə qarşılayıblar.

Mərkəzin ekspozisiyası ilə tanışlıqdan sonra Müdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Babalarımızın qəhrəmanlıq ənənələrini yaşadaq!” devizi altında mərasim başlanıb.

Mərasimi Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinin təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı”ndan irəli gələn vəzifələr ölkəmizin hər yerində olduğu kimi Zərdab rayonunda da uğurla həyata keçirilir.

Zərdablılar Böyük Vətən müharibəsinin ilk günlərindən başlayaraq həm ön, həm də arxa cəbhədə qələbə naminə böyük fədakarlıqlar göstəriblər. Cəbhəyə yollanmış 3384 nəfər Zərdab sakinindən 1407 nəfəri döyüş meydanlarında qəhrəmanlıqla həlak olmuş, geri dönməmişdir. Onlardan 1977 nəfər müharibədən qayıtdıqdan sonra da əmək cəbhələrində vətənə sədaqətlə xidmət etmişlər. Zərdabın igid oğullarından əfsanəvi Dnepr qəhrəmanı Məlik Məhərrəmov Sovet İttifaqı Qəhrəmanı, Muradalı Heydərov isə Şöhrət Ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Zərdablılar öz qəhrəmanlarını heç vaxt unutmur, onların xatirələrini həmişə əziz tutur və qəhrəmanlıq ənənələrini şərəflə davam etdirirlər. Rayon mərkəzində və kəndlərdə Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksləri yaradılmış, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun qranit büstü ucaldılmışdır.  Hazırda Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərində yüzlərlə zərdablı əsgər və zabit xidmət edir. 118 nəfər zərdablı vətənpərvər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və dinc əhalinin təhlükəsizliyinin qorunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

İstər müharibə veteranları, istərsə də onların ailə üzvləri, arxa cəbhənin fədakar insanları həmişə diqqət mərkəzindədir və onlar ölkə rəhbərliyinin qayğısından çox razıdırlar.

“Qələbə günü” mahnısının sədaları altında vaxtilə xidmət etdikləri Azərbaycan milli diviziyalarının bayraqları altında salona daxil olan veteranları tədbir iştirakçıları ayaq üstə alqışlarla qarşılayıb və onların hər birinin döyüş yolu barədə məlumat verilib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Zərdab rayonunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində təqdirəlayiq tədbirlərin mütəmadi olaraq keçirilməsini qeyd edib və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun veteranlara təbrikini oxuyub. Sonra isə kavaler ordenli Muradalı Heydərova Müdafiə nazirinin təbrik ünvanı və qiymətli hədiyyəsi təqdim olunub. Təbrikdə deyilir: “Hörmətli Muradalı Şavaqat oğlu! Sizin mənalı həyat və döyüş yolunuz gənclərimiz üçün örnəkdir. Ukrayna, Belorusiya cəbhələrində, Polşanın faşistlərdən azad edilməsində göstərdiyiniz qəhrəmanlıqlara görə Siz 3-cü və 2-ci dərəcəli Şöhrət Ordenləri ilə təltif olunmuş, dəfələrlə yaralanmağınıza baxmayaraq döyüş meydanını heç vaxt tərk etməmisiniz.

Berlin uğrunda gedən döyüşlərdə komandiri olduğunuz top heyəti düşmənin 6 pulemyotunu, döyüş sursatı ilə dolu 6 avtomobilini, 2 topunu və 20-yə yaxın əsgər və zabitini məhv etmişdir. Siz isə 1945-ci ilin ilk may günündə düşmənin atəşi altında topunuzu irəli çəkərək, çox yaxın məsafədən atıcı bölmələrin irəliləməsinə mane olan istehkam qurğularını dağıtmış və bu igidliyiniz Şöhrət Ordeninin 1-ci dərəcəsinə layiq görülmüşdür.

1946-cı ildə vətənə qayıtdıqdan sonra əmək cəbhəsində də həmişə adınız yarış qaliblərinin ön sıralarında çəkilmişdir. 1-ci və 2-ci dərəcəli Böyük Vətən müharibəsi ilə yanaşı, Sizin sinənizi əmək medalları da bəzəyir. Siz 1995-ci ildə Moskvada keçirilən qələbə paradının iştirakçısı, fərdi Prezident təqaüdçüsünüz. Yaşınızın 93-ü ötməsinə baxmayaraq Siz bu gün də gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirak edir, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində səylərinizi əsirgəmirsiniz.

Hörmətli Muradalı Şavaqat oğlu!

Bir daha Sizi qələbə günü münasibətilə ürəkdən təbrik edir, sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşamanızı arzulayıram”.

Muradalı Şavaqat oğlu veteranlara göstərilən diqqət və qayğıya görə silahdaşları adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bir neçə gün öncə respublikamızda keçiriləcək Birinci Avropa Oyunlarının məşəlinin Atəşgahda yandırılması və bu məşəlin ölkəmizdə bölgə-bölgə gəzdirilməsi biz veteranların da hədsiz sevincinə səbəb olub. Biz Avropanı faşizmdən xilas etdik, indi də Avropa gündən-günə çiçəklənən Azərbaycana idman, dostluq bayramına gəlir. Bu ölkəmizin böyük qürurudur və zərdablılar Avropa Oyunları məşəlinin Zərdaba gətiriləcəyi günü səbrsizliklə gözləyirlər.

Sonra “Ordu xalqın, xalq ordunun dayağı” kitab-albomunun təqdimatı olub. İlk nüsxələr müharibə veteranlarına və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xüsusi xidməti olanlara təqdim edilib.

19 nəfər müharibə veteranına Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən pul mükafatları verilib.

Tədbirin sonunda veteranlar və tədbir iştirakçıları ilk Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zərdabda görülən işlərlə tanış olub, gül-çiçəkdən yaradılmış Avropa Oyunlarının loqosu qarşısında xatirə şəkilləri çəkdiriblər.

Muradalı Heydərov ön səngərdəki topçularla görüşmək üçün cəbhə bölgəsinə yola salınıb.

Həmin gün Zərdab Rayon İcra Hakimiyyətinin başçısı və Müdafiə Nazirliyinin nümayəndəsi tədbirdə iştirak etməyə sağlamlıqları imkan verməyən müharibə veteranlarının evlərinə gedərək onlara baş çəkiblər.

Zərdab Rayon İcra HakimiyyətiZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu