Tacir və dilənçi

0
46
dilənçiÇox zəngin bir tacir var imiş. Dükanlarında ən bahalı və keyfiyyətli mallar satılarmış.
Bir dəfə bir dilənçi onun yaxasından yapışır və deyir:

– Sən bu dünyanın ötəri olduğunu anlamırsanmı? Bilmirsənmi ki, bu gün-sabah öləcəksən və bütün bu sərvət əlindən çıxacaq?

Tacir heç bir şey söyləmir, həmin dilənçini də özü ilə evinə gətirir. Nahar vaxtı imiş, süfrə açılır. Dilənçi düşünür ki, heç olmasa, ömründə bir dəfə qarın dolusu yeyəcək, həm də dünyanın ən ləziz, ən gözəl yeməklərindən. Süfrəyə iki qabda qatıq və bir qədər də çörək gəlir. Tacir “Bismillah” deyib əlini süfrəyə uzadır və dilənçini də yeməyə dəvət edir. Dilənçi təəccüb içində əlini süfrəyə uzadır və döyükə-döyükə yeməyə başlayır. Bu qatığı onsuz da o hər gün yeyirdi. Hələ desən, yanında aradabir başqa şeylər də olurdu. Tacir isə, sadəcə, bu süfrə ilə kifayətlənirmiş. Yemək başa çatandan sonra dilənçinin təəccüb içində qaldığını görən ev sahibi belə deyir:

– Bəli, mən çox zənginəm. Amma mənim gündəlik yeyib-içməyim, xərcim-borcum səninkindən heç də artıq deyil. Mən də bilirəm ki, gözlə gördüyümüz bu mal-mülk fanidir.

Nəticə: Dünya böyük bir dəniz kimidir, sən də onun üzündəki qayıq. Nə qədər ki, sən suyun üstündəsən, üzüb gedəcəksən; elə ki su sənin içinə doldu, batmağa məhkumsan. Yəni dünyaya sahib olsan da, qəlbində zərrə qədər də dünya sevgisi olmayacaq.