Əməkdar artist, həmyerlimiz Məzahir Süleymanov

1
37

Aktyor, Əməkdar artist Məzahir Həbulla oğlu Süleymanov 28 yanvar 1944-cü ildə Zərdab rayonunda anadan olub. İncəsənət institutunun “Dram və kino aktyoru” fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir. Teatra gəlişinin ilk günlərindən teatr rejissorlarının diqqətini cəlb edib. İşlədiyi ilk günlərdən hal-hazıra qədər teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan biri olub.
Məzahir Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynayıb. Bu obrazların ponoramasına nəzər yetirdikdə onun böyük istedada malik olması göz önünə gəlir. Fransız dramaturqu C. B. Molyerin “Skapenin kələkləri” tamaşasında Oktav, Eston dramaturqu E. Rannetin “Azmış oğul” tamaşasında Lembin, gürcü dramturqu M. Beradzenin “Gecikən sərnişinlər üçün iki bilet” tamaşasında Bidzina, rus dramaturqu Qoqolun “Müfəttiş” komediyasında Podkolyosin, M. Lermantovun “Maskarad” tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin “İtirilmiş məktub” tamaşasında Taraxanake, tatar dramaturqu A. Abdulinin “13-cü sədr” tamaşasında Prokuror, türk dramaturqu N. Hikmətin “Demoklisin qılıncı” tamaşasında Arxitektor, “Bayramın birinci günü” tamaşasında Vəli əfəndi və s. göstərmək olar.
Azərbaycan klassiklərindən: C.Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşasında Axund, “Oqtay Eloğlu” tamaşasında Aslan bəy, “Vəfalı Səriyyə” tamaşasında Rüstəm, Ü. Hacıbəyovun “Arşın mal alan” tamaşasında Soltan bəy, C. Məmmədquluzadənin “Ölülər” tamaşasında Hacı Həsən, M. F. Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Müsyo Jordan, S. S. Axundovun “Tamahkar” tamaşasında İmran, H. Nəzərlinin “Ayıl, bax bu dünyaya” tamaşasında Abbas Səhət, H. Cavidin “Afət” tamaşasında Qaplan, A. Şaiqin “Bir saatlıq xəlifə” tamaşasında Harun Ər Rəşid, Ə. Haqverdiyevin “Kimdir müqəssir” tamaşasında Qasım bəy və s. obrazlar aktyorun geniş diapazonuna malik olduğunu sübut edir.
Müasir dramaturgiyadan: Anarın “Adamın adamı” tamaşasında Tərs Tahir, R. İbrahimbəyovun “Park” tamaşasında Dost, V. Səmədoğlunun “Bəxt üzüyü” tamaşasında Tanrıbəy, M. Sülyemanlının “Dəyirman” tamaşasında Sarı Qasım, G. Xuqayevin “Varlı ev” tamaşasında Beçir, “Qocaların məhəbbəti” tamaşasında Qadutsa, Ç. Aytmatovun “Əsrə bərabər gün” tamaşasında Tansıkbayev, S. Başbəyovun “Dəmir qadın” tamaşasında Alimcan, Şamo Arifin “Qınamayın məni” tamaşasında Həbib və s. göstərmək olar.
M. Sülyemanov G. Xuqayevin “Bir köpək vardı” və “Ailə” əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç. Aytmatovun “Ümid sahili” əsərinin tamaşasında Orqan baba, N. Hikmətin “Bayramın birinci günü” tamaşasında Vəli Əfəndi, Yudcin Onilin “Qarağaclar altında məhəbbət” tamaşasında Kebolt, A.Babayevin “Xilaskar” əsərində Filosof-deputat kimi sanballı rolları özünəməxsus sənətkarlıqla yarada bilmişdir.
Bütün bunlardan başqa M. Süleymanov hər il “Yeni il” şənliklərində Şaxta baba, “Novruz” şənliklərində isə Novruz baba rollarının ifaçısı olur.
M. Süleymanov “Yük” və “Yanmış körpülər” filmində Qubernator Şubinski və Səmədağa obrazlarını uğurla ifa etmişdir.
M. Süleymanov oynadığı obrazların heç də tam olmayan siyahısına baxdıqda onun böyük yaradıcılıq imkanları olduğunu görmək olar. Təsadüfü deyil ki, onun teatrdakı çoxillik faydalı əməyi dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə qeyd olunub. Onun həyat və yaradıcılığı dəfələrlə radio və televiziyada, mərkəzi və dövrü mətbuatda işıqlandırılıb. Fəxri adları, mükafatlar, nailiyyətlər 2005-2006-cı illərdə M. Süleymanov Respublika Prezidentinin mükafatına layiq görülüb.
Məzahir Süleymanovun uğurları bununla da yekunlaşmır. Belə ki, teatr sahəsində əməyi nəzərə alınaraq ona böyük etimad göstərilib və 2006-cı ildə Azərbaycan Respublikasının Fəxri Əməkdar artisti adı verilib.
www.zerdab.com saytı istedadlı həmyerlimizə ailə və iş həyatında uğurlar arzulayır.

www.zerdab.com

1 comment

  1. Sumqayitda yashayiram,evveller tamashaya cox gederdikHec bilmezdim ki.Mezahir muellim hemyerlimizdi.Uqurlar istedadli aktyorumuza.,

Comments are closed.