Qadın gərək o geyimə fərqli bir gözlə baxsın

0
qəmli-ana
qəmli-anaQədimlərdə gözəl adətlərimiz var idi. Qışın tədarükü yaydan, payızdan hazırlanardı.
 Cürbəcür ərzaq növləri tədarük edilib, bir tərəfə yığılardı. Un kisələri bir tərəfə qalaqlanar, qurudulmuş meyvələr torbalarla asılar, üzüm, nar, alma kimi meyvələr çardağa düzülər, Novruza qədər saxlanardı. Doşab, riçal, mürəbbələr qablara yığılıb, bir tərəfə düzülərdi. Hələ yazdan bordağa bağlanmış toğlunu qara payızda kəsib, qovurma bişirib, böyük küpə doldurardılar. Bundan əlavə, ailə bulqur, buğda, noxud, lobya… çox adda ərzaqdan qış tədarükü tutardılar. Bu hazırlığı olan ailələrin qışda, demək olar ki, yeyib-içməyə xərci çıxmazdı.

İndi o vərdişlərimizi, demək olar ki, unutmuşuq. Ona görə də etiraf edək ki, qışda ailənin ərzaq ehtiyacını ödəməkdə xeyli çətinlik çəkirik.

Bəziləri elə düşünür ki, evdə gündəlik qadın işini 2-3 saata tamamlamaq mümkündür. Əslində isə evdə o qədər qadın işi var ki, 24 saat belə, az gələ bilər. Söhbət təkcə bişirib-düşürməkdən, yuyub-təmizləməkdən getmir. Hər şeyə yeni baxışla, qənaət prizması ilə baxanda ortaya o qədər şeylər çıxır ki, saymaqla qurtarmaz. Məsələn, süfrədə çörək qırıqları qalır, o saat həmin qırıntıları selofan torbaya qoyub qapının ağzına düzürük ki, kimsə götürüb aparsın. Əsl evdar qadın o çörək qırıntılarından cürbəcür ərzaq növləri hazırlaya bilər. Ağla gələn ilk variant, təbii ki, onları suxarı halına gətirməkdir. Tibbin də bildirdiyi kimi, qurudulmuş, suyu çəkilmiş çörək mədədə həm asan həzm olunur, həm də dişlərin dibinin möhkəmlənməsinə kömək edir. Üstəlik, suxarı unundan kotlet hazırlanmasında istifadə olunur. Süfrədən qayıdan çörək müxtəlif fiqurlar şəklində doğranaraq qurudulduqda uşaqlar onu duru xörəklə yeməyi xoşlayırlar. Məsələ təkcə çörək qurutmaqla bitmir ki… geyimə baxaq, təsəvvür edin ki, 5 yaşlı uşağın şalvarının dizi cırılıb. O saat o şalvarı tullamaq doğru deyil. Gərək qadın oturub fikirləşsin, o cırılmış yeri elə bərpa eləsin və üzərinə də maraqlı bir etiket yapışdırsın ki, uşaq o geyimi sıxılmadan, utanmadan geyə bilsin. Ümumiyyətlə, qadın öz evinə həm qənaət gözü ilə, həm də kəşf gözü ilə baxmalıdır. Məsələn, o, gözləməməlidir ki, əri stolun üstündəki güldana qoymaq üçün hər gün gül gətirsin. Müxtəlif ağac budaqlarından, təbii və sintetik materiallardan zövq oxşayan buketlər hazırlaya bilsin. Evin dizaynı, otağın cansıxıcı olmaması qadının əsas araşdırma obyektlərindən olmalıdır. Qadın gərək evdə hər bir nizamın, səliqə-sahmanın hakimi olmağa çalışsın. Bəzən bahalı əşyalarla doldurulmuş mənzil adamın canını sıxır. Orada oturmaq belə istəmirsən. Yəni hər şey pul ilə başa gəlmir. Qadın nəfəsi, qadın əlinin səliqəsi, qadın axtarışları evi güllü-gülüstana çevirə bilir. Əgər evin xanımı hər mövsümün vəzifələrini irəlicədən təsbit edirsə, hansı ayda, hansı həftədə nə işlə məşğul olmağı proqramlaşdırırsa, təbii ki, o ailədə qənaət olacaq və ailənin ehtiyaclarını ödəmək üçün lazım olan məbləğ də xeyli aşağı düşəcək. İnanırsınızmı, bir evdar qadın dibçəkdəki gülün yanında cürbəcür göyərtilər yetişdirir. Həm də sizə zarafat gəlməsin. O xanım ilboyu ailənin göyərti ehtiyacı üçün bir manat belə xərcləmir.

Atanın köhnəlmiş köynəyini və ya hörməsini tullamaq doğru deyil. Qadın gərək o geyimə fərqli bir gözlə baxsın və ondan övladı üçün nə çıxara biləcəyini götür-qoy eləsin. Hər il hər bir ailə üzvünə yun corab, papaq və jaket toxumaq az iş deyil və ailənin sağlamlığında bu geyimlərin əhəmiyyəti də danılmazdır. Evin dizaynında stolüstü örtüklər, divan üzlükləri, pəncərə pərdələri, heç şübhəsiz, önəmli faktorlardır. Qadın fantaziyası bu işlərdə yeni fiqurlar, yeni modellər kəşf edərək mənzilin ovqatını təzələyə, xoş əhvali-ruhiyyə yarada bilir.

Bir sözlə, qadın öz evini zərgər incəliyi ilə sahmana salmalı, mənzilin səmimi ovqatını qorumağı bacarmalıdır. Doğrudur, indi hər cür xidmət növləri çıxıb. Mənzilinizi xüsusi mütəxəssislər dizayn edir, paltarınızı maşın yuyur, hər cür pərdəni, örtüyü yarmarkalardan alırsınız. Bir sözlə, istədiyinizi tapmaqda hər hansı çətinliyiniz yoxdur. Amma unutmayın ki, bütün bu deyilənlər ev xanımının səliqəsi, ürəyinin hərarəti, ailəyə olan sevgisi demək deyil. Hər bir ailənin atmosferində xanımın fantaziyası, axtarışları hakim olmalıdır. Ailə üzvləri evin dizaynından tutmuş, ağız dadına qədər hər işdə o xanımın zövqünə uyğunlaşmalıdır. Yəni təkcə zahiri görüntülərlə yox, cürbəcür görünməz tellərlə də qadın hər bir ailə üzvünü əlinin dadına, duzuna, səliqə-sahmanına alışdırmalıdır. Məhz belə qadın evinin hakimi ola bilir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × three =