Həsən bəy Zərdabinin Rəsulzadənin Azərbaycan məfkurəsinə təsiri

1
39

HƏSƏN BƏY ZƏRDABİAzərbaycanın milli inkişafında böyük rolu olan Həsən bəy Zərdabi ziyalı dünyagörüşü ilə məmləkətimizin inkişafında mədəni inqilablara vəsilə olmuş milli ruhlu məfkurəyə sahib vətənpərvər gənclər, ziyalılar yetişməsinə rəvac vermişdir.
Bu millət atasının vətənpərvərlik ideyalarından “dərs” almış ziyalılardan biri də Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə idi.
M. Ə. Rəsulzadənin əqidə yoldaşı, məsləkdaş və silahdaşı Mirzə Bala Məmmədzadənin xatirələrinə əsasən belə fikrə gəlmək olur ki, Demokratik Cümhuriyyətin banisi “İnsanlara hürriyyət, millətlərə istiqlal!”—düşüncəsinə məhz Həsən bəy Zərdabinin milli ruhlu yaradıcılığı sayəsində malik olmuşdur.
O yazırdı: “…Başda Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə və bilavasitə Azərbaycan mətbuatının ağsaqqalı və yaradıcısı Həsən bəy Zərdabi olmaq üzrə, Qərbi Avropa mədəniyyəti keçmiş milli açıqfikirli ziyalıların yaratdıqları milli mətbuatda dəxi gənc Rəsulzadə də iştirak etməyə başladı… Qərbi Avropanın hürriyyət dəyərlərindən əxz edilmiş bu insani və mədəni düşüncəyə ilk dəfə olaraq böyük mütəfəkkir və ədibimiz Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlənin Cəlalüddövlə ilə məktublaşması” adlı məşhur əsərində və ilk azəri qəzetəçisi Həsən bəyin “məğrib-zəmin” dediyi Qərbi Avropa ilə “məşriq-zəmin” adını verdiyi müsəlman Şərqi arasında hürriyyət baxımından müqayisə edilən məqalələrində rast gəlmişik. Qeyd olunan əsərində Qərbi Avropa
parlament rejimini idealizə edən Mirzə Fətəli ilə “məğrib-zəmin”dəki mədəniyyəti hürriyyətin təbii bir nəticəsi olaraq alan Həsən bəy, Azərbaycanda özünə çox əlverişli zəmin tapan Avropa azadlıq fikrinin başçıları, icraediciləri hesab olunurlar…” (“Azərbaycan” məcmuəsi, №12 (36), 1955.
Həsən bəy Zərdabi ilə Məmməd Əmin Rəsulzadənin milli məfkurələrində bir ortaq məxrəc var idi—Əlimərdən bəy Topçubaşov. Həsən bəyin ailəsinin bir üzvü olan– kürəkəni Əlimərdan bəy Topçubaşov Azərbaycan istiqlal hərəkatında Rəsulzadənin ən yaxın milli-siyasi məsləkdaşı idi. Millətpərvər Həsən bəyin ziyasından nur almış Əlimərdən bəy məmləkətinin istiqlaliyyəti yolunda baş verən tarixi hadisələrdən gen qala bilməzdi. Buna görə də onun milli istiqlalımızın banisi olan Rəsulzadənin yanında yer alaraq məmləkətimizin azadlığı ugrundakı siyasi cəbhədə çıxışı, onun qurduğu Demokratik Cümhuriyyətdə xarici işlər naziri mövqeyində Azərbaycanı xarici ölkələrdə təmsil etməsi təsadüfi deyildi.
Ümumiyyətlə, M. Ə. Rəsulzadənin əsərlərinə diqqət yetirəndə, Həsən bəylə onun fikir ortaqlığına çox rast gəlinir. Həsən bəyi düşündürən milli-mədəni və mənəvi problemlərə baxış və toxunuş demək olar, eynilə onun da əsərlərində yer alır. Bundan da görünür ki, Rəsulzadənin milli Azərbaycan məfkurəsində dahi Həsən bəy Zərdabinin əhəmiyyətli rol və təsiri olmuşdur və H. Zərdabinin dəfn mərasimində Məmməd Əmin Rəsulzadənin kədər dolu çıxışı da təsadüfi deyil.
Züleyxa TEYYUBZADƏ, “Əkinçi”nin müxbiri.

1 comment

  1. Züleyxa xanım, dəyərli yazıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Dahi Həsən bəy Zərdabinin Azərbaycan xalqının ən görkəmli nümayəndələrindən olması bir daha öz təsdiqini tapır. Əsl millət fədaimizin, eləcə də Məmməd Əmin Rəsulzadənin ruhları qarşısında baş əyirəm.

Comments are closed.