İnsan ümidlə var olur

0
kainatƏslində həqiqəti görməyən və ona qəlbən bağlana bilməyənlərin başqa cür olmaları da qeyri-mümkündür. Şan-şöhrətə, mənsəbə ümid bağlamış, sərvətə, mala-mülkə könül vermiş və bu fani dünya malı ilə qəlblərini ovunduranlar, şübhəsiz ki, gec-tez hüsrana düçar olacaqlar.
 

Ümid hər şeydən əvvəl bir inanc işidir. İnanan insan ümidlidir və ümidi də inancı nisbətindədir. Buna görədir ki, sağlam inancın məhsulu olan bir çox şeylər bəziləri tərəfindən möcüzə zənn edilir. Əslində ümid, əzm və qərarlılıq imanla dolu bir qəlbə girincə bəşəri normalar aşılır. Bu səviyyədə könül dünyasına sahib ola bilməyənlər isə bunu fövqəladə sayırlar.

Əgər insan nəyə inanacağını düzgün seçə bilib və ona könül veribsə, artıq onun ruh aləmində ümidsizlik, pessimizm və bədbinlikdən əsla söz edilə bilməz.

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf etməyə başlayır. Beləliklə, ümidini itirmiş insan var sayılmadığı kimi, ümiddən məhrum cəmiyyət də iflic olmuş deməkdir.

Ümid insanın öz ruhunu kəşf etməsi və ondakı iqtidarı sezməsindən ibarətdir. Bu sezişlə insan Qüdrəti Sonsuzla münasibətə girər, bununla hər şeyə qadir güc və qüvvət əldə edər. Bunun sayəsində zərrə günəş, damla dərya, parça bütöv və ruh kainatın bir nəfəsinə dönər.

Adəm Nəbi (ə.s.) səmasının qaraldığı, əzminin qırıldığı və canının boğaza gəldiyi bir dövrdə ümidlə silkələndi, “nəfsimə zülm etdim” -dedi və dirçəldi. Şeytan isə könlündən axıtdığı ümidsizlik qan və irin içində çox çabaladı və nəhayət boğuldu…

Hər könül əri ümiddən bir məşəllə yola çıxıb, bununla tufanlara sinə gərib, fırtınalarla pəncələşib və dalğalarla çarpışmışdır. Birində ümid bir Cudi(Həzrəti Nuhun (ə.s.) tufandan sonra gəmisi ilə sahilə çıxdığı dağın adı) tumurcuğu, birində İrəm bağları, birində də Mədinələşən bir Yəsribə(Mədinəi Münəvvərənin İslamdan əvvəlki adı) dönmüşdür. Bu vadidə hər ümid qəhrəmanı, eyni zamanda Haqq dərgahının əzizi, xalqın da bayrağı olmuşdur.

Ümid və əzmlə coşan bir Bərbəri kölə, Herakl sütunlarına yeni bir ad gətirmiş və dənizin o tayındakı ölkələrin əfsanəvi qəhrəmanı olmuşdur. Və həmçinin ümidlə ildırıma dönən gənc bir sərkərdə zamanla oynamış və bəşər tarixində çox az insanın əldə edə bildiyi zirvələrə nail olmuşdur.

Bir də, hər şeyin bitdiyi, millətin qəddinin büküldüyü, qürurunun qırıldığı dövrdə iman və ümidin dastanlaşdırılacaq bir hal alması var ki, inancın dərəcəsinə görə, onu əldə edən kainata meydan oxuya bilər, əlli min dəfə çarxı, nizamı pozulsa, sarsılmadan yoluna davam edər, yoxluqda varlıq cilvəsi göstərib ölü ruhlara can verər.

Ümidlə uzun yollar aşılar, ümidlə qanlı, irinli dəryalar keçilər və ancaq ümidlə dirçəlişə və nizama nail olunar. Ümid dünyasında məğlub olanlar həqiqətdə də məğlub olmuş sayılırlar. Elə cəsarətlə və mərdliklə yola çıxanlar var ki, iman və ümid zəifliyindən yarı yolda qaldılar. Kiçik bir zəlzələ, bir fırtına, axıb gedən bir sel, onların əzm və iradələrini də özü ilə birlikdə götürüb aparmışdır. Onlara ümidlə bağlanıb sonradan onlarla birlikdə ümidsizlik bataqlığına düşüb boğulanların halı isə daha acınacaqlıdır.

Əslində həqiqəti görməyən və ona qəlbən bağlana bilməyənlərin başqa cür olmaları da qeyri-mümkündür. Şan-şöhrətə, mənsəbə ümid bağlamış, sərvətə, mala-mülkə könül vermiş və bu fani dünya malı ilə qəlblərini ovunduranlar, şübhəsiz ki, gec-tez hüsrana düçar olacaqlar.

Solmayan rəngə, sönməyən işığa, batmayan günəşə könül vermiş insanların isə gecəsi sabah aydınlığı qədər təmiz, gündüzü də Cənnət bağları kimi rəngarəngdir. Onların zülmət tanımayan üfüqündə həmişə günəş nur saçır və dəyişən fəsillər, müxtəlif mənzərələrin ovsunlayıcı məşhərləri kimi bir-birini əvəz edir. Hər biri bir qocaman ağac kimi səmaya doğru elə ucalıb və torpağın dərinliklərinə elə kök salıblar ki, nə qarın-boranın şiddəti, nə də fırtına və çovğunun dağıdıcı qüvvəsi onları mütəəssir edə bilməz. Sonsuza bağlanmış və ümidlə dolu bu könüllər bahar deməz, yaz deməz, payız deməz, qış deməz, o qol-budaq, o gövdədən gözlənilən qucaq-qucaq meyvələrlə gələrlər.

Bizim bir millət olaraq küsüb inciməyən, əzm edib qorxmayan və ümidsizliyə əsla qapılmayan yol göstərən böyüklərə çörək qədər, su qədər, hava qədər ehtiyacımız var. Həvəslə yola çıxıb umduqlarını (dünya üçün) tapa bilməyərək, ümidsizliyə düşən və ya Yaradandan üz döndərənlərə gəlincə, onlar bizdən, biz də onlardan çox-çox uzağıq. Buna baxmayaraq, fələyin geniş çarxı heç vaxt yerdəki bu səfillərin çürük fəlsəfələrinə və xarab həndəsələrinə görə cərəyan etməyəcək…

Min bir ümid tumurcuğunun təbəssüm etdiyi və min bir toxumun torpağın altında baharı gözlədiyi bu günlərdə ümiddən məhrum könüllərə ümid diləklərimizlə…

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × 3 =