Zərdablı müəllim keçmiş şagirdinin “Hədəf”indən yazdı

0
Məzahir Məzhər
Məzahir Məzhər

 

SÖZ GÜLÜSTANINDAN MÜƏLLİMİNƏ GÜL DƏSTƏSİ VƏ YA MÜƏLLİM, ŞAGİRDİNİN YENİ KİTABI HAQQINDA

Öncə onu deməyi lazım bilirəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində ölkəmizdə, o cümlədən rayonumuzda təhsil və mədəniyyət siyasətinin hər zaman ön planda olmasından, bu sahələrdəki uğurlardan, eləcə də ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsindən qürur duyuram. Oyunların məşəlinin Zərdabda yüksək səviyyədə qarşılanması, rayonumuzun sürətli inkişafı və yüksəlişi isə hörmətli Lütvəli Babayevin təşəbbüskarlığının, mən deyərdim ki, fədakarlığının nəticəsidir.
Bir zamanlar dərs dediyim istedadlı şairimiz Məzahir Məzhərin yeni şeirlər kitabının çapdan çıxması isə sevincimi ikiqat artırdı. Rayonumuzun Qoruqbağı kəndində anadan olan Məzahir Məzhər mənin şagirdim olub. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərir, uşaq yaşlarından ədəbiyyatı, poeziyanı özünə ən yaxın dost bilirdi. Elə o vaxtlardan da mənəvi dünyasına gözəlliklər köçürürdü mənim sevimli şagirdim. Bu gözəlliklər daim onun həyat yoluna işıq yayır, onu mədəniyyətə, ləyaqətə, mübarizliyə, vətənpərvərliyə, xeyirxahlığa, həqiqətə, yaradıcılığa səsləyirdi. Bunun nəticəsidir ki, bu gün Məzahir qəlbə nur saçan, şər əməlləri, pislikləri tənqid atəşinə tutan şeirləri sayəsində yaxşı şair kimi tanınır. Hələ hərbi xidmətdən yazıb göndərdiyi “Ana” şeiri isə bu gün də yaddaşımdadır. Çünki o şeir də insanda anaya, Vətənə məhəbbət, ən saf, ən ülvi duyğular aşılayır.
1970-ci illərdə M. Məzhərin şeir və təmsilləri “Əkinçi” qəzetində (o vaxt “Pambıqçı” adı ilə çıxırdı) dərc olunmağa başladı, sonralar “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda” qəzetləri də onun şeirlərini çap etməyə başladı.
Hazırda Bakıda yaşayıb-yaradan istedadlı, sevimli və unudulmaz şagirdim Məzahir Məzhər 300 tirajla çap olunan “Uşaqların ağlı, böyüklərin nağılı” kitabını bu günlərdə mənə hədiyyə gətirdi. Kitabı böyük zövqlə, həvəslə oxudum. Yəqin müəllim və baba olduğum üçün “Uşaq dünyası” bölməsində “Yetişdi məktəb günü” şeiri diqqətimi daha çox çəkdi:
Qalx yuxudan gül balam,
Al əlinə çantanı.
Sən də bu bayram günü
Gəl, sevindir ananı.
Məzahir digər mövzularda qələmə aldığı şeirləri kimi, sülh haqqında şeirini də çox gözəl yazıb:
Qoy ucalsın vətənimdə
Ellərimin azad səsi,
Qoy bürüsün bu dünyanı
Körpələrin şən nəğməsi.
Məzahir Məzhərin dərin məna daşıyan şeirləri, təmsilləri çoxdur. Böyüklərin nağılı nə qədər dərin məna daşıyırsa, uşaqların ağlı da bir o qədər kamilləşir, dərinləşir və bununla da əsl vətəndaş formalaşır.
Bir şeirində isə o belə deyir:
Kitablar, ay kitablar,
Bizə bilik verdiniz.
Gözləriniz yoxsa da,
Bizdən uzaq gördünüz.
Gizli qalan sirləri
Özümüzə açansan,
Harda varsa xəzinə
Ona düşən açarsan…
Məzahirin şeirlər kitabını oxuduqca, düşündüm ki, bir müəllimə bundan böyük hədiyyə, bundan qiymətli bəxşiş ola bilməz. Mənə şagirdimin hədiyyəsi olan bu kitab, müəllimə söz gülüstanından əlvan və ətirli gül dəstəsi idi…
Əziz şagirdim Məzahir Məzhər, sənə möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları və ailə səadəti arzulayıram! Yolun uğurlu olsun! Yeni kitablarını gözləyirik!

Nizam Qabilov,
Qoruqbağı kənd sakini, ağsaqqal müəllim.

Mənbə: “Əkinçi” qəzeti.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 × 4 =