Orucun hikmətləri

0
26
Ramazan ayı1. Allah (c.c.) yer üzünü insanlar üçün bir nemət süfrəsi yaradıb. İnsanların zövq və əyləncəsi üçün hər cür imkan və şəraiti hazırlayıb. Allah (c.c.) bizə məlum olan adlarını (əsma ül-hüsna) təzahür etdirərək bütün nemətləri insanın ayağına gətirir. Lakin insan oğlu doğulduğu andan etibarən dünyanı nizam-intizamlı və nemətlər içində gördüyü üçün qəflətə dalır. O, nemətdən istifadə edir, ancaq onu göndərəni unudur və ya həqiqəti tam dərk edə bilmir. Ancaq Ramazan ayı insanları silkələyir, qəflət yuxusundan oyadır, onların bir əmrə tabe olduğunu xatırladır. Günün müvafiq vaxtında “Yemə!” əmri ilə başlayan itaət axşam çağında “Buyurun!” əmri ilə sona çatır. Bu vaxt ərzində mömin nemətlərin əsl Sahibinin (c.c.) əmrinə xilaf çıxmayaraq oruc tutur.
2. Oruc həqiqi, xalis və səmimi şükrün, təşəkkürün açarıdır. Çünki digər vaxtlarda çox insan məcbur olmadığı və əsl aclığı hiss etmədiyi üçün nemətin dəyərini dərk etmir. Bir parça quru çörək tox olan, xüsusilə də varlı insanlar üçün heç bir dəyər ifadə etmir. Halbuki, iftar vaxtında həmin quru çörəyin oruclu möminin nəzərində çox qiymətli bir nemət olduğu anlaşılır. Gündüz oruc tutan mömin bəndə öz vicdanı ilə söhbət edərkən “Bu nemətlər mənim deyil. Mən bunlardan istədiyim kimi istifadə edə bilmərəm. Deməli, başqasının malıdır. Onun əmrini gözləyirəm”, – deyir. Və mülkün əsl sahibinə – Allaha (c.c.) şükür edir.

3. Oruc sosial ədalətin bərpa edilməsi istiqamətində böyük fürsətdir. Allah (c.c.) insanlardan bəzilərini varlı, bəzilərini isə kasıb yaradıb. Bir çox varlı insanlar var ki, aclıq nədir bilmirlər, kasıbın halını anlamırlar. Oruc sayəsində varlı mömin kasıb insanların vəziyyətini dərk edir, öz halına şükür etməklə yanaşı, ehtiyac içində yaşayanlara da yardım göstərir. İnsan aclığı öz nəfsində hiss etmədiyi müddətcə digər insanlara səmimi şəkildə köməklik edə bilməz.

4. Ramazanda oruc sayəsində nəfs tərbiyə olunur. Çünki normal vaxtlarda nəfs özünü azad hiss edir. Allahın (c.c.) bəxş etdiyi nemətlərdən istədiyi qədər və istədiyi vaxt istifadə edə biləcəyini düşünür, sonsuz nemətlərlə imtahan olunduğunu düşünmək belə istəmir. Lakin oruc hər kəsin nəfsinə diktə edir ki, o, azad deyil, quldur, malik deyil, məxluqdur. Nəfs oruc sayəsində anlayır ki, Allahdan (c.c.) əmr olmadığı müddətcə ən adi və ən rahat işləri belə görə bilməz, əlini suya, yeməyə uzada bilməz. Nəfs yalnız oruc sayəsində başa düşür ki, onun əsl vəzifəsi şükürdür.

5. İnsanın nəfsi qəflətə dalaraq haram və günahın girdabına düşür. O qədər xudbinləşir ki, hədsiz dərəcədə aciz, möhtac və zəif olduğunu unudur. Nəfs, sanki poladdan vücudu varmış kimi özünü çox güclü zənn edir və özünü əbədi hiss edərək dünya nemətlərindən gen-bol istifadə edir, şiddətli bir ehtiras və tamah ilə özünü dünyaya həsr edir. Və nəticədə axirəti düşünə bilmir.

Oruc isə nəfsi silkələyir, ona həqiqəti anladır. Oruc aclıq vasitəsilə nəfsə öz mədəsini düşündürür və bu sayədə nəfs nə qədər zəif, möhtac və aciz olduğunu anlayır. Aclığın vəsiləsi ilə nəfs, əslində mərhəmətə, şəfqətə daha çox ehtiyacı olduğunu dərk edir. Və nəticədə Haqqın dərgahına qayıdır.