İlk maarifçi qadınlarımızdan biri – Hənifə Məlikova–Zərdabi

0
Hənifə Məlikova–Zərdabi

Hənifə Məlikova–ZərdabiHənifə Məlikova 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə dünyaya göz açıb. Tiflisdə “Müqəddəs Nina” qız məktəbində təhsil alıb. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi.

Bu gözəl, ziyalı, sədaqətli və dəyanətli xanım millətimizin və ailəsinin yolunda fədakarlıq göstərib, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı deyil, həm də mübarizə yoldaşı olub. Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan altı qadından birincisi olan Hənifə Məlikova 16 il əri ilə birlikdə Zərdabda nəzarət altında yaşayıb.

Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrində çox əziyyətlər çəkib. Bu ziyalı xanım əri ilə Zərdabda yaşadıqları vaxtlarda mənzillərində pulsuz məktəb açıb, təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrədib.

Hənifə Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. 1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib.

Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. O, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.

Hənifə xanımın adı, onun maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində məşhurlaşıb. Mübarizə aparanın, təşəbbüsçünün həyatı asan olmur. Hənifə xanım da bu cəhətdən istisna deyildir. Onun həyatı əziyyətlərlə, sınaq və təqiblərlə keçib. Hənifə xanımın amalı bacardığı qədər avam kütlənin, xüsusən də türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olub.

Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.

Hənifə Məlikova–Zərdabi 1929-cu ildə Bakıda vəfat edib, şəhər qəbiristanlığında dəfn olunub, sonralar cənazəsi həyat yoldaşı H.Zərdabinin məzarına köçürlüb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen − 12 =