Qiyamətə nə qədər var?

0
39
qiyametSon günlər mətbuatda qiyamətin vaxtı haqqında yazmaq dəb halına gəlib. 
Yalançı falçılar, uydurma nostradamuslar qiyamətin nə vaxt qopacağı haqda ağıllarına gələn rəqəmləri söyləyirlər. Bəri başdan deyək ki, əgər kimsə qiyamətin nə vaxt qopacağını söyləyirsə, onun yalan danışdığına yüz faiz əmin olun və heç çəkinmədən alnına deyin ki, sən yalançısan, fırıldaqçısan. Çünki Allah Rəsulu bu haqda bir şey deyə bilməyibsə, bu gün fırıldaqçı falçıların sözlərinə inanmaq nə qədər doğru olar? Amma biz bu məsələyə başqa yöndən yanaşmaq istəyirik.

Bir dəfə Allah Rəsulu ibadətlə məşğul olarkən bir çöl ərəbi gəlib yanında durur. Peyğəmbərimiz tez namazını tamamlayıb ona tərəf dönür və nə istədiyini soruşur. Çöl ərəbi: “Ya Rəsulullah, qiyamət nə vaxt qopacaq?” soruşur. Rəsulullah “Qiyamətə nə hazırlamısan ki?” deyə sualı sualla qarşılayır.

– Elə bir hazırlığım yoxdur, amma Allahı və onun Rəsulunu çox sevirəm, – deyir.

Rəsulullah gülümsünür və “Qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaqdır”, – buyurur.

Başqa bir hədisi-şərifində Peyğəmbərimiz:

– Əgər qiyamətin qopduğunu görsəniz və əlinizdə bir fidan varsa, siz heç nəyə fikir vermədən o fidanı əkin, – buyurur.

Çox maraqlı, mənalı və ibrətli kəlamdır deyilmi? Lap tutaq ki, qiyamətin nə vaxt qopacağından xəbərdarsan, əlindən nə gələr ki? Bu hədisi-şərif insanın öz boyunu aşan işlərə baş aparmamasını, sadəcə, öz vəzifəsini yerinə yetirməsini tövsiyə edir.

Başqa bir məsələ, insan öldükdən sonra onun imkanları sıfıra enir. Yəni qazanacağımız savabları da, işlədiyimiz günahları da biz həyatda ikən yerinə yetiririk. Öləndən sonra bizi qiyamətə qədər qazancsız, zərərsiz bir yol gözləyir. Bu mənada insanın qiyaməti elə ölümü ilə başlayır. Ölüm hər birimizi hər an yaxalaya bilər. Bir saat sonra da, bir həftə sonra da, beş il sonra da. Ona görə də əsas məsələ qiyamətin nə vaxt qopacağında deyil, bizim axirətə hansı tədarüklərlə getməyimizdədir.