Zərdab – güllər, çiçəklər şəhəri

0
46

Zərdab-rayonuZərdab şəhərinin qəribə, təkrarsız coğrafi mənzərəsi var: ana Kür bu aran şəhərinin boynuna dolaşıb, onunla həm “görüşür”, həm də “ayrılır”. Bu “həsrət- vüsal” nəğməsindən sonra  sular lal bir axarla səmtini dəyişir, öz əbədi məcrasına- Xəzərə üz tutur. Bu yerin  özgə bir diqqətçəkən görüntüsü isə odur ki, yay-qış Kürün Zərdab şəhəri boyunca sahilləri gül-çiçəklə, yaşıllıq və gözəlliklə cilvələnir. Bir yandan, ana təbiət özü, o biri yandan, insan əlləri daim bu gülüstana sığal çəkir.

Şəhərin qurudan – Ağcabədi və Ucar səmtlərdən girişi də son vaxtlar tamamilə dəyişmiş, tanınmaz dərəcədə abad, gözəl və səliqəli olmuşdur. Məqsədimiz bu dəfə, əlbəttə, rayonda son vaxtlar başa çatdırılmış və hazırda da davam etdirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri barədə müfəssəl məlumat vermək deyil. Bu yazıda sürətli inkişafı və yeniləşməni yığcam səciyyələndirən ümumi fakt və rəqəmlər üzərində dayanacağıq.

Əvvəlcə onu qeyd edək ki, son 8 il ərzində Zərdab şəhərində 10 park və meydan istifadəyə verilmiş, bir sıra bulaq və fəvvarə kompleksləri yaradılmış, geniş yaşıllıq zolaqları salınmışdır. Belə bir fakt xüsusilə dərin razılıq hissi doğurur ki, ilk Avropa Oyunları ərəfəsində şəhərin park və meydanlarında müxtəlif ölkələrdən gətirilmiş 35 min ədəd gül və çiçək kolları əkilmişdir. İndi şəhər sakinləri, elə qonaqlar da haqlı olaraq deyirlər ki, bütün bu yaşıllıq və gözəllik aran şəhərinin iqlimini də dəyişmişdir.

…Son illər daha da genişləndirilmiş Heydər Əliyev prospekti ilə addımlayırıq. Yol və səkilər, binaların fasadları abadlaşdırılmış, elektrik xətləri dəyişdirilmiş, minlərlə ağac, gül-çiçək əkilmişdir. Heydər Əliyev parkı, Bayraq meydanı, YAP rayon təşkilatının inzibati binası, Veteranlar və Yaradıcılıq evləri, Gənclər Mərkəzi bu prospektdə yerləşir. İlk baxışdan diqqəti cəlb edən yüksək zövq və səliqə-sahman, təmizlik, insan əli ilə yaradılan gözəllikdir. Indi Heydər Əliyev parkı rayon sakinlərinin, elə qonaqların da ən çox sevdikləri məkana çevrilmişdir. Onlar burada mənalı istirahət edə, yaxşıca dincələ, boş vaxtlarını səmərəli keçirə bilirlər.

Biz axırıncı dəfə Zərdabda olarkən şəhərin Həsən bəy Zərdabi, Nizami Gəncəvi, Ramiz Kərimov, Samir Abdullayev, Azərbaycan, 20 Yanvar küçələrini də gəzdik, yaradılmış gözəl şəraitlə, aparılan tikinti-abadlıq, səliqə-sahman işləri ilə tanış olduq. Necə deyərlər, gəzdik, gördük, heyran olduq və ürəkdən sevindik. Ona görə ki, Zərdab şəhəri, doğrudan da, son illərdə öz simasını tamamilə dəyişmiş, daha gözəl və müasir olmuşdur.Zərdab-rayonu

Başqa bölgələr kimi, Zərdab rayonu da I Avropa Oyunlarının məşəlini böyük coşqu və hərarətlə qarşılamışdır. Görüşdüyümüz, söhbət etdiyimiz rayon sakinləri haqlı olaraq bu möhtəşəm idman bayramının doğma Bakımızda keçirilməsini yüksək qiymətləndirir, bundan iftixar hissi duyduqlarını bildirirlər. Zərdablılar ölkəmizin beynəlxalq aləmdə artan nüfuz və hörmətindən sonsuz sevinc duyğuları yaşadıqlarını bəyan edirlər.

Bu gün Zərdab Aranın mərkəzində, həqiqətən, gözəllik şəhərinə, yaşıllıqlar məkanına çevrilib. Hər addımda min bir rəngə çalan güllər, çiçəklər, yaşıllıq zolaqları, bulaqlar, fəvvarələr adamı heyran edir, xoş və unudulmaz duyğular yaradır.

Bütün bunlar bir zamanlar Kür qırağının təbii zövq- səfasını vəsf edən, lakin bu yerlərdə bir abad oba görmədiyinə heyfsilənən Molla Pənah Vaqifin dillər əzbəri olan misrasını yada salır:

Kür qırağının əcəb seyrangahı var…

Ziyəddin SULTANOV