Məzardakının halı çayda boğulanın halı kimidir

0
Kür çayıÖlülərə bizim verə biləcəyimiz ən böyük sərvət, nemət onun üçün Allaha dua etmək və bağışlanmasını diləməkdir.
 Ölünün ən çox bizim duamıza, savabını onun ruhuna bağışlamaq üçün oxunmuş Qurana, xeyir əməllərə ehtiyacı var. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) ölünün dəfn mərasimi tamamlanandan sonra qəbrin yanında durar və: “Mərhum qardaşımız üçün Allahdan əfv diləyin, onun üçün qarşılaşacağı sorğu-sualda mətanət diləyin. Çünki indi ondan hesab soruşulacaq”. – buyurardı.

Göründüyü kimi, Peyğəmbərimiz məzara qoyulan ölünün sorğu-suala tutulacağını və bu sorğu-sualdan yaxşı çıxması üçün yaxınlarının, qohumlarının, istəyənlərinin dua etməsini arzu edir.

Bir hədisi-şəriflərində Peyğəmbərimiz ölünün məzardakı halını belə təsvir edir: “Ölünün məzardakı halı, dənizə düşüb “imdad, imdad” deyə can hövlü ilə bağıran, insanın halına bənzər. Boğulmaq üzrə olan şəxs onu qurtaracaq birini gözlədiyi kimi, meyit (ölmüş şəxs) də atasından, anasından, qardaş-bacılarından gələcək duanı gözləyir. Ona bir dua gələndə də elə sevinər ki, onun sevinci dünyaya sahib olan insanın sevincindən daha çox olar. Allah-Təala yaşayanların duaları səbəbilə ölülərə dağlar qədər mərhəmət edər. Dirilərin ölülərə hədiyyəsi onlar üçün dua etməsi və bağışlanması üçün Allaha yalvarmasıdır”.

Əsas odur ki, ümidsiz olmayasınız və ölülərinizin bağışlanması üçün dua edəsiniz. Xüsusilə də bu mübarək Ramazan ayı ilə bizlərə verilmiş fürsətdən istifadə edib məzardakılarımızın bağışlanmasını Allahdan təmənna etməliyik.

Peyğəmbərimiz bir hədisi-şəriflərində də təxminən belə buyurur ki, dua edərkən bir şey qoparmaq üçün qırsaqqız olub yapışan dilənçi qədər israrlı olun və diləyinizi Allahdan dönə-dönə istəyin.

Yas mərasimləri haqqında danışarkən onu da demək lazımdır ki, Peyğəmbərimiz: “Təziyə üç gündür”, – buyurmuşdur. Yəni bizdə adət halını almış cümə axşamları, 40, 52, il mərasimlərinin dinimizdə yeri yoxdur.

Hər kəs ölmüş valideynlərinin Cəhənnəm əzabından uzaq olmasını, o dünyada Allah-Təalanın mərhəmətinə qovuşmasını istəyər. Bu işdə sizin əlinizdən gələn ən dəyərli, səmərəli iş dualarınız, yalvarışlarınız və ehtiyacı olan yerlərə çatdırdığınız ehsanlarınız, yardımlarınızdır. Çalışın ki, yardım etdikləriniz də sidq-ürəkdən ölənlərinizə dua etsinlər. Əmin olun ki, bu, sizin üçün də, rəhmətə gedənləriniz üçün də daha xeyirlidir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 − 3 =