Allahım, Sən əfv edənsən, bizi də əfv et

0
32
Allahqulubağı
Allahqulubağı kənd məscidi

Qədr gecəsi haqda Qurani-Kərimdə Qədr surəsi var. 

Bu surədə mübarək Qədr gecəsinin nə qədər xeyirli, bərəkətli gecə olması aydın göstərilir. Bu gecədə bir ömrün savabını, xeyir-bərəkətini qazanmaq mümkündür. Bu surədə buyurulur ki, Qədr gecəsi min aydan daha xeyirlidir. Min ayı ilə çevirdikdə təxminən 83 ilə bərabər olur, yəni uzun bir insan ömrünə. Amma görünür, bu da Allahın hikmətidir ki, Qədr gecəsini ürəyi istəyən kimi keçirmək hər kəsə nəsib olmur. Doğrudan da çox hikmətlidir. Əvvəla Qədr gecəsi dəqiq göstərilmir. Peyəmbərimizin sadəcə “Ramazanın son on günü içərisindədir” kəlamı əsas sayılır. Doğrudur, alimlər bəzi qaynaqlardan istifadə edərək məsələni bir qədər də dəqiqləşdirməyə çalışıblar. Amma etiraf edilməlidir ki, bütün söylənənlər (peyğəmbərimizin sözü istisna olmaqla) sadəcə güclü ehtimallardır.

Allah bu gecənin bərəkətini də öz sevdiyi qullarına qismət eləyir. Bu gecə ilin ən xeyirli, ən gözəl gecəsidir. Bu gecədə xoş davranmaq, nisgilli könülləri sevindirmək, yaxşılıq etmək, sədəqə vermək, güc yetən qədər ibadət etmək məsləhət görülür. Bu gecə insanın Allahı, peyğəmbəri, ölümü, insanları, qiyamət gününü düşünərək gözündən axıtdığı bir damla səmimi göz yaşı onu elə ne’mətlərə qovuşdurar ki, deməklə bitməz. Bu gecənin bir anı var ki, o ana tuş gələn dua mütləq qəbul olunar. Dilin tutduğu qədər dua eləmək lazımdır, həm də dilucu yox, ürəkdən. Peyğəmbərimiz bu gecə belə dua edərmiş: Allahım, Sən əfv edənsən, əfv etməyi sevərsən. Məni də əfv et.