Öz günahını gərəksiz yerə açmaq da günah imiş

0
heyat kainat

Həyat dərsiCəmiyyətdə həyasızlığın, əxlaqsızlığın, mənfi halların yayılmasını istəyən o cəmiyyətə qarşı ən höyük hörmətsizlik edir. Yuxarıda qeyd olunan ayə də bunu açıq şəkildə göstərir.

İnsanın işlədiyi günah, ayıb və yaxud qüsurları başqalarının meydana çıxartmaması dinimiz tərəfindən məsləhət görüldüyü halda, bu cür davranışlar edən insanların özlərinin, ya da başqalarının ayıb və qüsurlarını həyasız və laqeyd şəkildə cəmiyyətə çatdırmaları da doğru hesab edilməmişdir. Belə ki, Peyğəmbərimiz (s.a.s.) “İşlədiyi günahları aşkara çıxaranlar xaric, ümmətimin tamamı bağışlanmışdır. Bir adam gecə pis bir əməl törətdisə və Allah onu örtdüyü halda, səhər oyanıb “Ey filankəs! Mən dünən gecə belə-belə işlər gördüm” deməsi aşkarca yerinə yetirilmiş günahlardandır. Halbuki insan Rəbbinin onun pis əməllərini örtdüyü halda gecəni keçirmişdir. Lakin o, səhər oyananda Allahın örtdüyünü aşkara çıxardır,” –  buyurur.

Günah iş görmək, qüsur və xəta etmək, istənilməyən, arzu olunmayan və sahibinə heç bir faydası olmayan, sadəcə, onun pis görünməsinə və səviyyəsiz sayılmasına səbəb olan haldır. Vəziyyət belə olduğu halda, gizli bir yerdə işlənilən və Allahdan başqasının bilmədiyi, bir mənada Allahın da örtdüyü bir günahı fəzilət hesab edərək həyasız bir şəkildə aşkara çıxarmaq va başqalarına danışmaq dini cəhətdən xoş qarşılanmamışdır, hətta belə davranışları olan insanları Allah bağışlamayacaqdır. Belə bir ağır mənəvi cəzanın təyin olunmasının məqsədi odur ki, işlənən günahın cəmiyyətdə yayılmasının, onun normal bir davranış kimi qəbul edilməsinin qarşısı alınsın. İslam əxlaqı alimləri də bu məsələni təkidlə vurgulamışlar ki, ayıb sayılan davranış və rəftarın hamının gözü önündə edilməsi həmin davranış və rəftarın gizlində yerinə yetirilməsi ilə müqayisədə daha ağır hesab olunur. Onlar həmçinin insanın öz ayıblarını başqalarından gizlətməsinin və cəmiyyətin də bu cür davranışlara həssaslıqla yanaşmasının əhəmiyyətini qeyd etmişlər. Belə ki, İslam əxlaqına görə, günahlandırılmaq və ya başqa bir təzyiqə məruz qalmaq narahatlığı ilə pis əməllərdən çəkinmək insana fəzilət gətirməz. Çünki heç bir ayıb Allahdan gizli qalmaz. “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir” (Ali-lmran, 3/29) ayəsi bu məsələni ifadə edir.

Heç bir ayıb əməl və yaxud günah Allahdan gizli qalmayacağı üçün insan, ilk növbədə, Uca Mövladan həya etməli və mümkün olduğu qədər öz qüsurlarını düzəltməlidir. Günah və qüsurlarını başqalarına danışanlar törətdikləri günah əməllər bir tərəfə, üstəlik, Allaha, Rəsuluna və möminlərə əhəmiyyət verməmiş, pis əməllərini xeyir işlər, günahlarını savab, səviyyəsiz davranışlarını fəzilət hesab etmiş olurlar. Bu isə ən azı işlədikləri günahın səviyyəsində bir saymazyanalıqdır.

Halbuki günah iş görən bir insanın, heç olmasa, öz günahını gizlətməsi o inşanı alçaldılmaqdan qoruyur. Ayıb və qüsurların aşkara çıxarılması bu cür davranışları yerinə yetirənlərdə həya hissinin tədricən yox olmasına səbəb olur. Lakin belə davranışların örtülməsi o əməllərin sahiblərinin gördükləri şəfqət və mərhəmət qarşısında özlərini yenidən nizam-intizama salmaları üçün mühüm bir faktordur.

Bir insanın öz ayıb və qüsurlarını, günah və üsyanını ifşa etməsi ictimai səviyyədə namussuzluğun və həyasızlığın yayılmasına zəmin hazırlayacağına görə dinimizdə qadağan olmuşdur. Eyni dərəcədə əhəmiyyətli şəkildə başqa insanların ayıb və qüsurlarının araşdırılması, onların gizlin hal və şəxsi həyatlarının aşkara çıxarılması da qadağan olunmuşdur. Lakin bunu diqqətə almaq lazımdır ki, bir insanın başqalarının çətin vəziyyətə düşməsinə səbəb olan xəta və qüsurlarının gizlədilməsi dinə görə caiz deyil. Ayıbların araşdırılıb ortaya tökülməsinin isə insanları bir-birinə düşmən etməkdən, aralarında kin və düşmənçilik toxumları əkməkdən, pis davranışların yayılmasından başqa bir şeyə faydası yoxdur. İnsanların gizli qalmış qüsurlarını aşkara çıxarmaq, hamıya eşitdirmək, onların utanma hissinin yox olmasına, ictimai nəzarətin azalmasına və beləliklə, əxlaqsızlığın sürətli şəkildə yayılmasına səbəb olur. Peyğəmbərimiz və səhabəsi heç kimin aybını araşdırmamış və araşdıranları da qəti şəkildə qınamışdır. Peyğəmbərimizin: “Din qardaşını bir günahına görə günahlandıran insan o günahı özü də işləmədiyi müddətcə ölməz” xəbərdarlığını da heç bir zaman unutmamalıyıq.

Nəticə olaraq, demək olar ki, hər bir kəsin günahı və qüsuru ola bilər. İşlənən günahların cəmiyyətdə aşkara çıxardılması, onların normal bir rəftar və yaxud davranış kimi təqdim edilməsi insanların dindarlıq təsəvvürlərinin zəifləməsinə, günahlara qarşı müqavimət, etiraz göstərmələrinə maneçilik törədər. Beləliklə, cəmiyyətdə yaxşılıqlar, gözəl davranışlar, savablar, fəzilətlər başa salınmalıdır ki, başqa insanlar da bu cür davranışlara üz tutsunlar. Həmçinin boş, faydasız, insanların dindarlığını zəiflədəcək günahları və həyasızlığı adi, əhəmiyyətli ünsür kimi göstərən söz və davranışlardan da uzaq olmaq lazımdır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 − four =