Xeyir işlər görməyə tələsək

0

Zərdab rayonu2İnsanlar dünyada yarışırlar. Bu yarış bəzən xeyir işlərdə, bəzən də şər işlərdə olur. Xeyir işlərdə yarışı, sadəcə, pulun və malın xeyirli işlərə xərclənməsi kimi başa düşmək doğru deyil. İnsan özünə, ailə üzvlərinə, ətrafına, ölkəsinə və millətinə, daha geniş mənada, bütün bəşəriyyətə etdiyi yaxşılıq və gözəllik də xeyirdə yarış hesab edilir. Bu yarışın müxtəlif sahələri vardır. Bu sahələrin bir neçəsinə nümunə verək:

a) İmanda yarışmaq: İmanın güclü olması, qəlbə yerləşməsi və onu dadmaq üçün yarışmaq.

b)  İbadətlərdə yarışmaq: İbadətlərin vaxtında, tam və qüsursuz yerinə yetirilməsi; riyakarlıq və özünü başqalarına göstərməkdən, tələsiklikdən uzaq, ibadətin ruhuna uyğun olaraq ixlas və səmimiyyətlə yerinə yetirilməsi.

c) Əxlaqda yarışmaq: Ən gözəl əxlaq sahibi olmaq, bütün mənfi xüsusiyyətlərdən saflaşmaq üçün cəhd göstərmək.

d) İşdə yarışmaq: İşinin öhdəsindən yaxşı və mükəmməl şəkildə gəlmək. Əlindən gələn bütün hünərini göstərməklə işini layiqli şəkildə və vaxtında görmək.

e) Bəşəriyyətə xidmətdə yarışmaq: İnsanın Allahın yaratdığı ən qiymətli varlıq olduğu həqiqətindən yola çıxıb, ona qiymət vermək. İnsanı ən qiymətli bir nemət hesab edib, cins, irq, iqtisadi vəziyyət, sosial status, geyim fərqinə baxmayıb, ona qarşı lazımi qayğını göstərmək. Əzilən, sahibsiz qalan, yetim və dul qalmış insanların, dərman pulu tapa bilməyənlərin, yaşamağa yuva tapa bilməyənlərin əlindan tutmaq.

f) Vətənə xidmətdə yarışmaq: Gözəl ölkəmizin inkişafı, azad və müstəqil şəkildə yaşaması, başqa millətlərin arasında özünə layiq olan dərəcəyə yüksəlməsi, ölkənin bütövlüyünün və bərabərliyinin, nizam və sabitliyinin qorunması üçün cəhd göstərmək. Ölkəmizi geri qalmaqdan xilas etmək, yeraltı və yerüstü sərvətlərini ölkənin insanlarının istifadəsinə vermək üçün cəhd etmək, iş və istehsal sahələri açmaq.

g) Təhsildə yarışmaq: Sahib olduğumuz övladlarımızı dövrün ən son imkanlarından istifadə edib, gələcək nəsillərə hazırlamaq üçün maddi və mənəvi imkanları səfərbər edib, tariximizdə şərəfli şəkildə adını alan Biruni, İbn Sina, Qəzzali, Fərabi, İbn Rüşd, Mövlana, Hacı Bəktaş Vəli, Yunus Əmrə kimi elm və irfan adamlarını, kəşf və icadın qabaqcıl şəxslərini hazırlamaq üçün cəhd göstərmək.

h) İstehsalda yarışmaq: Mümkün olduğu qədər ən çox istehsal prinsipinə riayət edib, torpaqlarımızı canlandırmaq, şüurlu şəkildə əkinçilik və heyvandarlıqla məşğul olmaq, istehsal sahələrini çoxaldaraq istehsalı artırmaq, xidmətin keyfiyyətini yüksəltmək, ixracatı artırmaq yolu ilə ölkənin inkişafına kömək etmək, xarab və keyfiyyətsiz mal istehsal etməmək yolu ilə güvəni təmin etmək.

Bunların sayını artırmaq mümkündür. Əvvəlcə də qeyd etdiyimiz kimi, “əyani” ifadəsini sadəcə fitrə, zəkat, sədəqə vermək kimi başa düşüb, xeyirdə yarışmağı bununla əlaqədar qiymətləndirmək bizi çaşdırar. Ayə ilə əlaqədar bunu da əlavə etmək yerinə düşər: Müsəlman lazımsız və faydasız iş və mübahisələrlə məşğul  olmamalı, işi nədirsə onunla məşğul olmalı, sadəcə, şəklə deyil, o şəklin içindəki ruha da baxmalıdır.