Həsən bəy Zərdabinin qardaşı oğlu Həmdulla bəyin başına gətirilənlər – ağrılı həyat yolu

0
Həmdulla bəy Məlikov
Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin oğlu Həmdulla bəy və arvadı Məleykə xanım

Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin oğlu Həmdulla bəy Məlikov 77 il ömür sürmüşdür. Belə ki, 1890-cı ildə dünyaya gəlmiş, 1977-ci ildə vəfat etmişdir. Həmdulla bəy Zərdabın indiki Pərvanlı kəndindən Nişafərim adlı qızla ailə həyatı qurmuşdur. Həmdulla bəy Zərdabda atası Səfəralı bəyin, əmisi Həsən bəy Zərdabinin bir vaxtlar “Dolanbaba” adlı yurd yerində onların ənənəsini davam etdirir, əkinçiliklə, heyvandarlıqla məşğul olur.

Çox keçmir ki, dövrün, zamanın hökmü bu bəy ailəsinin də üstünü alır, qanlı-qadalı günlər başlayır, Həmdulla bəy keşməkeşli həyat tərzi keçirir.

Dörd övladının hər biri sürgündə şaxtadan donaraq dünyasını dəyişib

O, anası Xanım, həyat yoldaşı Nişafərim xanım və dörd övladı – böyük qızı Ruxsarə xanım xanım, oğulları Əli, Sabir və kiçik qızı Bahar xanımla birlikdə yaşadıqları doğma Zərdab kəndindən didərgin salınırlar. Onlar ailəliklə Sibirə sürgün olunurlar.

Professor Eldəniz Həsənov “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabında yazır ki, isti iqlim şəraitinə uyğunlaşan, Aranda yaşayan, bu dərdə tab gətirməyən Səfəralı bəyin zövcəsi (Həmdulla bəyin anası) Xanım nənə və Həmdulla bəyin dörd övladının hər biri şaxtadan donaraq dünyasını dəyişir. Övladlarının faciəli şəkildə, bir-birinin ardınca nakam ölümünə dözə bilməyən Nişafərim xanım da dünyasını dəyişir.

Xonçanın üstünə qoyulmuş gəlinlik libası qızının cənazəsi üstünə gətirilir

Onlardan Həmdulla bəyin 4-cü və 5-ci sinif şagirdi olmuş Bahar adlı qızı və Sabir adlı oğlu qarlı, boranlı, şaxtalı bir gecənin içində donaraq eyni gündə dünyasını dəyişir, bacı və qardaş bir yerdə Sürgündə torpağa tapşırılır. Onların ardınca yetkinlik yaşına çatmış böyük oğlu Əli və böyük qızı Ruxsara xanım da belə bir faciənin qurbanı olurlar. Ruxsara xanım valideynləri ilə Sibirə sürgün olunan zaman Zərdabın indiki Məmmədqasımlı kəndindən Hacı Cavad oğlu Hüseynə nişanlı olub. Zərdabdan Sibirə, nişanlı olan Rusxara xanıma bayramlar qabağı bayramlıq xonça göndərilərmiş. Növbəti dəfə ona bazarlıq bağlama göndərilən gün Ruxsara xanım artıq dünyasını dəyişən günə təsadüf edir, bayramlıq sovqatın, xonçanın üstünə qoyulmuş gəlinlik libası onun cənazəsi üstünə gətirilir və xonçaya qara bağlanır, sonra həmin “pasılka” doğma Zərdab torpağına, bəy evinə geri qaytarılır. Bunun əks-sədası Zərdabda yaşayan insanların dərin kədərinə səbəb olur. Bu hadisə indinin özündə də nəinki Məlikovlar ailəsinə, eləcə də bu tarixi hadisəni yaşamış digər hər bir yaşlı zərdablının yaddaşında unudulmaz bir tarixə çevrilmişdir.

Həmdulla bəyin Sibirdə davam etdirdiyi sürgün həyatı Daşkəndlə əvəz olunur

Anasını, həyat yoldaşını, dörd balasını Sibirdə torpağa tapşıran Həmdulla bəy tək-tənha qalır, dərd-sər içərisində sürgün həyatını yaşayır.

Hələ bu azmış kimi, Həmdulla bəyin Sibirdə davam etdirdiyi sürgün həyatı Daşkəndlə əvəz olunur. Sibir torpağında anasının, 4 övladının və ömür gün yoldaşının məzarını qoyub digər bir qürbət yerə sürgün olunur.

Həmdulla bəy taleyin qismətini, sürgün həyatını Daşkənddə keçirməli olur. Həmdulla bəy orada indiki Ağdaş rayonunun Şordəhnə kəndindən olan, sürgün həyatı yaşayan Alıcan bəylə tanış olur. Onun həyat yoldaşı Məleykə xanım da əri ilə birlikdə sürgündə olur. Eyni zamanda Məleykə xanımın qayınları, yəni Alıcan bəyin Osman, Niftalı adlı qardaşları da sürgündə olurlar. Alıcan bəy qəflətən dünyasını dəyişir. Alıcan bəyin dul qalan yoldaşı çox imkansız bir şəraitdə sürgün həyatı yaşamalı olur. Bu zaman Həsən bəy Zərdabinin əmisi oğlu Rəhim bəy Məlikovun (arvadı Minə xanım olmuşdur) Daşkənddə sürgündə olan qızı Lütviyə xanım Məleykə xanıma deyir ki, gəl səni Həmdulla bəyə alaq. O, səni də, qayınlarını da saxlayar. Məleykə xanım bu işə deyilən şərtlə razı olduğunu bildirir.

Beləliklə, Həmdulla bəy Daşkənddə Meləykə xanımla (1915-1984) ailə həyatı qurur və onun hər iki qaynını da himayəyə götürür.

Təkliflə razılaşmır və Zərdaba gəlir

Bu yerdə onu da diqqətə çatdıraq ki, Həmdulla bəyə təskinlik verməyə, onu ovutmağa çalışan qardaşı İbad bəy 3 yaşlı böyük qızı Marusanı Zərdabdan Daşkəndə aparır və onu qardaşına övladlığa verir.

Həmdulla bəy Daşkənddə sürgündə olan zaman onun Məleykə xanımdan Məhəmmədəli adlı oğlu, Sara və Sura (13 yaşında vəfat edib) adlı qızı olur. Zaman keçir Həmdulla bəy sürgün həyatını başa vurur. O , həyat yoldaşının qardaşı, Ağdaşın Şordəhnə kəndində yaşayan Xancan bəydən məktub alır ki, uşaqları da götürüb vətənə dönsün.

Həmdulla bəy geri dönmür, lakin həyat yoldaşı Məleykə xanımla qızı Sara və Surə xanımı Ağdaşa gəzməyə göndərir. Məleykə xanımın qardaşı onun və qızları Sara və Surə xanımın qayıtmasına imkan vermir. Naəlac qalan Həmdulla bəy 1947-ci ildə yaşadığı mənzili satır, topladığı var-dövləti övladlığa götürdüyü qardaşı qızı Marusa xanımı, oğlu

Məhəmmədəli bəyi də götürərək Ağdaşa gəlir.

Bu zaman Həmdulla bəyin Zərdabda olan yurdu dağılmış, ondan heç bir əsər-əlamət qalmamışdı. Xancan bəy ona məxsus olan mülkün birində yaşamağı, ona sahib olmağı təklif etsədə o bu təkliflə razılaşmır və Zərdaba gəlir. O əldə etmiş olduğu məvacib hesabına yurd yerində kiçik bir ev tikmək istəyir, ancaq bəxti gətirmir.

Pul 1947-ci ildə dəyişir və dəyərini itirir. Bu zaman Həmdulla bəyə xalası oğlu İsgəndər bəy yardımçı olur – ona yer verir və Həmdulla bəy ev tikib ailəsini başına yığır.

Zərdabda yaşadığı zaman da onun ailəsində bədbəxtlik üz verir

Zərdabda yaşadığı zaman da onun ailəsində bədbəxtlik üz verir, 13 yaşının içində ola qızı Surə xanım uşaqlarla ocaq başında dövrə vurub oynayarkən donun ətəyindən onu od alır, köməksiz qalan qızcığazı xilas etmək olmur. Oddan aldığı xəsarətdən Surə dünyasını dəyişir. Onun dalınca Həmdulla bəyin ailəsində növbəti bədbəxtlik baş verir. Zərdabda dünyaya göz açan 5 yaşlı oğlu Sabir vəfat edir. Budur Məlikovlar nəslinin cəfakeş, xeyirxah nümayəndələrindən olan, başı bəlalar çəkən Həmdulla bəyin alın yazısı, faciə dolu ömür yolu.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten − eight =