Baba Babayev: “Bu il Zərdabdan 151 nəfər ali məktəbə qəbul olub”

0
26

Zərdab təhsilZərdabda  ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon konfransı keçirilib. Zerdab.com saytına verilən məlumata görə, konfransda rayon rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndəsi, Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəb direktorları, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Rayon Təhsil Şöbəsinin müdiri Baba  Babayev konfransı giriş sözü ilə açaraq, 2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edib ki, rayonda 43 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 9 ümumi orta, 6 ibtidai məktəb fəaliyyət göstərir. Keçən dərs ilinin yekunlarına görə ümumtəhsil məktəblərinin 11-ci siniflərini 471 nəfər bitirib, onlardan 151 nəfəri ali məktəblərə qəbul olub. Onlardan 132 nəfəri 2015-ci ilin, 19 nəfəri isə əvvəlki illərin məzunları olub. 6 nəfər məzun 600-dən yuxarı bal toplayıb.
Təhsil Nazirliyinin sektor müdiri Firudin Həmzəyev konfransda çıxış edərək son dərs ilində Zərdab rayon təhsilində əldə olunmuş uğurlardan, eləcə də mövcud nöqsan, çatışmazlıqlardan danışıb, yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini söyləyib.
Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev konfransda çıxış edərək bildirib ki, cənab Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğı Zərdab rayonunda öz təsdiqini tapıb. Bildirilib ki, son 10 ildə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilib, 2 tam orta məktəb binası əsaslı təmir edilib. Cari ildə Əlvənd kənd tam orta məktəbi təmir edilib. Son illərdə şəhər 1, 2, 3 saylı, Dəkkəoba və Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçalarının yerləşdiyi binalar əsaslı təmir edilib, Qoruqbağı kənd körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib: “Cənab
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Təhsil Şöbəsinə ayrılan vəsait ilbəil artır. 3-cü Dövlət Proqramına əsasən yaxın vaxtlarda şəhər ümumi orta məktəbi və Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisinə, şəhər 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılacaqdır. 132 şagird yerlik yeni məktəbin açılması üçün də müvafiq dövlət orqanlarına müraciət edilib”.
İcra başçısı çıxışının sonunda yeni dərs ilinin başlanması ilə əlaqədar öz tapşırıq və tövsiyələrini verib.
Konfransda çıxış edənlər təhsil sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Konfransın qətnaməsi təsdiq edilib və cənab Prezident İlham Əliyevin ünvanına müraciət qəbul olunub.

Zerdab.com