Arvadın göyçəyi onun

0
23

telefonBir gəlin öz uşaqlarına qarğış edəndə yandan bir qarının “ağzından çıxsın, qoynuna girsin” dediyini çox görmüşəm. El arasında geniş yayılmış “ana qarğışı tutmaz” sözünü çox eşitsəm də, indi bu deyimin doğruluğuna inanmıram. Düşünürəm ki, çox övladın başına gələnlər elə ananın qarğışıyladır. Mötəbər qaynaqlarda bunun çox örnəkləri var. Övlad ana qarğışı ilə Allahın mərhəmətindən məhrum qala, ana alqışı ilə bəladan qurtula bilər.

Bəzən insan sevgisindən kor olur, xətaya düşür. Övlad sevgisi nə qədər şirindirsə, dərdi də o qədər ağırdır. Bəzən sevginin şirinliyində və ya itkinin ağırlığında insan öz tarazlığını itirir, günah edir.

Əslində sevgi də ədalət işidir. Ədalət – hər kəsi layiq olduğu yerə qoymaq, aradakı məsafəni doğru-düzgün tuta bilməkdir. Allah-Təala bizə bizim boynumuzun şah damarından da yaxındır, bizim yaradanımızdır, yaşadanımızdır, sahibimizdir, sahib olduğumuz hər şeyin gerçək sahibidir, biz hər şey üçün Ona borcluyuq. Amma bu həqiqəti bildiyimiz halda, biz Onun yerinə bir başqasını, məsələn, Onun bizə pay verdiyi övladı qoyuruqsa, görün nə qədər ədalətsizlik etmiş oluruq.

***

Başımıza gələn çox şeylər dilimizin ucbatından gəlir. “Mən heç vaxt elə etmərəm, belə etmərəm, iki dünya bir olsa da, o məsələyə yaxın durmaram” demək, əslində, taleyə meydan oxumaqdır.

Bir vaxtlar tələbə idik və o qayğısız illərdə yarızarafat, yarıgerçək deyirdim ki, bu dünyada iki işdən heç xoşum gəlmir: tərcüməçilikdən və jurnalistlikdən. Tərcüməçiliyi ona görə xoşlamırdım ki, ömrün boyu onun-bunun sözlərini deyəcəksən, özünün sözü olmayacaq; jurnalistlikdən də ona görə xoşum gəlmirdi ki, yenə kimlərinsə ağzına mikrofon tutub yazını kimlərinsə fikri ətrafında qurmalı olursan. Bəli, o illərdə belə deyirdim, amma mənim qismətimə baxın ki, əlimə diplom alandan bəri bu iki işlə məşğul olmuşam: tərcüməçilik və jurnalistlik. Hər dəfə də bu haqda düşünəndə öz axmaqlığıma gülməyim tutur. Amma daha nəticə çıxarmışam, ehtiyatlı danışıram.

Bilərəkdən və ya bilməyərək dilimizlə günah işləyirik. Peyğəmbərimizin (s.ə.s.) dil haqda bildirdiklərini gözdən keçirsək, heç tərəddüd etmədən bu qənaətə gələrik ki, dil ünsiyyət vasitəsi olmaqla yanaşı, çoxları üçün də baş bəlasıdır.

***

Uşaq vaxtı babamdan eşitdiyim bir söhbət heç yadımdan çıxmır. Sizə söyləmək istədiyim həmin o söhbət yaşanmış bir hadisədir və boş-boş danışmağın nə kimi nəticələr verəcəyinə dair ən aydın örnəklərdən biridir. Babam danışırdı:

Bizim camaatımız tərəkəmə idi, yayı heyvanlarımızla yaylaqda, qışı qışlaqda keçirərdik. 1920-ci illərin əvvəllərində  Zəngəzurda, Qarabağda, müxtəlif yerlərdə ermənilərlə müharibə gedirdi. O zaman bizim camaatımızın bu gün Ermənistan xəritəsi içində qalan Pəni, Qısır, Hacı Fərhad yurdu, Əyriqar kimi yaylaqları vardı.

O il erməni-müsəlman davası daha da şiddətlənmişdi. Biz bir yoxuşa yaxınlaşanda qəfildən ermənilər bizi atəşə tutdular, təbii ki, biz də əliboş deyildik və daşların arxasında yerimizi tutub, atışmağa başladıq. Qısa müddətdə erməniləri yolumuzun üstündən kürüyüb ata bildik. Bir neçəsini öldürmüş, bir neçəsini də ağır yaralamışdıq. Ermənilər yaralılarını, meyitlərini götürüb qaçdılar, bizdən də Məmmərzə adlı bir nəfər ölmüşdü. Məmmərzənin ölümünə üzülmüşdük, amma ermənilərə üstün gəldiyimiz üçün çox məmnun idik. Qarşıdakı təpənin başına növbətçi qoyduq və oturub dincimizi alandan sonra meyiti yuyub kəfənlədik, qəbrini qazıb, namazını qıldıq. Qəbri yamacda, axar-baxarlı bir yerdə qazmışdıq. Oradan baxanda göz işlədikcə işləyir, adamın könlü rahat olurdu.

Məmmərzə rəhmətliyin yaşı yetmişi keçmişdi, ömrü boyu xoş yaşamışdı, uşaqlarını evləndirib ayırmış, işlərini zamanında yerbəyer eləmişdi. Ona görə də kədərlənmirdik. Adətən, bizim elatda onda kədərlənirlər ki, ölənin körpə yetimləri qalır, cavan arvadı dul qalır. Bu dünyadan alacağını alıb, verəcəyini vermiş kişilərin ölümünə o qədər də üzülmürdük, dua edirdik arxasınca. İsaxan da, bəlkə, elə bu düşüncə ilə Məmmərzənin arxasınca zarafat eləmək istədi:

– Ay kişilər, eey, bu dünyada hər şeyin yaxşısı bu Məmmərzənin olub. Atın yaxşısı onun, arvadın göyçəyi onun, çadırın, çubuğun qəşəngi onun, indi də bəxtəvərin qəbrinə adamın tamahı düşür, yerə-yurda bax e, elə bil seyrəngahdır, hər tərəf nə qəşəng görünür!..

Elə İsaxanın sözü ağzından qurtarmamışdı ki, atışma səsi dünyani başına götürdü. Məmmərzəni dəfn edə bilmədik, elə meyiti də götürüb geri çəkildik. Heyvanları sürüb ordan uzaqlaşdırdıq, yerimizi tutub ermənilərin hücumunu gözləməyə başladıq. Bu dəfə də itki verməmək üçün biz geri çəkilməli olduq. Səhəri gün Məmmərzənin meyitini köhnə bir qəbiristanlığın kənarında basdırdıq və yığışıb hücuma keçdik. Ən güclü atışma Məmmərzənin boş qalmış məzarının yanında oldu. Ermənilərdən öldürdüyümüzü öldürdük, neçəsini də yaraladıq, qalanlarını da qovub dağdan aşıra bildik, amma burda da İsaxan vuruldu. Məmmərzənin boş qalmış məzarına İsaxanı basdırdıq. Basdıranda da hər kəs bir-birinin üzünə baxırdı, amma kimsə ağzını açıb bir söz demirdi. Çünki hər kəsin nə deyəcəyi  hər kəsə bəlli idi, gözümüzün qarşısında bir ibrət hadisəsi yaşanmışdı. İsaxan zarafatla da olsa Məmmərzənin məzarına tamah salmışdı, Allah-Təala da o məzarı Məmmərzəyə yox, elə İsaxanın özünə qismət eləmişdi.

***

Bəzən zarafat hesab edirik və ya mənasız söz-söhbət kimi ağzımıza gələni danışırıq. Amma heç bir söz boşa getmir, bu həqiqəti unuduruq.

Ona görə də ağzımızdan çıxardığımıza diqqət yetirməliyik ki, başımız bəla çəkməsin. Quran nə buyurur, bilirsinizmi? – Qarşınıza çıxan bütün yaxşılıqları Allahdan, başınıza gələn bütün bəlaları isə özünüzdən bilin.

Hər kəs özü düşünsün, özü qərar versin. Bizdən deməkdi dedik. Allah-Təala bizə də, sizə də bu həqiqəti anlamağı və yaşamağı qismət eləsin! Vəssalam!