Hər kəs dünyanı niyyətinin gözü ilə görür

0
38
kainatAdamlar cürbəcür olur: bir iş görəndə “başqaları nə deyər?” düşünənlər və bir də başqalarının nə düşündüyünə əhəmiyyət verməyənlər, gördüyü işin Allah əmrinə nə qədər uyğun olub-olmadığını əsas götürənlər.
 Birincilər asılı, ikincilər isə azad insanlardır. Azadlığın əsas şərtlərindən biri də elə budur: başqalarının rəyindən daha çox, öz vicdanının səsinə qulaq asmaq. Başqasının xətrinə iş görənlər, danışanlar, gülənlər, qəzəblənənlər özündən imtina etmişlərdir; başqasının rəyini deyil, əməlinin Haqqın tələbinə uyğun olub-olmadığını öndə tutanlar isə Haqqa can atanlardır.

Birincilər asılı, ikincilərsə müstəqil adamlardır.

Məsələnin başqa tərəfi də var: ətrafda gördüyünə münasibət. Bu münasibət də insan xarakterinin açılması üçün mühüm amildir. Yəni hər kəs ətrafına öz niyyətinin gözü ilə baxar, daha doğrusu, baxdığı yerdə, obyektdə öz düşündüyünü, axtardığını görmək istəyər. Xoşniyyətli adamlar ilk qarşılaşdığı hadisələr və adamlar haqqında hər zaman yaxşı şeylər düşünər, daha doğrusu, məsələni yaxşıya yozmağa çalışarlar. Bu cür yanaşmaya hüsn-zənn, yəni xoşgörü deyilir. Gördüyü hər kəsdə, hər hadisədə qüsur axtarmaq, onu qaralamağa çalışmaq isə sui-zənn adlanır, yəni qaraniyyətlilik.

Qurani-Kərimdə bu haqda belə buyurulur: “Ey iman edənlər, çox zəndə bulunmaqdan çəkinin, çünki zənnin bir qismi günahdır. Bir-birinizin qüsurlarını araşdırmayın, kimsə kimsənin qarasınca danışmasın…”

Gözəl əxlaq sahibi gördüyü qüsurları yaymaz, orda-burda danışıb qüsur sahibinin olan-qalan qürurunu da ayaqlar altına atmaz, o eyibləri, əskikləri düzəltməyə çalışar, özü də onu incitmədən, minnət qoymadan. Allah-Təalanın Gözəl Adlarından biri də Səttardır, yəni bəndələrinin eybini, qüsurunu örtən, açıb-ağartmayan. Allah-Təala onu da buyurur ki, kim bir müsəlmanın qüsurunu gördüyü halda, onu örtməyə can atarsa, Allah da Qiyamət günündə onun qüsurunu örtər.

Əsl insan gördüyü pis halları yaxşıya çevirməyi özünə borc bilər və bu borcu yerinə yetirməklə məmnun olar, rahatlıq tapar, pisniyyətlilər isə başqalarının qüsurundan özü üçün qınaq mövzusu çıxarar, artıq-əskik danışıb, günah edər.

Bədniyyətlilik mənəvi xəstəlikdir, bu xəstəliyə düçar olanlar könül xoşluğunun, mənəvi həzzin nə olduğunu bilməzlər.

Xeyirxahlıq, alicənablıq, bağışlamaq isə həm mənəvi, həm də cismani baxımdan şəfadır, sağlamlıqdır.

Allah-Təala sizləri və bizləri hər cür mənəvi xəstəliklərdən qorusun!