Evində sözü keçməyən namizədlər…

2
60

seçkiAzərbaycanın ən böyük problemlərindən biri də bu ölkədə insanların öz iş yerlərinə “trampilin” kimi baxmalarındadır. Bizim ölkədə bir neçə yerdə işləyən, bir neçə peşənin sahibi olan, əlindən hər nə desən gələn adamların da nəsə başqa yerdə bir iş axtardığını görürsən. Bizdə bir peşəni babasından alıb nəvəsinə ötürən adama heç vaxt rast gəlmək olmaz. Ancaq məsələ ənənə, istedad tələb olunmayan bütün başqa işlərdə də belədir. Azərbaycanda elə bir sahə yoxdur ki, orada mütəxəssis çatışmazlığı olmasın. Hamı iş axtarır, ancaq hər yerdə peşəkarlara ehtiyac var…

Bu bərbad durumun yaranmasının səbəbi isə ilk cümlədə dediyim kimi insanların iş yerlərinə “müvəqqəti” münasibət bəsləmələrindədir. Elə hamının beynində bir cümlə var, – normal bir iş tapsaydıq rahat nəfəs alardıq. Hərə öz yerində darıxır. Məsələ ən aşağıdan, ən yuxaryıa qədər belədir. Adamlar öz iş yerlərini dəyişmək, başqa vəzifəyə keçmək istəyirlər. İnsanların hansısa bir işdə özünü tapması, ömrünü bir işə, peşəyə bağlaması, rahatlanması, toxtaması cəmiyyətin ümumi inkişaf, intellekt, şüur səviyyəsi ilə bağlıdır. Məhz bu özünü təsdiq problemləri Azərbaycanda hər beş ildən bir keçirilən parlament seçkilərində ən bariz şəkildə görünməkdədir. Hər beş ildən bir bu ölkədə bütün natamamlıq kompleksləri üzə çıxır. Sanki bizə kimliyimizi, hansı yuvanın quşu olmağımızı, ötən beş ildə nə qədər qabağa getdiyimizi göstərmək üçün bir şansdır bu seçkilər.
Budur, yenə ölkə seçki ərəfəsindədir. Sən bir namizədlərə bax… Mən “deputat mandatı uğrunda mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşınını hüququdur” , “Bu bir siyasi aktivlikdir” və.s kimi yersiz fikirəri heç bu yazıda müzakirə belə etmək istəmirəm.

İndiyədək məşğul olduğu işdə ilkin mərhələni belə adlaya bilməyən, öz legitimliyini evində qəbul elətdirə bilməyən, üç nəfər bir yerə yığışanda yediyinin “şot”unu ödəyə bilməyən, cəmiyyətdə heç bir hadisədə üç kəlmənin sahibi ola bilməyən adamlar hər beş ildən bir periodik olaraq deputatlığa namizəd olurlar. Axı nəyə görə insanlar parlament seçkisinə özünü təsdiq kimi baxırlar? Bu deputatlıq yarışı əslində ona görə maraqlıdır ki, biz minlərlə reallıq hissini itrmiş adamları tanıyır və onların təfəkkürünə bir daha heyrət edirik. Hərdən məni dəhşət bürüyür ki, bizim ətrafımızda nəinki parlament seçkiləri ərəfəsini, hətta bütün ömrünü reallıqdan uzaq, heç vaxt mümkün olmayacaq ideyalara, işlərə inanmaqla keçirən insanlar var.

Bu ştatlı namizədlərin, əlbəttə, içində müəyyən hədəflərə işləyənləri də var. Məsələn, onların bir qismi bu namizədlik məsələsinə beş ildən bir açılan yarmarka kimi baxır. Fikirləşir ki, namizəd olacaq, hay-küy salacaq və prosesin axirina yaxın beş-üç manatını alıb daha şanslı namizədin xeyirinə geri çəkiləcək. Belələrini ehtiyacları nəzərə alıb haradasa başa düşmək olar. Başqa bir qrup isə düşünür ki, şansdır, özümü tanıdım, bilsinlər ki, belə bir adam yaşayır. Tutaq ki, başına bir iş gəlsə desinlər ki, deputatlığa namizəd olub. Bu məqam da özünü təsdiqlə müəyyən qədər bağlı olsa da, sırf avaralıq faktıdır. Yəni belələri, konkret özləri avara adamlardır, seçkilər ərəfəsində bizi də bir-iki ay avara edirlər. Müəyyən mənada bunları da başa düşmək olar.

Namizədlərdən bir qrupu isə artıq indidən qələbələrini elan etmiş, ciddi şəkildə gedib parlementdə oturacağı yeri də müəyyənləşdirən adamlardır. Özü də bu qisim namizədlər cəmiyyətdə, facebookda, başqa yerlərdə müəyyən qədər tanınan, lakin indiyədək reallığı görə bilməyən insanlardır. Belələrinin sadəcə bir amacları var. Proses boyunca hay-küy salmaq, iki ay da bizi belə girinc eləmək, seçki günü bəyanat yaymaq, gələcəkdə imkan olarsa siyasi aktiv kimi bu fəaliyyəti “aformut” eləmək.
Təsəvvür edin ki, Azərbaycanın parlamenti də cəmiyyətin bir hissəsi olduğu üçün belə düşüncələr bu ali orqana da yol tapıb. İndiyədək hətta üç, dörd çağırış deputat seçilən insanlar var ki, tutalım bu dəfə prosesdən kənarda saxlanıblar. Gəlin, onların daha namizəd olmamaları ilə bağlı verdikləri açıqlamalara baxaq. Məzmun belədir. “Partiya necə məsləhət gördüsə elə də olacaq”, “Hələ gözləyirəm…”, “Baxaq görək nə olur…”, “Vaxta var…”

Görün, bu açıqlamalarının hansında özgürlük, sərbəst mövqe, “Daha bəsdir” düşüncəsi, seçici qərarı, cəmiyyətin bu adamın fəaliyyətinə münasibəti yer alıb? Gör, mandatını itirən bir nəfər indiyədək çıxıb deyibmi ki, getdim 5 il işlədim, baxdım gördüm ki, ora mənim yerim deyil, sözüm keçmədi, potensialım çatmadı və daha deputatlığa iddiam yoxdur. Verilən açıqlamaların demək olar ki, heç birində onların şəxsi iradəsi yoxdur.

Hələ bu deputat-rektorlar… Axı bunların heç olmasa biri öz iradəsi ilə çıxıb ortaya tutaq ki, keçən il açıqlama verə bilərdi ki, bu iki məsuliyyətli iş bir arada mümkün deyil, birini seçmək lazımdır. İndi onların “doğru qərardır, həqiqətən də adam ya deputat olar, ya rektor” açıqlaması nə qədər səmimidir? Demək adama “dur” deməsəydilər bütün ömrünü elə belə də ağır yük altında keçirəcəkdi…

Ən dəhşətlisi isə bu qədər düşüncənin, mövqeyin, niyyətin içində seçim eləməkdir… Bunlardan birini mütləq seçmək lazımdır. Əcaba, hansını?.. “Qafqazinfo”

Elbrus Ərud, “Qafqazinfo”

2 ŞƏRH

  1. Çox hörmətli Elbrus Ərud bu qədər xırdaçılığa getməyə nə hacət?!Sadəcə yazmaq olardı ki,əzizlərim siz hamınız bilirsiniz ki,necə deputat olurlar və bunun üçün kimə,necə müraciət etməyi də bilirsiniz.Bundan sonra adınız əsas siyahıya salınır və sizin deputat “seçilməyiniz” barədə “sırəncam ” verilir.Qalan hər nə varsa boş şeydir,yəni FUFLODUR.

  2. Namizədlərdən bir qrupu isə artıq indidən qələbələrini elan etmiş

Comments are closed.