Mənalı müəllim ömrü yaşayan həmyerlimiz-Bəxtiyar Allahverdiyev

1
93
Bəxtiyar Allahverdiyev
Bəxtiyar Allahverdiyev

SAĞLIĞINDA QİYMƏT ALAN İNSAN—BƏXTİYAR ALLAHVERDİYEV

 

Əgər bir müəllim olsa bədəsil,

Yetişdirə bilməz o, kamil nəsil.

Nizami GƏNCƏVİ.

Haqqında danışmaq istədiyim, sözünə, söhbətinə həmişə ehtiyac duyduğum bir insana—Bəxtiyar Allahverdiyevə hörmət və sevgim böyükdür. Təcrübəli pedaqoq, səmimi, qayğıkeş insan kimi ona sonsuz rəğbətim var.

Bir vaxtlar mənə fizikadan dərs deyən Bəxtiyar Allahverdiyev öz işi, əməli, pedaqoji fəaliyyəti ilə el-oba arasında özünü təsdiqləyən müəllimlərdəndir.

… 37 il bundan qabaq Şıxəli Qurbanov adına Zərdab şəhər 2 saylı orta məktəbində oxuyurdum. O vaxt orta məktəbi əla qiymətlərlə bitirən şagirdlərə qızıl medal verilirdi. Mən də əlaçı idim və hamı güman edirdi ki, mənə qızıl medal veriləcək. Amma… medala düşməyim deyə, yekunda mənə kimya və biologiyadan 4 yazdılar, qızıl medalı isə yüksək vəzifəli məmurun oğluna verdilər…

O vaxt təkcə Bəxtiyar müəllim bu haqsızlığa etiraz etdi və o gündən o, sözü üzə deyən, qətiyyətli bir müəllim kimi də yaddaşıma həkk olundu.

Bəxtiyar Allahverdiyev bu gün təqaüddədir. 78 yaşa qədəm qoyub və ülvi amaldan, ali məqsəddən əl çəkmir, el-obanın zəkalı övladı kimi mənalı müəllim ömrü yaşayır.

İşlədiyi müddətdə gənc nəslin təlim-tərbiyəsi, dərin biliklərə yiyələnməsi yolunda əlindən gələni əsirgəməyən Bəxtiyar Allahverdiyev bəxtiyar insandır. Keçmiş şagirdlərinə fizika fənnini – təbiət elmini incəliklərinə kimi öyrədən Bəxtiyar müəllimin dərs dediyi gənclərin 30-dan çoxu bu gün fizika müəllimidir, ən başlıcası isə, onlar istər orta, istərsə də ali məktəblərdə bu fənni sevə-sevə tədris edərək, müəllimlərinin etimadını layiqincə doğruldurlar.

Sevimli müəllimimiz çalışdığı illər ərzində 2 dəfə “İlin ən yaxşı müəllimi” adına layiq görülüb, dəfələrlə fəxri fərmanlarla, mükafatlarla təltif olunub, baş və ali kateqoriyali müəllimlik dərəcələri alib. 2008-ci ildə nəşr edilən “Azərbaycan ziyalıları” kitabında onun fotoşəklini görəndən və haqqında geniş materialı oxuyandan sonra bir daha anladım ki sevimli müəllimimin el-oba qarşısındakı xidmətləri həmişə diqqət mərkəzindədir.

 Bəxtiyar müəllim pensiya yaşının çatması ilə əlaqədar təqaüdə çıxsa da bir vaxt dərs dediyi doğma məktəblə, sevimli iş yoldaşları ilə əlaqəsini üzmür. Bu təhsil ocağında hamı ona böyük hörmət və etiram bəsləyir. Veteran müəllim, təcrübəli pedaqoq kimi onu tez-tez məktəbə, burda keçirilən tədbirlərə dəvət edirdilər.

Zəngin təcrübəsini şagirdlərdən, gənc müəllimlərdən əsirgəməyən Bəxtiyar Allahverdiyev bu məktəbin təhsil sahəsindəki uğurlarını özününkü hesab edir və bundan qürur duyur.

Sevimli müəllimim həm də fəal ictimaiyyətçi kimi gündəlik hadisələrlə, yeniliklərlə maraqlanır, son zamanlar təhsil sistemində aparılan islahatları yüksək dəyərləndirir, müəllimlərə göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıq edir, qərar və göstərişləin, sərəncamların əhali arasında təbliğ olunmasında əlindən gələni əsirgəmir. Gündəlik mətbuatla daimi maraqlanan təcrübəli müəllim “Əkinçi”nin də ən yaxın dostu, daimi oxuyucusudur. Tez-tez redaksiyanın qonağı olur, sevincini qəzetin əməkdaşları ilə bölüşür.

Bəli, ömrünü xoş arzularla, şirin diləklərlə yaşayan Bəxtiyar müəllimin həyat gülşənini dərs dediyi vaxtlarda qazandığı uğurlar, elm, bilik öyrətdiyi insanların təbəssümü, alqışı, sevinci ətirləndirib, mənalandırıb, əlvan naxışlarla bəzəyib.

Çiçəklər tək-tənha olsa da dağ seli tək coşqundur. Bəxtiyar müəllimin də belədir, gənclik həvəsi, coşqunluğu ilə bu gün də el-oba, adamlar arasındadır. Bu gün də o, öyrətdiyi qədər öyrənməyə çalışır, təhsil sahəsindəki islahatların tələblərindən irəli gələnvəzifələrin yerinə yetirilməsində gənc müəllimlərə dəstək, yardımçı olur. İnanırıq ki, bundan sonra da onu öyrədən, öyrənən, elm, bilik yolunda ömrünü şam edən bir insan kimi görəcəyik. Bu şeirimi isə ideal müəllim hesab etdiyim Bəxtiyar müəllimə həsr etmişəm.

MƏN HƏYAT DƏRSİNİ SƏNDƏN ALMIŞAM

Dərin biliyinlə, məsləhətinlə

Kamala dolmuşam, eşqə dolmuşam.

Öyündüm hər yerdə qətiyyətinlə,

Mən həyat dərsini səndən almışam.

 ***

Elmin keşiyində dayandın mətin,

Nurlu əməyinlə oldun bəxtiyar.

Günəşdən nur aldı arzun-niyyətin,

Qəlbində çağlayan həyat eşqi var.

 ***

Ülvi məqsədinlə, amalınla sən

Etdin arzuları gerçək, müəllim!

Dərin düşüncənlə, kamalınla sən

Oldun çoxlarına örnək, müəllim!

 ***

Qəlbinlə bağlandın bu ülvi ada,

Bu yolda zəhmətin, tərin var sənin.

Ömrün illərini vermədin bada,

Hər dünya könlündə yerin var sənin.

 ***

İllər ötüb-keçsə, yenə müəllim,

Müqəddəs peşəndən söhbət açacam.

Ömür möhlət versə mənə, müəllim,

Mən sənin şəninə dastan yazacam!

Mübariz SƏFİYAROĞLU,

Əlibəyli kənd, şair-publisist.

1 comment

Comments are closed.