Jalə Əliyeva: Vaxt vardı Zərdabda məktəbə gedəndə qorxurdum ki, başıma uçar

1
32

 

Jalə ƏliyevaMillət vəkili, deputatlığa namizəd, filologiya elmləri doktoru Jalə Əliyevanın ilə müsahibə.

– Jalə xanım, sizə də məlum olduğu kimi, həmişə Azərbaycanda bu və ya digər seçkilər, yaxud, beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən zaman ölkəmizə qarşı Qərb dairələri, onların təsiri altında olan beynəlxalq təşkilatlar tərəfindən təzyiqlər, hücumlar güclənir. Bu baxımdan, builki parlament seçkiləri də istisna təşkil etmir, əksinə, bu dəfə təzyiqlərin, qarayaxmaların dozası bir az da artırılıb. Belə olan təqdirdə, parlament seçkiləri ilə bağlı ölkədəki seçki mühitini necə qiymətləndirirsiniz? Seçki mühiti ədalətli və demokratikdirmi?

– Ümumiyyətlə, təcrübə onu göstərir ki, Azərbaycan hər dəfə əhəmiyyətli, hər hansı bir ictimai, siyasi prosesin astanasında, ərəfəsində ikən özünü “demokratiyanın beşiyi” adlandıran, amma çox təəssüflər olsun ki, Azərbaycan da daxil olmaqla bir çox ölkələrə, xüsusilə də Şərqə və İslam ölkələrinə qarşı ikili standartlarla çıxış edən bir çox dövlətlər, beynəlxalq qurumlar tərəfindən böyük bir qıcıqla qarşılanır. Azərbaycanın uğura imza atacağı hər bir layihə, tədbir sanki əvvəlcədən avropalı politoloqlarmı, bir qrup insanın mənafeyinə xidmət edən qurumlarmı deyək, onlar tərəfindən əvvəlcədən sanki zərgər dəqiqliyi ilə ölçülür, statistikaya sanki müraciət edilir və sair və ilaxır.

Yəni, Şərqdə yeni qurulmuş, çox da böyük olmayan  müstəqillik , dövlətçilik tarixinə malik bir ölkənin həqiqətən də hər hansı bir Qərb ölkəsi ilə artıq müqayisə edilə biləcək uğurlara imza atacağını öyrənən kimi bunun qarşısını,  özü də çox təəssüflər olsun ki, heç bir əsas olmayan iddiaları, iftiraları, böhtanları ilə almağa çalışırlar. Çox zaman da sapı özümüzdən olan baltaların heç bir əsası olmayan, həqiqətə əsaslanmayan məlumatlar əsasında bu iftira kampaniyasını yaradırlar, qururlar. Biz bunun dəfələrlə şahidi olmuşuq.

“Qarayaxmalar başlandı, nə başlandı, ay aman Azərbaycana getməyin, öldürəcəklər, vuracaqlar, yıxacaqlar və sair və ilaxır…”

Konkret olaraq, “Eurovision-2012”, Birinci Avropa Oyunları ictimai xarakterli olsa da, amma eyni zamanda siyasətə də xidmət edən böyük tədbirlərdir və həmin tədbirlər ərəfəsində də biz bu siyasətin, ikili standartın  şahidi olduq. Qarayaxmalar başlandı, nə başlandı, ay aman Azərbaycana getməyin, öldürəcəklər, vuracaqlar, yıxacaqlar və sair və ilaxır.  Məsələn, Avropa Oyunları ərəfəsində bu etimadı özləri bizə göstərən Avropa ölkələri eyni zamanda, birdən-birə deyəsən peşman oldular. Daha doğrusu, görəndə ki, Azərbaycan həqiqətən çox qısa bir müddətdə Oyunlara tam hazırlığı həyata keçirib və yüksək səviyyədə bu oyunları həm qarşılayıb, həm də başa vurmaq əzmindədir, bu zaman Azərbaycanın yeni bir müvəffəqiyyətli, başarılı addımının qarşısını əvvəlcədən almaq üçün bu yola-qarayaxma kampaniyasına baş vurdular. İyun ayının əvvəlində – Oyunlar ərəfəsində Avropa Parlamentinin növbəti antiAzərbaycan bəyanatı səsləndirilmişdi, qətnaməsi qəbul olunmuşdu və biz Azərbaycan parlamentinin üzvləri olaraq o zaman 20 nəfərdən ibarət bir qrup – mən də o qrupun içində idim –  etiraz bəyanatı imzaladıq. Həmin bəyanatda da Azərbaycanın daxili işlərinə qarışmamağı, onların söylədiklərinin başdan-başa yalan və iftira olduğunu bəyan etdik.

“Nəyə görə 22-23 il bundan əvvəl ədalətsiz şəkildə Azərbaycan torpaqlarının işğalını, bir gecədə 600 nəfərin qətliamının həyata keçirildiyi Xocalı faciəsini görmürsünüz?”

Bu gün də yuxarıda qeyd edildiyi kimi, ölkəmiz böyük bir siyasi prosesin – Azərbaycan Respublikasının 5-cı çağırış Milli Məclisinə seçkilər ərəfəsindədir. Bunun üçün ölkədə  demokratik çərçivələr istiqamətində bütün hazırlıqlar həyata keçirilib və keçirilməkdədir. Amma qəribə olanı budur ki, hələ seçkiyə Azərbaycan dövləti, hökuməti tərəfindən rəsmi şəkildə start verilmədən, hələ heç bir başlanğıc olmadan, “qara məni basınca, mən qaranı basım məsələsi” deyərək sərhədlərimizdən çox-çox uzaqlarda – yenə də beynəlxalq qurumlar, konkret olaraq Avropa Parlamenti seçkilərin “qeyri-demokratik” keçiriləcəyini, Azərbaycana müşahidəçi göndərməyəcəklərini  ciddi-cəhdlə elan etdilər. Avropa Parlamentində bu bəyanata, bu qətnaməyə imza atan üzdəniraq o deputatlara xatırlatmaq istəyirik ki, əgər siz bu qədər insan hüquqları, ədalət və demokratiya tərəfdarı, qoruyucususunuzsa, o zaman nəyə görə bu gün dünyanı başına alan müharibələri, kütləvi insan ölümlərini, uşaqların müharibəyə cəlb edilməsini, gözümüzün önündə-Şərqdə baş verən vəhşilikləri, qəddarlıqları görmürsünüz?

O zaman nəyə görə siz 22-23 il bundan əvvəl  ədalətsiz  şəkildə Azərbaycan torpaqlarının işğalını, bir gecədə 600 nəfərin qətliamının həyata keçirildiyi Xocalı faciəsini görmürsünüz? Siz nəyə görə bir milyondan çox azərbaycanlı insanın, türk insanının 25-27 ildən artıq bir dövrdə qaçqın-köçkün vəziyyətində, – təbii, dövlət onlara yiyə durur – səfil durumda yaşadıqlarını görmürdünüz? Buraxın taptaq altında qalan torpaqlarımızı, evlərimizi. Tapdaq altında bizim mənəviyyatımız qalıb, bizim abidələrimiz qalıb, bizim musiqimiz qalıb. Bunları nəyə görə görmürsünüz? Axı, siz özünüzü demokratiyanın beşiyi adlandırırsınız?.. Axı, siz özünüzü insan hüquqlarının mühafizəçisi adlandırırsınız?.. O zaman  bunları da görmək və vaxtında işğalçıya yerini göstərmək lazımdır!!!

“Kənardan fikir yürütmək, sənin ölkəndə insanın hüquqları pozulur, demokratiya yoxdur demək çox asandır”

 – Eyni zamanda,hər kəsin, hər bir xalqın, hər bir millətin, hər bir dövlətin onların istədiyi kimi sanki proqramlaşmış şəkildə hərəkət etməsini arzulamaq və bunu tələb etmək, nə dərəcədə demokratiyadır? 

– Tamamilə, doğrudur və fikrinizlə tam razıyam. Bunun harası demokratiyadır, harası liberallıqdır, harası plüralizmdir? Mənə elə gəlir ki, bu, radikallığın, totalitarizmin, neoimpreializmin ən böyük göstəricisidir.Bilirsiniz, kənardan fikir yürütmək, sənin ölkəndə insanın hüquqları pozulur, demokratiya yoxdur demək çox asandır. Amma həmin  insan haqları, demokratiya prinsiplərini sən özün əvvəla öz ölkəndə, daha sonra da digər ölkələrə münasibətdə həyata keçirə bilirsənmi? Adama deyərlər ki, mən sənin ölkənin daxili işinə qarışıram, qardaş?

Mən gedib deyirəm ki, məsələn Fransada fəhlələr niyə tətil etdilər, onların maaşını niyə qaldırmırsan? Amma eyni zamanda təbii ki, dünyanın qəbul etdiyi insan hüquqları kriteriyaları var.  Biz də demokratik, sivil ölkə kimi bu kriteriyaları qəbul etmişik. Hər hansı  bir yerdə hər bir insan faktorunun qarşısında səsimizi yüksəltməyi bacarmalıyıq. Amma elə faktlar, elə tarixi həqiqətlər var ki, burada hər hansı bir ölkənin daxili işinə qarışmaq yol verilməzdir. Bir daha deyirəm ki, bu gün dünyanın yarısını müharibə başına götürüb, Şərq alovlar içərisindədir və bütün bu hadisələrin yaradıcıları da məlumdur, ssenaristləri də.

“İnsan hüquqlarından danışırsınızsa, bəli, Azərbaycanda insan hüquqları pozulub”

Yaxşı həmin o yaradıcılara, ssenaristlərə kimsə “sən niyə bu günə qədər bu  ölkələrdə daxili nizamı pozursan, məzlum insanların qanına niyə bu qədər susamısan“, deyibmi? Xeyr. O zaman zəhmət olmasa otursunlar yerlərində. Bir ölkənin öz sərhədləri içərisində, öz torpaqlarında sırf bu kimi ikiüzlü siyasətin ucbatından, 25 ildən artıqdır qaçqınların, köçkünlərin olması nonsensdir. Sual edirəm: siz bu qaçqın, köçkün ordusunu gördünüzmü, onların naminə səsinizi yüksəltdinizmi? Və əgər insan hüquqlarından danışırsınızsa, bəli, Azərbaycanda insan hüquqları pozulub. Ona görə ki, öz torpaqları, öz sərhədləri içərisində öz vətəndaşı qaçqın vəziyyətində, köçkün vəziyyətindədir. Bəli, Azərbaycan qadınının hüquqları pozulub.

Ona görə ki, Azərbaycan qadını 20 ildən artıqdır çadırlarda, evindən-eşiyindən uzaqda yaşamağa məcbur olub, çadırda ailə qurub, çadırda uşaq dünyaya gətirib, uşaqları həmin çadırlardan qonşu çadırdakı   məktəbə gedib, bu qadınlar xəstə uşaqlarını sağaltmaq üçün çadır xəstəxanalara üz tutublar. Və indi o uşaqlar yaşı 20-ni keçmiş gənclərdirlər. Bəli, Azərbaycanda uşaq hüquqları pozulub. Ona görə ki, sərhəd bölgəsində yaşayan məsum bir azərbaycanlı  uşağı evinin həyətində oynayarkən erməni gülləsinə tuş gəlib.  Atəşkəs elan olunsa da, hələ də müharibə davam edir. Bu insanların hüquqları pozularkən, bəs siz harda idiniz cənablar? İndi gəlib deyək ki, kimsə bir cinayət törədibsə, kimsə nə bilim rüşvət alıbsa və həbsxanaya düşübsə,  bütün bunları insan hüquqları pozulur deyə, car çəkmək nə dərəcədə düzgündür görəsən?

“Biz gəlməyəcəyik, biz müşahidəçi göndərməyəcəyik” demək çox asandır”

Və yenidən gəlirəm seçkilərə. Seçkilər hələ başlamadan, start verilmədən, – hələ onda heç namizədlər də bəlli deyildi- seçki dairələri formalaşdırılmadan  bu öncəgörmələr, bu nastradamusluq görəsən nə dərəcədə bu qurumların ciddiliyindən xəbər verir? Əslində, bu mənasız və əsilsiz  açıqlamaları ilə onlar  özləri öz nüfuzlarına daha çox ziyan gətirdilər.  İndi artıq ölkəmizdə seçkiyə start verilib və təbliğatın bitməsinə çox az bir müddət qalıb.

Bütün dairələr də bəllidir, namizədlərin kimliyi də bəllidir və namizədlərin apardığı yaxşı mənada mübarizə, təbliğat da bəllidir. Yəni, istəyirlərsə, buyursunlar, gəlsinlər və həqiqəti öz gözləriylə görsünlər. “Biz gəlməyəcəyik, biz müşahidəçi göndərməyəcəyik” demək çox asandır. Bilirsiniz, nəyə görə? Çünki həqiqəti görmək istəmirlər. Həqiqətin gözünə baxmaq istəmirlər. Kaş  gəlib elə bu gün yaxın vəya uzaqlığından asılı olmadan hər bir seçki dairəsində hər bir namizədin apardığı təbliğat kampaniyası ilə yaxından tanış olaydılar. Və o zaman özləri görəcəkdi ki,   bu ölkədə seçkilərlə bağlı nə dərəcədə demokratik və ya özlərinin dediyi kimi, qeyri-demokratik hazırlıqlar gedir…

“3-cü dəfə  namizədliyini irəli sürən hazırki deputatamsa, uzaqdan elə görünə bilər ki, mənim üçün yaradılan seçkiqabağı şərait, belə deyək ki, güllük-gülüstanlıqdır “

– Konkret olaraq, sizin dairənizdə seçki mühiti necədir?

– Bütün demokratik ölkələrdə olduğu kimi, çox normal bir seçki mühiti var. Həmin dairədə məndən başqa 6 namizəd var. Onların içərisində müxalifət nümayəndəsi də var, bitərəf də var, iqtidardakı partiyanın nümayəndəsi də var.  Heç bir  namizədin qarşısına heç bir sədd çəkilməyib. Eyni zamanda, artıq 3-cü dəfə namizədliyimi irəli sürən hazırki deputatamsa, uzaqdan elə görünə bilər ki, mənim üçün yaradılan seçkiqabağı şərait, belə deyək ki, güllük-gülüstanlıqdır. Amma belə deyil, sadəcə mənim üçün deyil, bütün namizədlər üçün eyni şərait yaradılıb. Mən də namizədliyini irəli sürən digər namizədlər kimi qapı qapı gəzib imza topladım, imza vərəqlərimin doğruluğu yoxlandı, qeydiyyatdan keçdikdən sonra dislokasiyamı dairəyə təqdim etdim, mənə də digərləri kimi, görüş üçün yerlərin müəyyənləşdirildiyini və ancaq o yerlərdə görüş keçirə biləcəyimi dedilər. Yəni, qısacası hamı üçün qoyulan tələblər eynidir.Və hər bir namizədin öz təbliğatını sərbəst və rahat həyata keçirməsində heç bir maneə yoxdur.

“Azərbaycan dövləti əlindən gələni edir ki…”

Yəni, Azərbaycan dövləti öz imicini qorumaq, öz prinsiplərini qorumaq üçün əlindən gələni edir. Və bir daha bu günkü seçki hazırlıqlarının gedişatı da onu göstərir ki, Azərbaycanda həqiqətən seçicinin hüquqlarına hörmətlə yanaşılır, demokratiya prinsipləri bərqərar olub. Bunu gəlib görmədən danışmağın nə adıvar? Ona görə düşünürəm ki, nə olursa-olsun bütün sınaqlardan, bütün imtahanlardan, bütün qərəzli mövqelərdən Azərbaycan ölkə olaraq, xalq olaraq, dövlət olaraq bundan sonra da alnıaçıq, üzüağ çıxmağı bacaracaq.

“Ağsaqqallar deyirdilər ki, “heç nə istəmirik, qızım, sən danış, ailəmizlə axşam yeməyi yeyəndə heç olmasa işığımız verilsin”…”

Rayonda keçirdiyim görüşlərə gəlincə, deputatlığa namizəd olaraq bu görüşlərdən çox razıyam və çox ümidliyəm. Xatırladım ki, mən 2000-ci ildə də Zərdab rayonundan namizədliyimi vermişəm, uğursuz olub. 2005-dən ildənetibarən isə Zərdab rayonunun və Ucarın üç kəndinin deputatıyam. 2000-ci ildən üzü bu yana- 2000-2005-ci illər ərzində eşitdiyim ən böyük giley-güzar o idi ki, bizim rayonda və o rayonun timsalında bütün rayonlarda işıq yoxdur. Mən gedirdim, görüşlər keçirdirdim, ağsaqqallar deyirdilər ki, “heç nə istəmirik, qızım, sən danış, ailəmizlə axşam yeməyi yeyəndə heç olmasa işığımız verilsin”. Getdiyim hər yerdə deyirdilər ki, yolumuz yoxdur.

Şəhər mərkəzindən kəndə mən özüm görüşə gedirdim saatyarıma. Indi həmin yolu inandırım sizi cəmi 12 dəqiqəyə getdik. Bütün bunlar əlbəttə ki, nailiyyətdir. Kürq ırağında, Kür sahilində, Kür çayının kənarında yaşayan  bir rayonun  içməli qoy bir tərəfə, əkinlərini suvarmaq üçün suyu yox idi, nasosu yox idi, motoru yox idi. O zaman ancaq ərizələr gəlirdi ki, nasos ver, su çəkdir. Məktəblərə gedirdim qorxurdum ki, yəqin başıma uçulacaq, burda uşaq otura bilər?.. Bağçaya gedirdim, vay edib qaçırdım. İndi çox az sayda təmirsiz və yeni tikintili olmayan kənd qalıb, hamısında ən yüksək standartlarda məktəblər, bağçalar inşa edilib. İşıq, su, yol problemi yoxdur.

“Xalqın qəlbində, ürəyində dövlətinə, dövlət başçısına bu sevgi, bu inam, ən əsası etimad varsa, əlbəttə ki, qalan bütün məsələlər öz həllini tapa biləcək məsələlərdir…”

Və yaxud qazlaşdırma. Bəli, SSRİ dağılandan sonra elə bil ki, qaz xətlərini də kəsib doğradılar hamısını, boruları bilmirəm nə etdilər. İnsanlar çaşıb qalmışdılar. Zərdab rayonu Kür çayının kənarındadır. Tuqay meşələrinin olduğu bir rayondur. Amma meşəliyimiz artıq demək olar ki, yoxa çıxmaqdaydı. Çünki insanlar meşəliyi kəsib-doğrayıb istifadə edirdilər. Çox şükür indi yaşıllıqlar yenidən meydana gəlib. Ona görə ki, qazlaşdırma siyasəti getdi. Bütün bunları insanlar gözləri ilə görürlər. Dünyanın hər hansı bir ölkəsini göstərin ki, əyalətlə şəhər eyni səviyyədədir. Mümkün deyil bu. Amma təbii ki, bütün görülən işlər bu istiqamətdədir.

Ölkə rəhbərinin də hər zaman dediyi budur ki, şəhərlə kənd arasında Azərbaycanda fərq qalmamalıdır və qalmayacaq. Biz həqiqətən gözümüzlə bu fərqi, inkişafı görürük və ona görə də insanımız məmnundur. Mən əgər 10 il bundan əvvəl gündə 10-15 məktub alırdımsa, indi heç ayda almıram o məktubları…Gördüklərimiz, müşahidə etdiklərimiz bundan ibarətdir ki,insanlarımızın öz dövlətinə və Prezidentinə sevgisi, etimadı, inamı tamdır. Əlbəttə ki, xalqın qəlbində, ürəyində dövlətinə, dövlət başçısına bu sevgi, bu inam, ən əsası etimad varsa, əlbəttə ki, qalan bütün məsələlər öz həllini tapa biləcək məsələlərdir…

1 comment

  1. Şəxsinə hörmət etdiyim Jalə xanım!Söylədiklərinizin hər biri haqda sizinlə polemika aparmaq olardı,canlı ünsüyyət qurulsaydı.Amma bir fikrinizə münasibət bildirməkdən vaz keçə bilmirəm:”-Məktəblərə gedirdim qorxurdum ki, yəqin başıma uçulacaq, burda uşaq otura bilər?”
    Yuxarıdan verilmiş göstərişlə,tamamilə qeyri qanuni olaraq, uzaqlaşdırıldığım Zərdab şəhər 1 saylı məktəb-liseyin 3-cü mərtəbəsində olmusunuzmu?Bu məktəb ilin ən yaxşı məktəbi adına layiq görülmüş məktəbdir.Çox xahiş edirəm imkanınız varsa orda olun və 3-cü mərtəbənin vəziyyətini görün.Belə bir məktəbi olan ölkənin millət vəkili olduğunuzdan bəlkə də peşiman olacaqsınız.

Comments are closed.