Adamın bəxtinə naşı düşəndə

0
35
İsaməddin Əhmədov
İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.

Qız var, qarıdan da urvatsız olur,
Ev var, arvadlı da arvadsız olur,
Kişi on oğulla övladsız olur,
Başına dünyanın daşı düşəndə.

Çəksən də üstünə poladdan sipər,
Min ilə qurulan bir anda itər,
İşıq dirəyində yarpaq da bitər,
Torpağa məzlumun yaşı düşəndə.

El köçür, dağları duman bürüyür,
Həsrətdən zirvədə daş da əriyir,
Günü qara keçir, ömrü çürüyür,
Adamın bəxtinə naşı düşəndə.

Gözəgörünməzdir verən qisməti,
Kimsə yox öncədən görən qisməti,
İnciyər bəxtindən, dərən qisməti,
Sevdiyi üzüyün qaşı düşəndə.

İsaməddin ömrü yaşadı hədər,
Arzusu, istəyi öldü nə qədər,
Özü bir karvana yük olub gedər,
Qəbirdə yatmağa yaşı düşəndə.