Necə dost axtardığını bilən insan necə dost olmağı da yaxşı bilməlidir

0
25
Zərdab rayonuƏgər bir dostunuzdan ayrılmısınızsa, bu itkinin əsas günahkarı kimi özünüzü hesaba çəkin.
 Səbəbi qarşı tərəfin boynuna atmaq işin asan, amma aldadıcı tərəfidir. “Hər şey onun üzündən oldu” deməklə siz özünüzdən başqa, kimsəni aldada bilməyəcəksiniz. Sizmi o dostun qəlbinə toxunmusunuz, yoxsa o sizə qarşı haqsızlıq edib, bütün bunları yaxşıca araşdırıb nəticə çıxarmalı və əgər özünüzü xətalı görürsünüzsə, o xətanı bir daha təkrar etməməyə çalışmalısınız. Yəni bir başqası ilə quracağınız dostluq əvvəlkindən daha mükəmməl, daha etibarlı olmalıdır. Köhnə dostluqlara gəlincə, küsülü qalmağın bir uşaq davranışı olduğunu hamımız bilirik və onunla da əvvəlki münasibətləri bərpa etməyin mümkün olmadığını da artıq hər ikiniz anlayırsınız, amma heç olmasa, arada salam-kalamı saxlamaq lazımdır.

İnsan xətasından dərs ala bilirsə, demək o xəta onun üçün xeyrə dönür. Tutaq ki, o dostluğun başa çatmasında təqsirkar sizsiniz, əgər bunu etiraf edə bilirsinizsə, demək içinizdə etiraf, daha doğrusu, ədalət hissi var. Yəni, heç olmasa, doğru qərar verə bilirsiniz; üzr istəyər, əfv diləyərsiniz. Bəs bundan sonrası necə, əvvəlki münasibətiniz davam edəcəkmi?- Bu bir az çətin məsələdir, çünki könül də şüşə qab kimidir, nə qədər yapışdırsan, yenə çat yeri görünəcək. Tamamən əfv edə bilmək, o acı hadisələri heç olmamış kimi qəbul etmək insan oğlu üçün, həqiqətən də, çox çətindir. Amma bu mövzuda tamamən ümidsiz olmaq da istəmirəm. Sadəcə, o könlü qırmadan, bəzi sözləri söyləmədən öncə nə qədər diqqətli, səbirli davranmalı olduğumuzu xatırlatmaq istəyirəm.

Tutaq ki, haqsızlıq edən biz deyilik və biz nə qədər saf-çürük eləsək də, özümüzdə bir xəta görə bilmirik, bəs onda? – O zaman da ona həddən artıq bağlandığımıza və etibar, etimad mövzusunda ona bir insanın çəkə bilməyəcəyi yükü yüklədiyimizə görə özümüzü ittiham etməliyik. Peyğəmbər (s.ə.s.) Əfəndimiz bir hədisi şəriflərində “sevdiyini ölçülü sev, vaxt gəlir, düşmənin olur; düşməninə də ölçülü davran ki, vaxt gəlir dostun olur”- buyurmuşdur. Bu, o qədər hikmətli, möhtəşəm bir sözdür ki, onu ancaq yaşayanlar bilər. Sizə arzu eləmirəm ki, bu gün dost olduğunuz insanla nə vaxtsa düşmən olasınız. Amma təcrübə göstərir ki, əski dostun düşmənə çevrilməsi çox ağır olur. Demək, dostlarla münasibətdə bir qədər məsafəli davranmaq o dostluğun davamlılığı üçün çox əhəmiyyətli məsələdir.

İnsan ancaq ağrı-acılarla, iztirabla yetkinləşir, yəni bişir. Bir çox məsələlərdə dostunuzla bənzər olsanız belə, fərqli tərəfləriniz daha çoxdur. Bir-birinizdən inciməmək üçün gərək hər biriniz qarşı tərəfin bu fərqli cəhətlərinə qatlana biləsiniz. Amma biz  istəyirik ki, kimsə bizim cəfamızı çəksin. İstərik ki, biri bizi hər zaman sevsin, saysın, xətalarımıza göz yumsun, bir yaxşı işimiz olan kimi öyüb göylərə qaldırsın, sirrimizi kimsəyə söyləməsin, xəstələnsək, yatağımızın başından ayrılmasın, amma biz onu axtarmayanda inciməsin, işimizin çox olduğunu başa düşsün, biz istəyəndə onun qapısını ayağımızla açaq, o isə ancaq biz istəyəndə gəlsin, bizdən heç bir maddi istəyi olmasın, bizim istəklərimizi isə heç dilə gətirmədən anlasın və o andaca təmin etsin. Varmı belə bir insan, bir dost, inanmıram. Beləsi olsa-olsa ya bir mələk, ya da bir övliya ola bilər. Həm də o mərtəbəyə bizim cəfamıza qatlana bildiyi üçün yüksələr.

Dost dediyiniz insanla bir stəkan çayı üz-üzə oturub ürək açıqlığı ilə içə bilirsinizsə və ya hər dəfə ayrılarkən könlünüzdə ona qarşı xoş bir təəssürat hiss edirsinizsə, bu sizin üçün yetərli olmalıdır. Bu münasibəti cürbəcür qeybətlərlə, onun-bunu sirlərini araşdırmaqla, əndazədən çıxmış zarafatlarla bulandırmayasan, ona dəyər verəsən. Dost dediyin sənə haqqı xatırladacaq, xətalarından qurtarmaq üçün yardımçın olacaq, ayna kimi qarşında dayanacaq və sən onda özünü görəcəksən, əskiklərini təsbit edəcəksən, onları aradan qaldırmaq üçün çırpınacaqsan. “Filan yaşdan sonra tərbiyə olmur” deyənlər yalan danışırlar. Hər yaşda tərbiyə var, əllidə də, yetmişdə də, yüzdə də… Əsl dost səni o tərbiyəyə yönəldəndir, zərərli vərdişlərdən, günahlardan təmizləyəndir, bu işdə yardımçın olandır.

“Yaxşı, bəs qeybət olmayacaq, onun-bunun söz-söhbəti olmayacaq, zarafat olmayacaq, bəs onda nədən danışacağıq?”- deyənlər də var. Əgər siz çoxlu kitab oxusanız, saydığımız o bəsit mövzulara girmədən nə qədər maraqlı söhbətlər edə biləcəyinizə əmin olacaqsınız. Uşaqların tərbiyəsindən, ər-arvad münasibətlərindən, yeni yemək çeşidlərindən… o qədər mövzu çıxacaq ki ortaya. Boş danışıqlar, qarşı tərəfi incidəcəyini düşünmədən edilən zarafatlar ilkin mərhələdə əyləncəli görünsə də, bir müddət sonra mütləq narazılığa səbəb olacaq. İnciyən tərəf bir-iki dəfə səbir etsə də, nəhayət, bir gün qiyamət qoparacaq. Əgər biz tədbirli, qarşı tərəfi düşünən insan ola bilsək, dostluqlarımızın qalıcı olduğunu görəcəyik. Əslinə qalanda gerçək dostluq tək tərəfli olur. Yəni həqiqi dost axtarmaqdansa, həqiqi dost olmağa çalışmaq lazımdır. Çünki necə dost axtardığını bilən insan necə dost olmağı da yaxşı bilməlidir.