Uşağa özü kimi olmaq fürsəti verməlidir valideynlər

0
26
uşaqHeç bir valideyn övladının həyatda bədbəxt, uğursuz, problemli olmasını istəməz. Bunu hamımız bilirik və təsdiq edirik. Ancaq, əfsuslar olsun ki, çox vaxt hərəkətlərimiz bunun əksini ifadə edir.
Valideyn olmağı uşağın sahibi olmaqla eyniləşdiririk adətən. Xeyr. Heç bir valideyn dünyaya gəlməsinə vasitə olduğu uşağın sahibi ola bilməz.

Hamımızın sahibi Allahdır. Bizlər bir-birimizə əmanətik və hansı əmanətin əlimizdən nə vaxt alınacağını bilməyəcək qədər də acizik.

Valideynin borcu uşağı “yenidən yaratmaq” deyil, uşağın ruhuna hökm etməyə, onun özünə oxşatmağa çalışmaq deyil.

Valideynin borcu ona əmanət edilən bu şirin qonağın yetişməsinə, böyüməsinə, həyatı dərk etməsinə, öyrənməsinə kömək etməkdir. Sadəcə kömək etmək. Nə vaxt? Onun istədiyi vaxt. Bizim istədiyimiz vaxt yox.

Uşağa özü kimi olmaq fürsəti verməlidir valideynlər. Unutmamalıyıq ki, yalnız özü kimi olan insanlar həyatda uğur qazana bilərlər.

Hər insanın fitrəti fərqlidir. Heç kim heç kimin yaradılışdan gələn xüsusiyyətlərini dəyişdirə bilməz. Hər insan bu cür fərqli xüsusiyyətləri ilə gözəldir.

Övladlarımızı nə özümüzə, nə də bir-birilərinə oxşatmalıyıq. Nəyəsə və ya kiməsə oxşadıqlarına görə deyil, özləri olduqlarına, insan olduqlarına görə dəyər verməliyik onlara.

Livanlı mütəfəkkir Xəlil Cibran, “Bizə uşaqlardan danış” deyən bir anaya belə cavab vermişdir:

”Uşaqlarınız sizin uşaqlarınız deyildir.

Onlar, onları gözləyən həyatın oğulları və qızlarıdır.

Siz onların dünyaya gəlmələrinə vasitə oldunuz, ancaq onlar sizin deyil.

Düzdür, onlar sizinlə birlikdədir, ancaq sizin malınız deyildir.

Onlara sevginizi verə bilərsiniz, ancaq düşüncələrinizi əsla! Çünki onların özlərinə xas düşüncələri vardır.

Siz onların mədələrini doyura bilərsiniz, ruhlarını isə qətiyyən! Çünki onların ruhları sabahın sarayındadır. Siz isə o sarayı yuxunuzda da görə bilməzsiniz.

Siz onlara oxşamağa çalışa bilərsiniz, lakin onları özünüzə bənzətməyə çalışmayın. Çünki həyat geriyə addım atmaz və dünənlə maraqlanmaz.

Siz o yaylarsınız ki, övladlarınızı canlı ox kimi atırsınız.

Oxu atan kimsə sonsuzluq içində aldığı nişan yerini görər və oxunu sürətlə uzağa çatdırmaq üçün yayını bacardığı qədər gərər.

Oxu atanın belində gərildiyiniz zaman sevə-sevə gərilin; çünki oxu atan kimsə uçan oxu sevdiyi kimi, sağlam yayı da sevər”.

Bəli, ana da, ata da əmək verə-verə, çilə çəkə-çəkə yay olub gərilməlidir ki, uşaq daha uzaq və daha yüksək hədəflərə çata bilən bir ox olsun.

Elmir İsgəndərov
elmirisgenderov@yahoo.com.tr