Yaxşı valideyn olmaq üçün yaxşı həyat yoldaşı olun!

0
aileBəzi valideynlər ideal ünsiyyətlə ideal valideynlik arasında əlaqəni qəbul etməkdə çətinlik çəkirlər.
 Hətta, belə valideynlər valideynlik rollarına o qədər köklənirlər ki, həyat yoldaşı rollarını ikinci plana keçirirlər. Halbuki bu valideynlər yaxşı valideyn olmaq üçün, ilk növbədə, yaxşı həyat yoldaşı olmaq lazım olduğunu unutmamalıdırlar. Ən azı ona görə ki, uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə yaxşı vaxt keçirsələr də, onlar arasındakı gərginlikdən də öz paylarını götürürlər. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?

1. Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq rollarında da əks etdirirlər.

2. Tərəflər arasındakı ideal ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz nəticəsiz qala bilər.

3. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda, necə deyərlər, nifrət hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək.

4. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə səbəb olur. Nəticədə, uşağın özünəinam hissində də ciddi azalma baş verir. Digər tərəfdən, ailədəki bu qeyri-sabitlik uşağın psixologiyasına da mənfi təsir göstərir.

5. Müəyyən bir vaxtdan sonra uşaq valideynlər arasında tərəf saxlamaq məcburiyyətində qalır. Təbii ki, o, bu mərhələdə öz mənafeyini də unutmur.

6. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də, tədricən evdən uzaqlaşır.

7. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər.

Elə isə nə etməli?..

– Hər şeydən əvvəl tərəflər üz-üzə oturmalı və mövcud problemləri nəzərdən keçirməlidirlər.

– Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır.

– Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız.

– Digər tərəfdən, həll olunmamış hər bir problemin başqa bir problem üçün zəmin hazırladığını da unutmamalısınız.

– Bəzən problemlərin həllində mütəxəssis köməyinə ehtiyac ola bilər. Bunun üçün ailə məsələləri üzrə bir mütəxəssisə müraciət etsəniz, daha yaxşı olar.

– Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz.

– Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × 2 =