Xoşbəxtlik an deyil, anlayışdır

0
66
XosbextlikBu ifadənin düzgün anlaşılmasının ilkin səbəbi elə özüdür. Yəni, “xoşbəxt”, ya “bədbəxt” anlayışları işi taleyə, qədərə bağlayır: bəxti xoş olanlar, bəxti bəd olanlar… Bəs bəxt özü nədir? – heç şübhəsiz, deyəcəksiniz ki, alın yazısı, Allahdan gələnlər, iradəmizdən asılı olmayaraq önümüzə çıxanlar. Əslində, biz də elə bu cavabı gözləyirdik. Bir şey ki, Allahdan gəlir, onda bəndənin onu yaxşı və ya pis kimi kateqoriyalara ayırmağa haqqı yoxdur. Allahdan gələn nədirsə, ən xeyirli olan da odur. Yəni, bəxtin xoşu və ya bədi olmaz. Bəxt elə bəxtdir və hər bəxtin də şərtlərinə uyğun müqabili, qarşılığı var…
Bir qədər qəliz görünən bu girişdən sonra mövzuya qayıdaq. Bir də görürsən ki, yaşı səksəni keçmiş bir fikir adamı deyir ki, bütöv xoşbəxtlik olmur, xoşbəxtlik ayrı-ayrı anlardır. Bunu deyəndən sonra da saymağa başlayır, sevdiyinə qəlbini açdığın an, övladının dünyaya gəldiyi an, evinə gəlin gətirdiyi an, nəvəsini qucağına aldığı an, həkimin “Sizdə heç bir xəstəlik yoxdur” dediyi an və s… Biz demirik ki, o adam düz demir. Düz deyir, ancaq bütün bu deyilənlər dünya həyatı üçündür.

Klassik ədəbiyyatı açın, baxın, min il əvvəl bu yurdun kişiləri “xoşbəxtlik” deməyiblər, “səadət” deyiblər. Bax əsas məsələ də elə bu iki ifadənin arasında həll olunur. “Xoşbəxtlik” sözünün ifadə etdiyi məna yükü haqqında yuxarıda qısa da olsa, danışdıq. “Səadət” isə tamamilə fərqli və geniş məfhumdur. Bu yerdə yenidən klassik ədəbiyyata ekskurs etməli oluruq: İslam alimləri bildirirlər ki, Lövhi-Məhfuzda insanın adının qarşısına ya “Səid” yazılır, ya da “Şaki.” “Səid” sözünün ifadə etdiyi məna “Allahın razılığını qazanmış, niyyətləri, əməlləri ilə Onu xoşnud etmiş şəxs” deməkdir. “Şaki” isə bunun əksidir, yəni Allaha inanmamış güvənməmiş zavallı…

”Səadət”lə “səid” eyni kökdən gəlir, səid olanlar səadət iqliminə girirlər, səadət elə səid olmaqdır. “Səadət” ifadəsi dünya həyatını deyil, dünya həyatının ortaya qoyduğu nəticəni, son aqibəti nəzərdə tutur. “Xoşbəxtlik” isə dünya həyatından o tərəfə keçmir. Əslinə qalanda bu bölgü insanları, dünya görüşlərini bir-birindən fərqləndirmək üçün ən obyektiv və düzgün kateqoriyalardır: İnsan var, hər şeyi axirətinə görə hesablayır; insan da var ki, hər şey onun üçün ölümə qədərdir. Məhz bu cür düşünənlər xoşbəxtliyi bir səviyyə, anlayış kimi deyil, hansısa xoş anlar kimi görürlər. “Səadət” anlayışını daşıyanlar isə tam fərqli atmosferdə məskən tuturlar. Ömrünü zindanlar küncündə, məhrumiyyətlər içində keçirən xoşbəxt sayılmaya bilər, ancaq içində Haqq sevgisi, Quran ruhu hakimsə, inşallah səiddir, səadət iqliminin vətəndaşıdır.

Əgər “xoşbəxtlik”lə “səadət”i sinonim biliriksə, onda xoşbəxtlik an deyil, anlayışdır, fərqli bir iqlim, bambaşqa atmosferdir. Həm də bu xoşbəxtlik xoşbəxtliyin nə olduğunu anlamaqdan başlayır. Yəni, xoşbəxt olmaq üçün əvvəlcə xoşbəxtliyin nə olduğunu anlamaq, sonra da yolun kənarına düzülmüş yol işarələrini düzgün oxuyaraq doğru hədəfə doğru yollarla getməkdir…