İnternetdə sağlamlıq axtaranlar…

0
18

tibbBir çox insanlar sağlamlıqla bağlı internetdən əldə etdikləri məlumatları öz həyatlarında tətbiq edib, “sağlam qalmaq” istəyirlər. Xüsusilə, son vaxtlar bu hallar geniş yayılıb. Əksər hallarda mənbəyi bilinməyən, kopiyalanaraq saytları, sosial şəbəkələri dolaşan bu məlumatların xeyirdən çox, zərər verməyəcəyinə kiminsə zəmanəti varmı?

Məsələ ilə bağlı bu sahə üzrə mütəxəssislərin fikirlərini öyrəndik. Kardioloq Abdulla Abdullayevin sözlərinə görə, internetdən tibbi baxımdan müsbət mənada faydalanmaq mümkün olsa da, düzgün istifadə edilmədikdə əks təsiri də qaçılmazdır: “Tutaq ki, internetdə hər hansı xəstəliklə bağlı yazı yayımlanıb və müəllifi göstərilməyib. Həkim olmayan adam haradan bilə bilər ki, bu məlumat düzdür, yoxsa səhvdir. Həkim baxanda, oxuyanda bilər ki, filan fikir səhvdir, bunu etmək olmaz. Amma sadə insan, tibbi biliyi olmayan adam bilməyəcək. Ona görə də kor-koranə bu məlumatlardan faydalanmağı tövsiyə etmirəm. Rahat müalicə üsulu axtarışına çıxanlar başlarına problem açmasınlar”.

 “Bu faktlara güvənmək olmaz”

Kardioloq onu da qeyd etdi ki, bəzən bu məlumatlar tərcümə də olur: “Hansısa dildən bu yazını tərcümə edən jurnalistin tibbi biliyi olmadığı üçün tərcümə zamanı səhvə yol verə bilər. Mənbə göstərilməyibsə, istinad edilməyibsə, bu sahə üzrə təcrübəsi olan mütəxəssis təsdiqləməyibsə, onda bu yazıda sadalanan faktlara güvənmək olmaz. Adamlar var ki, uşaqları xəstələnən zaman internetdən oxuduqlarını onların üzərində təcrübədən keçirirlər. Bunlar təhlükəli nəticələr verə bilər”.

İnternet üzrə ekspert Yusif Süleymanlı isə bu mövzu ilə bağlı sualımıza cavabında dedi ki, yalnız rəsmi saytlardan və ya tibbi yardım məqsədi ilə açılmış saytlardan mütəxəssis rəyi almaq düzgün olardı: “Buna misal olaraq, Səhiyyə Nazirliyinin saytını, eyni zamanda “tibb.az” saytını misal göstərmək olar”.

Y. Süleymanlının sözlərinə görə, bu kimi çoxlu beynəlxalq saytlar da var.

 “Qətiyyən…”

Ekspert deyir ki, internetdə axtarış verəndə istənilən xəstəliklə bağlı kifayət qədər məlumat tapmaq olar: “Lakin onların hamısına güvənmək doğru olmazdı. Çünki elə məlumatlar, yazılar var ki, tibbi məsləhətin kim tərəfindən verildiyi dəqiq deyil. Amma tutaq ki, “Gülhanə”nin bir professoru elə həmin saytda hər hansı məlumat verirsə, ona istinad edilirsə, bu olur dəqiq. Bəzi mənbəyi bilinməyən saytlar məşhur Azərbaycan filmində rəhmətlik Nəsibə Zeynalova kimi eşşək südü ilə xəstə sağaltmaq istəyirlər. Hər hansı məlumatın dəqiq olmasını bilmək istəyiriksə, müəllifin kim olduğuna baxmalıyıq. Bunu internet vasitəsilə çox vaxt dəqiqləşdirmək olur – haranın professorudur, kimdir, nəçidir və s. Bir daha qeyd edirəm, ara saytlarına qətiyyən güvənmək olmaz. Hansısa şou xəbər saytı sağlamlıq bölməsi açıbsa, bu bölmədə yayılan tibbi məlumata güvənmək olmaz”.