Mənşəyi məlum olmayan oyuncaqlar uşağımıza nə öyrədir?

0
25

Uşaqlar həyatımızın ayrılmaz hissəsidir. Onları xoşbəxt görmək də ən böyük qayəmizdir. Bu bir gerçəkdir ki, valideynlər övlad dünyaya gəlməzdən əvvəl belə, onun üçün ən yaxşısını almağa çalışırlar. Yeni doğulacaq körpənin rahatlığı üçün yaşayacağı yerin şəraiti maksimum səviyyədə yaxşılaşdırılır. Körpə dünyaya gəlməmişdən oyuncaq seçənlər belə var.

Oyuncaq uşaqların zehni inkişafında və ətraf mühitlə tanışlıqlarında mühüm rol oynayır, uşaqlarımızın həyatının ən önəmli parçasıdır. Lakin çox vaxt oyuncaq seçərkən diqqətsizliyimiz əks effekt verə bilir. Məsələn, yol boyu mağazalarda, şəhərin müxtəlif yerlərində, bazarlarda qarşımıza çıxan rəngarəng oyuncaqların keyfiyyətindən nə dərəcədə xəbərdarıq? Bu oyuncaqlar ölkəmizə haradan gətirilir? Keyfiyyətinə nəzarət olunurmu?

 “Çindən gətirilən oyuncaqların hamısı keyfiyyətsiz deyil”

Ölkəmizə oyuncaqlar əsasən Çin, Avropa, Rusiya və MDB ölkələrindən gətirilir. Bunların arasında keyfiyyəti şübhə doğuran oyuncaqlar Çindən gətirilənlərdir. Qiymətinin ucuz olması daha çox alıcı cəlb etdiyi üçün şəhərin demək olar ki, hər yerində onlara rast gəlmək mümkündür. Qəzetimizə müsahibə verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Çindən gətirilən bütün oyuncaqların keyfiyyətsiz olmadığını bildirdi: “Azərbaycana oyuncaqlar daha çox Çin Xalq Respublikasından gətirilir. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, Çindən gətirilən bütün oyuncaqlar keyfiyyətsizdir. Lakin qeyd etmək istəyirəm ki, oradan keyfiyyətli məhsul da gətirilir. Standartlara cavab verməyən məhsullar isə bazarda özünə yer tapa bilmir. Müvafiq qurumlardan, dövlət orqanlarından onlara icazə sənədi verilmir və satışa çıxarılması qadağan olunur. Əgər hər hansı obyektdə satışı aşkar olunarsa, bunun qarşısı dərhal alınır. Qanunvericiliyə əsasən, uşaq oyuncaqları müvafiq akreditasiya olunmuş sertifikatlaşdırma qurumları tərəfindən məcburi şəkildə sertifikatlaşdırılmalıdır. Nazirlər Kabinetinin qərarına əsasən, bir neçə il bundan öncəki vəziyyətlə müqayisədə indi müsbətə doğru xeyli dəyişiklik var. Əvvəllər sahibkarlar sənədləşmədən yayınırdılarsa və belə bir prosesdən xəbərsiz olduqlarını deyirdilərsə, indi bu, mümkün deyil”.

F. Talıblı onu da vurğuladı ki, araşdırmalar zamanı sağlamlıq üçün təhlükəli oyuncaqlar aşkar olunduğu təqdirdə, dərhal onların satışına qadağa qoyulur: “Bu gün heç kəsə sirr deyil ki, bazarda keyfiyyətsiz, təhlükəli oyuncaqlar satılır və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən mütəmadi olaraq araşdırma aparılır. Son araşdırmamız zamanı Qaradağ və Nəsimi rayonunda bir neçə topdan satış məntəqələrində təhlükəli uşaq oyuncaqlarının satışı faktı təsdiq olundu. Həmin oyuncaqlardan nümunələr götürülüb labaratoriyaya təqdim olunub. Sözügedən oyuncaqların tərkibində ağır metallar aşkar olundu. Təbii ki, bunlar azyaşlı uşaqların sağlamlığı üçün ciddi təhlükədir. Buna görə də adıçəkilən məntəqələrdən aşkar olunan keyfiyyətsiz oyuncaqların satışı dayandırıldı”.

Valideynlərə həmişə diqqətli olmağı tövsiyyə edən F. Talıblı oyuncaq seçiminin uşaqlar üçün həyati rol oynadığını bildirdi: “Qiyməti bir az ucuz oyuncaqlar hesabına övladımızı sevindirmək istəyimiz daha ağır fəsadlarla nəticələnə bilər. Ona görə də ixtisaslaşmış mağazalardan keyfiyyəti təsdiq olunmuş oyuncaqlar seçmək daha məqsədəuyğun olar. Güman edirəm ki, gələcək illərdə Azərbaycan da oyuncaq istehsalını bərpa edəcək və öz milli sənayesini bu sahədə inkişaf etdirəcək”.

 “Valideyn oyuncaq seçərkən onun mahiyyətinə fikir verməlidir”

Bu bir həqiqətdir ki, oyuncaqlar uşaqların həm sosial həyatında, həm də zəkasının inkişafında mühüm rol oyunayan amillərdəndir, xüsusilə, oxuyan, oynayan, müxtəlif səslər çıxaran oyuncaqlar. Məlum məsələdir ki, xaricdən gətirilən oyuncaqlar aid olduğu ölkənin adət-ənənəsini təmsil edir. Psixoloq Anara Baxşəliyeva dedi ki, oyuncaq seçərkən onun hansı mahiyyət daşıdığına fikir vermək lazımdır: “Müəyyən yaş dövründə səsli oyuncaqların uşaq üçün müsbət təsirləri olur. Çünki rəng, səs effektləri onların ətraf mühitlə tanışlığına şərait yaradır. 3 yaşından sonra uşağa oyuncaq seçərkən onun hansı mahiyyəti daşıdığına diqqət edilməlidir. Bu yaşda uşağın şəxsiyyəti inkişaf etdiyinə görə oyuncağın çıxardığı səs, çaldığı musiqi, dediyi sözlər və s. ona təsir edə bilər”.

Oyuncaqların iki mahiyyət daşıdığını deyən psixoloq onları əyləncəli və öyrədici olaraq quruplaşdırdı: “Öyrədici oyuncaqlar kitab halında ola bilir. Nağıl kitablarında bəhs olunan heyvanın səslərini çıxaran düymələr olur. Bunlar uşağın ətraf aləmi tanımasına, öyrənməsinə yardım edir.

Elə oyuncaqlar da var ki, onlar sırf musiqi üzərində köklənir və ya hər hansı bir xalqın mental dəyərlərinə aid ola, hər hansı xarici dildə sözlər səsləndirə bilir. Əgər valideyn bundan məqsədli şəkildə istifadə edirsə, bunun uşağa heç bir mənfi təsiri yoxdur, əksinə, onun xarici dili daha tez mənimsəməsinə şərait yaradır. Belə ki, valideyn oyuncağın dediyi sözləri uşağa izah edirsə, mahiyyətini açıqlayırsa, uşağın söz bazası genişlənir.

Lakin çox hallarda oyuncaqlarda bayağı musiqilərə də rast gəlinir. Bir müddət bundan əvvəl məşhur “Qanqam Stayl” mahnısını səsləndirən oyuncaqlar bazarı ağuşuna almışdı. Olduqca hərəkətli olan bu musiqi hiperaktiv uşaqlara tez təsir edirdi.

6 yaşa kimi uşaqlarda təqlid bacarığı güclü olur. Onlar cizgi filmlərində, oyuncaqlarda rast gəldiyi hər hansı fəaliyyəti təkrarlayırlar. Bu da təbii ki, uşağa zərərlidir”.

A. Baxşəliyeva əgər valideyn aldığı oyuncağı uşağı ilə birlikdə məqsədli şəkildə istifadə edirsə, bunun heç bir zərərinin olmadığını vurğuladı.

 “Yerli istehsal idxalın azalmasına və ölkədən gedən pulun qarşısının alınmasına səbəb olur”

“Azərbaycanda neftin qiymətinin aşağı düşdüyü, qlobal və regional çətinliklərin müşahidə olunduğu dövrdə ölkəmiz üçün əsas prioritet idxal olunan mallara olan təlabatı yerli malların hesabına ödənilməsini təmin etməkdir” deyən iqtisadçı Vüqar Bayramov bunu idxalın ölkədən vəsait aparması ilə izah etdi: “Ona görə də Azərbaycan ilk növbədə təlabatı yerli istehsal hesabına ödəməyi əsas vəzifə hesab edir. Bu həm ölkədən vəsaitin başqa ölkəyə axmasının qarşısını alacaq, həm də yeni iş yerlərin yaradılması, işsizliyin aradan qaldırılmasına şərait yaradacaq. Bu, nəinki ölkənin istehsal qabiliyyətinin, həm də birmənalı şəkildə məşğulluğun təmin edilməsi baxımından da olduqca vacibdir”.

V. Bayramov yerli istehsalın manatın məzənnəsindəki stabillik baxımından da vacib olduğunu bildirdi: “Çünki yerli istehsal idxalın azalmasına və ölkədən gedən pulun azalmasına səbəb olur. Digər tərəfdən də keyfiyyət baxımından yerli istehsal daha məqsədəuyundur. Təbii ki, yerli istehsal Azərbaycanın iqtisadi maraqlarına uyğundur və ölkəmiz bu aspektdən iqtisadiyyatın şaxələnməsinə nail olmağa çalışır”.