Zərdabda daha iki yaşayış məntəqəsinə təbii qaz verildi

0
19

Rayonun Qoruqbağı və Sarıqaya kəndlərinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Qoruqbağı kəndində 33706, Sarıqaya kəndində 9188 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, Qoruqbağında 329, Sarıqayada isə 125 evə sayğac quraşdırılmış, qaz pilətələrinin quraşdırıldığı məsafəyə qədər xətt çəkilmişdir.
Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev kənd sakinlərini bu mühüm hadisə münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, artıq bununla rayonun 24 yaşayış massivində vətəndaşlar təbii qazdan istifadə edəcəklər. Hazırda rayonun digər yaşayış məntəqələrində qazlaşma işləri sürətlə davam etdirilir. Qeyd edilmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın firavan yaşayışının təşkili istiqamətində ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən yaxın illərdə rayonun bütün yaşayış məntəqələri mavi yanacaqla  təmin ediləcəkdir.
Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev iştirak etmişdir.