Kərəm Kürqıraxlı: “Zərdabdan Bakıya gələndə atam ağladı”

0
21108
Kərəm Kürqıraqlı

Bu müsahibəyə müxtəlif formalarda giriş vermək olar. Amma düşünürəm ki, Azərbaycan xalqının hörmətli ziyalılarının, söz adamlarının müsahibim – şair Kərəm Kürqıraxlı haqqında dedikləri fikirlər onun bir şair və insan olaraq kimliyini izah edəcək. Mərhum akademik Budaq Budaqov onun haqqında yazırdı: “Kərəm Kürqıraxlı ömrünü şeirə, sənətə həsr edib: söz sənətinin çətin, yoxuşlu zirvələrini birnəfəsə çıxmağı bacarır”. Xalq şairi Məmməd Aslan: “Kərəm Kürqıraxlının şeiri birbaşa ürəyə xitab edir və necə deyərlər, ürəyə toxunur”.

Şair Kərəm Kürqıraxlı ilə müsahibəm bir neçə saat davam etdi və həmin müddət ərzində o dəfələrlə kövrəldi. Əmin oldum ki, bu qədər kövrək, həssas adamın xalqın dilində əzbər olan şeirlər yazması tam normaldır:

Özün xansan, özgə soltan, xan gəzmə

Dərmana tuş olsan, sağlam can gəzmə.

Kürqıraxlı, ucuz şöhrət-şan gəzmə,

Ən böyük mükafat el verdiyidi.

 – Kərəm müəllim, may ayının 6-da 65 yaşınız tamam olur. Xalq şairi Zəlimxan Yaqubun Sizin haqqınızda qələmə aldığı yazıdan belə başa düşdüm ki, anadan şair doğulsanız da, ədəbi ictimaiyyətə gəliş yolunuz çox dolanbac olub.

-Uşaqlıqdan şeiri, sənəti çox sevmişəm, həddindən artıq sevmişəm. Amma 10-cu sinfi bitirəndən sonra bu arzularım puç oldu. Mənim qardaşım yoxdur, atam dedi “oğul, sən elə bir fakültədə oxumalısan ki, bitirəndən sonra Zərdabda – kənddə yaşamalısan, kənddə işləməlisən. O vaxtı Bakıya gəlmək də problem idi, hamı təsərrüfat işləri ilə məşğul idi. Ona görə də mən sənədlərimi Kənd Təsərrüfatı İnstitutuna verəsi oldum. Gəncədə də yazı-pozu ilə məşğul olurdum, istedad məndən, mən də ədəbiyyatdan əl çəkmirdim. İnstitutu qurtarandan sonra başladım Zərdabda təsərrüfat işlərinə. 20-25 il bu sahədə çalışdım. Mən deyərdim ki, bu illər mənim ədəbi fəaliyyətimə böyük zərbə vurdu. Həmin illəri qaynar ədəbi mühitin içərisində keçirsəydim, çox işlər görmək olardı. İnanın, elə vaxtlar olub ki, yazdığım şeirləri gizlətməli olmuşam. Çünki gedib katibə xəbər verirdilər ki, pambığı “sofka” aparır, amma Kərəm şeir yazır. Amma mənlik deyildi bu – Allahın vergisi idi. Təb gəlirdi, yazırdım. Özüm tanınmasam da şeirlərim dillər əzbəri idi. Bir gün Aşıq Əhliman gəlib mənə dedi ki, Zəlimxan Yaqub səni axtarır. Sən demə, Aşıq Əhliman Hüseyn Arifin, Zəlimxan Yaqubun yanında mənim şeirlərimdən əzbər söyləyib, Zəlimxan da deyib ki, get Zərdabda onu tap, gətir bura. Əhliman dəfələrlə desə də, mən gəlmədim. O vaxtlar cavan idim, həyatı indi başa düşürəm.

Aradan bir xeyli keçdi Aşıq Əhliman yenə Zərdaba – bizə gəldi və dedi ki, bu gecə sizdə qalacağam, amma səhər səni Bakıya aparmalıyam. Birtəhər məni yola gətirdi. Gəldik Bakıya – tanınmış şairlərin yanına. Əhliman başladı mənim şeirlərimdən deməyə. Zəlimxan qulaq asandan sonra durub məni qucaqladı, basdı bağrına, dedi “ayə, sən təpədən dırnağa istedadsan, ucqar rayonda nə gəzirsən”.

Yazıçılar Birliyinə üzv olmağım isə daha maraqlı olub. Tanınmış şairlərimizdən Fikrət Sadıq bir gün televiziyada çıxışında dedi ki, belə bir şair var, sözü dillər əzbəridir, haralı olduğunu da bilmirəm, tanıyanlar desinlər ki, gəlsin Yazıçılar İttifaqına üzv olsun. Amma 5-6 ay o tərəflərə yolum düşmədi. Sonra Müzaffər Şükürün, Bəkir Nəbiyevin, Zəlimxan Yaqubun zəmanətləri ilə Yazıçılar Birliyinə üzv oldum.

Amma Zəlimxan kimi nəhəng çox çalışdı o vaxt, mənim kitabımı çap etdirə bilmədi. İslam Sadıq çox çalışdı mənim kitabımın çapına. Bəhanə edirdilər ki, toxunaqlı yazır, tənqidi yazır. Amma sonra haqq öz yerini tapdı. Çox çətinliklərdən sonra kitabım çap olundu. Hətta İranda belə kitablarım işıq üzü gördü. Bu günə qədər 8 kitabım çap olunub, 8 kitabım da evdədir. İmkansızlıq ucbatından çap etdirə bilməmişəm.

Yollarım dumandır, tutulub bərəm

Ürəyim infarktdır, ciyərim vərəm

Haqdan, ədalətdən çox yazma, Kərəm

Haqdan yazanlara dəli deyirlər.

– Şair Kərəm Kürqıraxlı ən çox hansı halda yazmaya bilmir?

-Sözün açığı, son dövrlər çox az-az yazıram. Həm səhhətim imkan vermir, həm də başqa problemlər. Haqsızlıq, ədalətsizlik olanda, ağıllı adamlar çətində, darda qalanda yazmaya bilmirəm. Elə bil deyirlər ki, dur bunu mütləq yaz. Bəzən də olur ki, şeir ürəyimdə hazır olur, amma kənar işlərdən yazmağa imkan, vaxt tapa bilmirəm. Bəzən olur ki, oxucularımdan kimsə zəng vurur, saatlarla danışır. O gün bir soydaşımız zəng vurmuşdu. Deyirdi ki, “İranda maşınla gedirdim, radioda sənin şeirini oxuyurdular, başladım ağlamağa”. İnanın, bunlar mənə mükafatdır. Dillərdə gəzən sözlərim, şeirlərim mənə mükafatdır.

Kərəm, müftə vardan çoxları doymur.

Fələk, beləsinin gözlərin oymur.

Yerdə yaşamağa bəndələr qoymur

Göyə də çıxmağa üzümüz yoxdur.

Yazmaq üçün yer, məkan fərqi də var. Bir dəfə Zəlimxan Yaquba dedim ki, harada yaxşı yazırsan? Dedi ki, bulaq başında olanda, at belində olanda. Mən də dağları çox sevirəm, bulaqları çox sevirəm. İmkan düşdükcə gedirəm dağların qoynuna gəzirəm, istirahət edirəm, bir-iki şeir yazıram. İndi mənə elə gəlir ki, bir dəfə Kəlbəcərə gedib çıxa bilsəm, elə bilərəm dünyada dərdim yoxdur. Bir də ən çox gecələr yazmaq olur. Sakitlik olur, tək qalırsan və yazırsan.

– Sizi ən çox nə narahat edir?

-Urmiyada müsəlman ölkələrin şeir festivalı keçirilirdi, o cümlədən Azərbaycan tərəfdən də qatılanlar var idi. Orada bir şeir dedim, çox bəyəndilər. Bizdə mənə elə gəlir ki, efirlərimizdə ədəbiyyat adamlarına az yer verilir. Mən istəyirəm ki, hər axşam televiziyanı açanda akademiklərimizdən, alimlərimizdən, ədəbiyyat adamlarımızdan, böyük şairlərimizdən danışsınlar, onlara yer versinlər. Oynayanlar nə qədər olar, gülənlər nə qədər olar, əl çalanlar nə qədər olar?

Heyranam yaradıb tikən yolunda,

Haqq üçün göz yaşı tökən yolunda,

El-oba qəhrini çəkən yolunda,

Düşüb qapı-qapı dilənsəm, azdı.

 – Ən çox kimləri oxuyursunuz?

-Kitab oxumasam, mümkün deyil. Mənim bir gözüm 5 dəfə əməliyyat olunub. Allah Çingiz Cərullazadədən razı olsun, mənə çox kömək edib. Gözüm görmürdü, tamam tutulmuşdu – ağlayırdım. 5-ci əməliyyatdan sonra gözüm açıldı – Allah açdı. Hər gün ən azı 5-6 saat kitab oxuyuram. Axırda ayaqlarım keyiyir, durub gəzirəm, açılışır. Kitabla yaşayıram. Mənim dostum, həyatım kitabdır. Xüsusən, el şairlərini oxuyuram. Məsələn, Dədə Ələsgəri, Əli Səfəroğlunu çox oxuyuram, Aşıq Əhmədi, Əli Qurbanı, İslam Sadıqı, Bəhmən Vətənoğlunu, Zəlimxan Yaqubun yaradıcılığını çox oxuyuram.

– Əsl şair kimlərə demək olar?

-İllər öncə mənim yaradıcılıq gecəm keçirilirdi. Məclisin qızğın yerində Zəlimxan Yaquba sual verdilər ki, “Bu gün Azərbaycanda ən böyük şair kimdir?” Zəlimxanın cavabı belə oldu: “Yer üzündə çox böyük təbii fəlakətlər olub. Ola bilər ki, od düşər kitabxanalar yanar. Elin, xalqın, insanların ürəyindən hansı şairin, hansı yazıçının əsərini çıxarıb, yazıb köçürtmək mümkündürsə, o şair ən böyük şairdir.

Yoxdur sevgimizin bəhrəsi barı,

Yollar yoxuşludur, ömrümüz yarı,

Başa salmaqdansa qanmayanları,

Qanana deyirik günah səndədir.

– Mayın 6-da 65 illik yubileyinizdir. Bu illər ərzində həyat sizə nə öyrətdi?

-Allah insana min il də ömür versə, dünya baş açılası şey deyil. Amma dünyada necə yaşamaqdan asılıdır hər şey. Hərəyə bir ömür verilir, heç kim bu dünyada iki ömür yaşamır. Gərək axirəti unutmayasan. “Dünyada əbədi qalacağın kimi işlə, dünyadan bir azdan köçəcəyin kimi ibadət elə”. İnsanın iti itəndə səhərdən axşama kimi axtarır. Bəs insan özü-özünü niyə axtarmır? Özü-özünü niyə axtarmır ki, mən kim idim, haradan gəlib hara gedirəm və nə ilə gedirəm?

Həzrət Əliyə (r.a) sual verirlər ki, ya Əli, dünyada ən çətin şey nədir? Bir də çətindən çətin şey nədir? Cavab verir ki, “dünyada ən çətin şey qəbirdə yatmaqdır. Çətindən çətin şey isə oraya əliboş getməkdir”…

Kərəməm, ey cahan, olsam da ulu,

Dözmürəm ağası sızladar qulu,

Harınlar neynəyir bu qədər pulu,

Öləndə kəfənin cibi də yoxdur.

– Sevgi mövzusu şairlər üçün ən çox üz tutulan mövzulardan biridir. Bu yaşda sizin sevgi ilə bağlı düşüncələrinizi bilmək maraqlı olardı.

-Oğul, sevginin yaşı, vaxtı yoxdur. Adam yaşlananda xanımını, ailəsini lap çox sevir. Çünki onda həyatı başa düşürsən. Sevgi hər vaxt gözəldir. İnsan sevməsə, yaşaya bilməz. İnsanın geni, zatı təmiz olmalıdır. Zatı pak, təmiz olan adam cavan vaxtında da təmiz olur, yaşlı vaxtında da.

Bağın gözəlliyi bülbül səsində,

Dağın əzəməti qayasındadır.

Kişinin qeyrəti şah vüqarında,

Qadının isməti həyasındadır.

– Nəyi yazdığınıza, nəyi yazmadığınıza peşmansınız?

– Təsərrüfatda keçirdiyim o 25 ilə heyfim gəlir. O dövrdə yazdıqlarım xoşuma gəlir, amma kaş ki həmin illərdə ədəbi aləmə gələydim. Gəncədə təhsil alanda jurnalist Nurəddin Babayev mənə dedi ki, “oğul, sənədlərini buradan al, gətir ver universitetə”. Mən də kasıb adam, heç kimim yox, gedə bilmədim. Təsəvvür edin, sonralar biz atamla Bakıya gələndə atam ağladı. Dedi, “bala, itəcəyik Bakıda”. Mən elə bir ailədə böyümüş adamam. Yenə də çox şükür Allaha, haqq-ədalət yerini tutdu.

– Tənqid yazmağınızın zərərini çox görmüsünüzmü?

-Tənqid etsən də ləzzət alırsan. Böhtan başqa, tənqid başqa. Ədalətli tənqid gözəldir.

Taqət itdi, möhtac oldum köməyə,

Cürətim yox həqiqəti deməyə.

Çox vaxtıda çörək olmur yeməyə,

Günümün çoxunu yatıb dolannam.

– Kərəm Kürqıraxlı dünyanı nə rəngdə görür?

– Şair Fikrət Sadıq danışır ki, bir dostu ilə dəniz kənarındakı restoranlardan birinə gedibmiş. Səhər saat 10 imiş. Görüblər ki, Xalq rəssamı Səttar Bəhlulzadə iki nəfərlə oturub. Bir az keçəndən sonra bunları çağırıblar stollarına. Gün vurur, dənizin üstündə çox möhtəşəm bir görüntü meydana gəlirmiş. Səttar Bəhlulzadə deyib ki, kim bu dənizin üstündə nə qədər rəng görür? Biri deyib 6 rəng, biri deyib 7 rəng, o biri deyib 8 rəng. Səttar Bəhlulzadə diqqətlə baxandan sonra cavab verib ki, orada 23 rəng var və başlayıb həmin rənglərin hər birini aydınlaşdırmağa.

İndi oğlum, hərənin öz təxəyyülü var, öz dünyagörüşü var, həyata öz baxışı var. Məsələn, mənim gözümdə bir cürədir. Varlı varlı kimi görür, dərdli dərdli kimi. Allahın yaratdığı dünyadır, gedirik. İş odur, halal yaşayasan. Təmizlik gözəl şeydir. Çalışasan haramı qoymayasan mayana qarışa. And olsun Allaha, sonra insan müsibət çəkir. Sən də maşallah, əslən Zərdabımızdan olan gəncsən, gözəl insansan, maşallah, nə yaxşı, sənin kimi təmiz, saf gənclərimiz var, sənin kimi bir insan böyüdən valideynlərə əhsən! Çalış, bundan sonra da təmiz insan ol.

Cahan başdan-başa oddur, alovdur,

Bəlkə də odlara əqli kəm yana.

Beşgünlük dünyada sərvət yığmadım

Deyəm ki, nə vaxtsa xəzinəm yana.

Söhbətləşdi: Nicat İsmayılov