Jalə Əliyeva: “Bir nazirin digər nazirin buyruqlarına tabe olması yolverilməz bir haldır”

0
25

Naziri, yaxud, digər rəhbər şəxsi təyin və vəzifəsindən azad etmək ölkə Prezidentinin səlahiyyətində olan məsələdir, bu, onun müstəsna hüququdur.
Yəni, dövlət başçısı özü lazım bildiyi halda və situasiyada bu səlahiyyətindən istifadə edir, kimlərisə vəzifəyə təyin edir, kimlərisə vəzifəsindən kənarlaşdırır.

Bu fikirləri Milli Məclisin (MM) deputatı Jalə Əliyeva dilə gətirib.

J. Əliyevanın bildirdiyinə görə, belə olan təqdirdə də, yeri gəldikcə, məqamı düşdükcə, zərurət olduqca situasiyaya uyğun olaraq kadr dəyişiklikləri, geniş mənada kadr islahatları dövlət başçısı tərəfindən aparılacaq.

O, deyib ki, burada məqsəd həm də kimisə sadəcə, vəzifədən azad etmək kimi başa düşülməməlidir, məqsəd ölkənin qarşısında dayanan köklü problemlərin həlli ilə və vətəndaşların etimadını qazanmaqla bağlıdır.

“Bu baxımdan işinin, vəzifəsinin öhdəsindən layiqincə gələn, ona göstərilən etimadı yüksək səviyyədə doğruldan, idarəetmədə yaxşı nəticə göstərən kadrlara etimad bundan sonra da yüksək olacaq. Ancaq etimadı dorultmayanlar, öz işinin, vəzifəsinin öhdəsindən gələ bilməyənlər, müxtəlif qanunsuz əməllərlə məşğul olanlar, dövləti cinayətlərə yol verənlər müvafiq qaydada layiqli cavablarını və cəzalarını alacaqlar.

Konkret olaraq həm milli təhlükəsizlik naziri, həm də rabitə və yüksək texnologiyalar naziri işlərində verdiyi çox ciddi qüsurlara və nöqsanlara görə vəzifələrindən azad olunublar. Hətta, mətbuatda da bununla bağlı xeyli geniş informasiyalar yayılıb və həmin məlumatlardan da bir daha belə məlum olur ki, onların vəzifələrindən uzaqlaşdırılması mütləqmiş, vacibmiş.

Xüsusən də, bir nazirin digər nazir qarşısında acizlik, zəiflik nümayiş etdirməsi, onun buyruqlarına tabe olması çox yolverilməz bir haldır. Rabitə və informasiya texnologiyaları nazirinin fəaliyyətində də bu “məqamlar” özünü çox büruzə verib və haqlı olaraq da məlum nəticə, sonuc yaranıb. Yəni, həmin nazirlərin vəzifəsindən azad olunması bir daha onu göstərdi və onun göstəricisi oldu ki, Prezident hökumətin üzərinə düşən əsas vəzifənin yerinə yetirilməsini qanunçuluğun qorumasında, sahibkarlığın işinə maneçilik törədilməməsində və insanların hüquqlarının təminatında görür” – deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.