“Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı “Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsinə dəstək” adlı layihəsinin icrasını başa çatdırıb.
Birlikdən bildiriblər ki, layihənin müddəti 3 ay olub. Layihə çərçivəsində Zərdab rayonunda yuxarı sinif şagirdlərinə təlimlər keçirilib, zərdablı məktəblərin iştirakı ilə Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiya təşkil edilib.
Layihə çərçivəsində gənclərin hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliğat işinin aparılması məqsədilə Ucar və Zərdab rayonlarının orta məktəblərində seminarlar da keçirilib. Seminarlarda məktəbli gənclərə layihə, donor, ekskursiya barədə məlumatlar verilib, gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti və Azərbaycanda aparılan ordu quruculuğu haqqında geniş çıxışlar olunub.