Zərdabinin xanımı hansı məşhurlara analıq etmişdi?

0

Həsən bəy Zərdabinin həyat və mübarizə yoldaşı Hənifə xanım Məlikova – Abayeva 1856-cı il mayın 5-də Ter vilayətinin Nalçik şəhərində türkdilli balkar zadəgan ailəsində doğulmuşdur. Əsli-nəcabətləri ilə fərqlənən  Abayevlər ailəsi Hənifə xanımı xristian ölkəsi olan Gürcüstanda Tiflis müqəddəs Nina qız məktəbinə qoymuş, Hənifə xanım bu məktəbi 16 yaşında bitirmiş, elə həmin il də H. Zərdabi ilə ailə qurmuşdur. O dövrdə Tiflis gimnaziyasını bitirənlərin siyahısı “Qafqaz” qəzetində dərc olunurdu. Zərdabi həmin siyahıda müsəlman qızın adına rast gələn kimi Tiflisə yollanır, Hənifə xanımla görüşür, onunla ailə qurmaq istədiyini bildirir, bu izdivac baş tutur.
Onlar 10 yetim uşağı da öz ailələrində böyüdür, təhsil verirlər. Zərdabinin qardaşı Mehrəli bəyin uşaq ikən atadan yetim qalan oğlu, Azərbaycanın fizika üzrə ilk professoru Rəhim bəy Məlikov və Həsən bəyin digər yaxın qohumu-Azərbaycan teatrının təməlini qoyan ilk ən görkəmli 5 aktyordan biri olan Məhəmməd bəy Əlvəndi Məlikov da Zərdabinin ailəsində böyüyüb Hənifə xanımdan təhsil və tərbiyə almışlar. Hənifə xanım 1872-ci ildə, 16 yaşında, Bakıya gəldiyi il “Nicat” cəmiyyətinin qadın bölməsini yaradır. 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin, 1909-1919-cu  illərdə I rus-tatar qız məktəbinin müdiri işləyir. 1920-1926-cı illərdə Azərbaycan xalq maarif komissarlığında məsul vəzifələrdə çalışır. Əri Həsən bəy Zərdabinin millətçi kimi irsi yasaq  edilsə də, oğlanları Midhət bəy təqiblərə məruz qalsa da, digər oğlu Səffət bəy Almaniya və Türkiyədə yaşamağa məcbur olsa da, qızı Pəri xanım Azərbaycan Demokratik Respublikasının baş naziri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olsa da və bolşeviklər Azərbaycanda hökmranlıq etməyə başladıqlarına görə Pəri xanımla Əlimərdan bəy Parijdə mühacirətdə yaşamağa məcbur olsalar da Hənifə xanım bütün bu ağrı və əzablara, üzüntülərə dözərək özündə güc, iradə taparaq yaşadı, mübarizə apardı, hətta “Azərbaycanın əməkdar müəllimi” fəxri adına layiq görüldü.
Hənifə xanım Qafqazın bütün müsəlman qadınlarının mənəvi anası olmuşdur. Bu geniş qəlbli, nəcib, alicənab qadın hamımızın anası sayılır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nine − six =