Borca görə həmyerlisini öldürən Zərdablının cəzası 5 il azaldıldı

0
29

ali mehkemeAli Məhkəmədə qətl hadisəsi törətməkdə təqsirli bilinən Şəhriyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Baş Prokurorluğun verdiyi protest təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 28-də Binəqədi rayonunda yerləşən parkda baş verib. 1967-ci il təvəllüdlü Əhədov Şəhriyar Qiyas oğlu aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Ağayevi Namiq Ağa oğlunu bıçaqlayıb. N. Ağayev ölüb.

Qətli törədən Şəhriyar Əhədov isə hadisə yerindən qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılaraq istintaqa təhvil verilib.

İstintaqla müəyyən edilib ki, Şəhriyar və Namiq işləmək məqsədi ilə Zərdab rayonundan Bakıya gəliblər, fərdi qaydada kafel ustaları olaraq təmir işi ilə məşğul olublar. Ayın 27-də axşam M. Rəsulzadə qəsəbəsində görüşən dostlar yaxınlıqdakı kafedə yeyib-içiblər, yanlarında Rasim adlı tanışları da olub. Oradan çıxandan sonra Əhmədov Ağayevə ona borclu olduğu 5000 manat pulu yaxın vaxtlarda qaytarmasını tələb edib, cavab olaraq sonuncu ona borcu olmadığını və heç vaxt Şəhriyardan pul almadığını iddia edib.

Bu zəmində aralarında mübahisə yaranıb, Namiq borc verənin və alanın ünvanına dəfələrlə söyüşlər işlətdiyinə görə, Əhmədov cibindən məişət-təsərrüfat təyinatlı bıçağı çıxarıb və yoldaşının qarın nahiyəsinə zərbə endirib, sonra isə hadisə yerindən qaçıb. İstintaq zamanı Şəhriyarın 5000 manat verməsi təsdiqini tapmayıb, yalnız məlum olub ki, o, kirayə yaşadıqları müddətdə bir dəfə Namiqin əvəzinə aylıq 120 dollar həcmində kirayə pulunu verib.

Şəhriyar Əhmədov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə ittiham olunan Şəhriyar Əhədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Əhmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şəhriyar Əhmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilib. Məhkəmənin qərarı ilə Şəhriyar Əhmədovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə töfsiv edilib və onun cəzası 12 ilə endirilib.

Qərardan narazı qalan Baş prokurorluq kasasiya protesti verərək, Şəhliyar Əhmədovun cəzasının ağırlaşdırılmasını istəyib.