Bu gün icazə ver mənə bir dəfə

0
40

Bu gün icazə ver mənə ilk dəfə,

Sənin özündən də yaxının olum.
Öpüm dodaq-dodaq baxdığın yeri,
Bulud gözləriylə axının olum.

Bu gün icazə ver mənə bir daha,
Girim sözlərinin dərinliyinə.
Yanıb gecələrin baxışlarından,
Qaçım gözlərinin sərinliyinə.

Bu gün icazə ver mənə daha çox,
Yaz çiçəyi olub qarşına çıxım.
Xəzanı başlasın qəm payızının,
Gülüb sevə-sevə əlini sıxım.

Bu gün icazə ver mənə nə olar,
Bir fidan üstündə yarpağın olum.
Könlün istəyirsə lap elə indi,
Düşüm tapdaq altda torpağın olum.

Bu gün icazə ver mənə bir daha,
Qoy görüşə gəlim sıxılsam belə,
Ovcunun içində saxladığınçün
Qorxma əzilmərəm yıxılsam belə.

Bu gün icazə ver mənə bir dəfə,
Bir az “mən-sən” olaq, bir azca da “biz”
Gizli bağçamıza sığınaq Canım,
Yansın alov-alov ürəklərimiz.

Şəhla Ramazanqızı, Zərdab.