“Zərdabın prokuroru mənə dedi ki, sən bu orqana ləkəsən…”

0

Rüfət SəfərovZərdab Rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərovun bəyanatları iki gündür sosial şəbəkələrdə dolaşır.

Müstəntiq dekabrın 20-də səhər saatlarında “Azadlıq” radiosuna da zəng vurub. Prokurorluq orqanındakı vəzifəsindən könüllü istefa verdiyini bildirib. O, bu addımını indiki iqtidara etiraz əlaməti kimi atdığını bildirib.

Əvvəllər Milli Məclisin üzvü olmuş, son iki ilədək isə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Eldar Sabiroğlunun oğlu olan Rüfət Səfərov ali hüquq təhsillidir. 2004-cü ilin dekabrından 2011-ci ilin oktyabrına qədər Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas kimi fəaliyyət göstərib. 2011-ci ilin oktyabrından Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyir.

Müstəntiq (o, istefa ərizəsini hələ baş prokurora təqdim etməyib) deyir ki, xəbər saytlarında və öz şəxsi facebook səhifəsində yer alan bəyanatlarından sonra dekabrın 21-də səhər saatlarında ona bir neçə dəfə Zərdab rayon prokuroru zəng vurub və narazılığını bildirib: “3-4 dəfə zəng vurub məni hərəkətlərimə görə qınadı. Dedi ki, Baş Prokurorluqdan tələsdirirlər, deyirlər, harada qaldı bunun ərizəsi. Mən də hazırda xəstəyəm, yüksək hərarətim var… Bir azdan özümə gəlib göndərəcəyəm. Uzağı, günortaya qədər göndərəcəyəm…”

Dünən yaydığı bəyanatın Baş Prokurorluqda necə qarşılandığına gəlincə isə R.Səfərov bildirib ki, buna görə onu qınayıblar: “Zərdabın prokuroru telefonda mənə dedi ki, sən prokurorluq orqanına ləkəsən. Hesab edirəm ki, düz də deyir”.

“Qiyamçı” müstəntiqin sözlərinə görə, ona Zərdabın prokurorundan başqa zəng vuran olmayıb: “Heç gözləmirəm də… Zəng vurub nə deyəcəklər ki? Gözlədikləri 3-4 cümləlik ərizədir, bir azdan faksla göndərəcəyəm”.

Ailəsinin, atasının bu addımına münasibətinə gəlincə isə R.Səfərov bildirib ki, dünəndən nəinki atası, ümumiyyətlə, qohumlarının heç biri ilə ünsiyyəti, əlaqəsi olmayıb: “Atamın öz yolu var, o, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. Heydər Əliyevin misilsiz əsgərlərindəndir. Mən onun mövqeyinə qarışmıram. Ancaq ondan tələbim də budur ki, o da mənim mövqeyimə hörmətlə yanaşsın”.

Müstəntiq bundan sonrakı fəaliyyəti ilə bağlı suala cavabda deyib ki, bu haqda hələ düşünür: “Bilmirəm niyə belədir, ya cəmiyyətdə maarifləndirmənin aşağı olmasındandır, ya başqa səbəbdəndir, kim öz sözünü deyirsə, deyirlər, görəsən, hansı müxalifət partiyasına üzv olacaq… Axı niyə mütləq hansısa partiyaya üzv olmalıyam? Mən öz fikirlərimdə müxalifətdəyəm. Gərək elə kiminsə partiyasına üzv olam? Hələ ki, sərbəst, heç bir partiyanın üzvü olmadan öz fikirlərimlə, düşüncələrimlə bu rejimə qarşıyam. Sonrası necə olacaq, hansısa partiyaya üzv olacağam, ya yox, bunu zaman göstərər”.

Virtualaz.org

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven + eleven =