Böyük vətən müharibəsinin Zərdablı qəhrəmanı vəfat etdi

0
30
Muradalı Heydərov

Muradalı Heydərov  Böyük vətən müharibəsinin 3 şöhrət ordenli qəhrəmanı, həmyerlimiz Muradalı Heydərov vəfat edib. Qeyd edək ki, 94 yaşlı Heydərov Muradalı Şavaqat oğlu Zərdabın Məmmədqasımlı kəndində yaşayırdı. Prezident təqaüdçüsü idi. Allah rəhmət eləsin, məkanı cənnət olsun. M. Heydərovu yaxından tanımayanlar üçün “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədovun onun haqqında yazmış olduğu məqaləni təqdim edirik:

“Muradalı Şavaqat oğlu Heydərov 1922-ci il martın 18-də Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olmuşdur. Məmmədqasımlı kəndində ibtidai təhsil almış, sonra kolxozda sıravi əməkçi kimi çalışmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsinə çağırılmış, 416-cı Azərbaycan diviziyasının tərkibində qəhrəmanlıqla dolu döyüş yoluna çıxmışdır.

M. Heydərov döyüşə atılanda – 1942-ci ilin yayında sovet ordusu ağır günlər yaşayırdı. Volqayanı çöllərdə və Qafqaz dağları ətəklərində – yerdə və göydə amansız döyüşlər gedirdi. M. Heydərovu topçu təyin etdilər. 76 millimetrlik toplar batalyonu ön mövqelərdə böyük itkilər verərək geri çəkilməyə məcbur olan polku əvəz edərək hücuma keçməli idi. Onlar mövqelərini təzəcə tutmağa başlayırdılar ki, müşahidəçi qışqırdı: – “Alman tankları düz üstümüzə gəlir”…

Dərhal atəş əmri verildi və Muradalının atdığı mərmi düz hədəfə – öndə gələn tanka dəydi. Tankdan tünd qara tüstü qalxdı. Kiçik serjant M. Heydərovun növbəti atəşi ilə ikinci alman tankı da ləngər vurub yerində qaldı. Amma qalan 4 tank topçulara hücumu davam etdirirdi. Bununla belə həmin gün Muradalıgil bu zirehli və zəhmli döyüş maşınlarının bütün həmlələrini top atəşləri ilə dəf etdilər. Elə oldu ki, ilk döyüş günü bu zərdablı igid həlak olan tuşlayıcı nişançını da özü əvəz etdi və bu sınaqdan da şərəflə, qəhrəmanlıqla çıxdı.

Muradalı Heydərov Terek və Don çaylarının sahillərində düşmənlə vuruşdu, Ukrayna və Moldovanı azad etdi, Dnepr, Visla, Oder, Şiree çaylarını döyüşə – döyüşə keçdi. Çoxdan gözlədiyi Qələbə gününü o, Berlində-Brandenburq darvazaları önündə qarşıladı.

…Ukraynada, müharibənin qızğın çağında serjant Muradalı Heydərovgilin batareyası mühasirəyə düşdü. Baş leytenant Abdullayevin komandir olduğu batareya qat-qat üstün olan düşmənin hücumlarını 3 sutka dəf edə bildi. Mərmiləri isə qurtarmaq üzrə idi. Vəziyyət çox ümidsiz idi. Bu vaxt Heydərov çox çətin bir tapşırığı üzərinə götürərək 6 əsgərlə gecənin zülmətində çox ehtiyatla hitlerçilərin səngərlərindən keçib qonşu batareyaya adladı. Komandir vəziyyəti bilən kimi mərmilərini ağır vəziyyətə düşən artilleriyaçılarla bölüşdü, bir neçə döyüşçüsünü də mərmiləri aparmağa kömək üçün onlara qoşdu. Sürünə-sürünə mərmiləri aparmaq çox çətin idi. Hər addımda da ölüm gözlənilirdi. Amma Muradalıgil ölüm barədə heç fikirləşmirdilər də. Güllə vıyıltısı, mərmi uğultusu altında onlar mərmiləri ümidlə yol gözləyən döyüş dostlarına çatdırmağa tələsirdilər…

Gətirdikləri mərmilərlə sübhə qədər düşmənin qarşısını aldılar. Son mərmilərini atanda sovet ordusu bütün cəbhə boyu sarsıdıcı hücuma keçdi. Almanlar mühasirəyə düşməkdən ehtiyatlanaraq, dərhal mövqelərini tərk edib sürətlə qərbə tərəf çəkildilər…

Faşist Almaniyası ərazisində döyüş gedərkən Muradalı Heydərov bir neçə döyüşçüsü ilə pusqu quraraq 13 düşmən əsgərini məhv etdi, 18 əsgər və 3 zabiti əsir götürdü…

Küstrin və Berlinə hücum zamanı göstərdiyi qəhrəmanlıqlara görə onun mükafatları sırasına II və III dərəcəli Şöhrət ordenləri də əlavə olundu. Muradalı Heydərov 1946-cı ildə müharibədən evə yaxasında SSRİ-nin 9 ordeni ilə qayıtdı.

O, reyxstaqın divarına adını süngü ilə yazmışdır.

Böyük Vətən müharibəsi qəhrəmanı Muradalı Heydərov döyüşlərdəki şücaətlərinə görə Şöhrət ordeninin hər 3 dərəcəsi ilə təltif edilmiş, bununla da Sovet İttifaqı Qəhrəmanının bütün imtiyaz və hüquqlarına sahib olmuşdur. O, ikinci dərəcəli Vətən müharibəsi ordeni ilə də təltif olunmuşdur.

Muradalı Heydərovun adı Rusiyanın, Ukraynanın, Moldovanın və Avropanın bir çox şəhər və kəndlərinin “Bizi alman faşizmindən xilas edənlər” xatirə memorial lövhələrində həkk olunmuşdur.

Ordu sıralarından ehtiyata buraxılandan sonra o, Məmmədqasımlı kəndində sudartan motorun mexaniki işləmişdir”.Muradalı HeydərovMuradalı Heydərov