Zərdablı ailənin ağır həyat hekayəsi: uşaqları geyim dərdindən məktəbə getmir

0
21

Zərdab rayonunun Burunlu kənd sakini Məhruzə Əmirova: “Mənim uşağıma iki ayaqqabı almağa imkanımın olmadığını bilən bir dövlət qurumunun rəsmisi nə adla cərimə yazacaq? Onda mən də ona deyəcəyəm ki, imkanımız çatmır, cərimə eləməkdənsə, maddi yardım göstərsinlər”.

Maddi çətinliklər və sıxıntılar səbəbindən 2 övladını məktəbə göndərə bilməyənlərdən biri də Məhruzə Əmirovadır. M. Əmirova övladlarını oxutmaq istədiyini söylədi: “Həyat yoldaşım Vasif Əmirov uzun müddətdir ki, qida borusunun xərçəngi xəstəliyindən əziyyət çəkir. Bu günə qədər onun müalicəsinə külli miqdarda xərc çəkmişik. Hətta bunun üçün borc da götürmüşük, amma müalicənin bir faydası olmayıb. Hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur”.

M. Əmirova apteklərə 2 min manatdan artıq borclarının olduğunu söylədi: “İki övladım var – qızım Mələkxanım Əmirova 7-ci sinif şagirdidir. Oğlum Vahid Əmirov isə 6-cı sinifdə oxuyur. Bu il imkansızlıq səbəbindən, demək olar ki, onları məktəbə göndərə bilməmişəm. Geyim, ayaqqabı ala bilmirik, imkanımız yoxdur. Hər kəs kimi, mən də övladlarımın oxumasını istəyərdim”.

Məhruzə Əmirova yaşadığı kəndin – Zərdab rayonu Burunlu kənd orta məktəbinin direktorunun tez-tez evlərinə gələrək onlara xəbərdarlıq etdiyini söylədi: “Direktor istəyir ki, uşaqlarım məktəbə gedib, təhsil alsınlar. Bir neçə dəfə həyətimizə gəlib, övladlarımızı məktəbə göndərməyəcəyimiz təqdirdə, qanun əsasında cərimə oluna biləcəyimizi xatırladıb. Ancaq mən direktora da demişəm ki, həyat yoldaşımın ağır xəstəliyi, işləməməyimiz və digər səbəblərlə əlaqədar uşağımıza geyim, ayaqqabı ala bilmirik. İmkan olsaydı, uşağımızın bir gün də təhsildən kənarda qalmasına razı olmazdıq”.

Bu yerdə, bəlkə də, oxuculardan kimsə düşünə bilər ki, M. Əmirova uşaqlarını təhsildən yayındırmasına geyim məsələsini səbəb göstərməklə özünə haqq qazandırmağa çalışır. Lakin onun özünün bu barədə verdiyi açıqlamalar əksini göstərir: “Bu yaxınlarda yaşadığım kənd üzrə icra nümayəndəliyinə gedib dedim ki, uşaqlarımı geyim və digər lazım olan ləvazimatlarla təmin edin, onları məktəbə göndərəcəyəm. Xahiş etdim ki, köməklik göstərsinlər. Lakin bizə heç bir yardım edilmədi. Mənim uşağıma iki ayaqqabı almağa imkanımın olmadığını bilən bir dövlət qurumunun rəsmisi nə adla cərimə yazacaq? Onda mən də ona deyəcəyəm ki, imkanımız çatmır, cərimə eləməkdənsə, maddi yardım göstərsinlər”.

“Qızım dərslərini yaxşı oxuyurdu. Müəllimləri də deyirdilər ki, dərslərinə ciddi yanaşır. Mən çox istəyərdim ki, o təhsilini davam etdirsin, yüksək təhsil alsın. Həm oğlumun, həm də qızımın ali təhsil almasını istəyərdim. Onların ya həkim, ya da müəllim kimi görməyi arzulayırdım. Ancaq imkansızlıq, deyəsən, buna imkan verməyəcək”,-deyə bildirən müsahibimiz özünün də təhsilli olduğunu vurğuladı: “Mən də o fikirdəyəm ki, oxumağın heç bir ziyanı yoxdur, faydası var. İstəyərdim ki, övladlarım öz arzularına uyğun olaraq ixtisas sahibi olsunlar”.

Həmsöhbətimiz ölkəmizdə imkansızlıq səbəbindən övladını məktəbə göndərə bilməyən nə qədər ailə varsa, onların müəyyənləşdirilərək dövlət tərəfindən yardım edilməsinin vacibliyini vurğuladı. İnanaq ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı qaldırılan təklifləri nəzərə alacaqlar.

Məhruzə Əmirova ilə əlaqə saxlayıb ailəsinə yardım etmək istəyənlər üçün əlaqə telefonunu xatırladırıq:

0516179422

Nicat İntiqam