Zərdabinin qızı: ” Atama ağır gəlsə də, geri çəkilmirdi”

0
104
Henife-xanim-Abayeva-Melikova-Zerdabi1

Ölümünə bir gün qalmış, yataqdan qalxmamaq barədə ciddi təkidimizə baxmayaraq, nə qədər dilə tutsaq da, atam redaksiyaya getdi. Bu onun, sanki vida gedişi oldu…
Atam vəfat edəndə insanlar gecə-gündüz, fasiləsiz axınla gəlib onunla vidalaşırdılar.
Anama şəhər ziyalıları adından yazılı başsağlığı təqdim olundu – gümüş lövhəyə atamın qızıl çərçivəyə alınmış portreti yerləşdirilmişdi. Otağa hər an yeni əklillər gətirirdilər. Onlar üstündə dərin hüzn ifadə edən sözlər yazılmış enli matəm lenti ilə haşiyələnmişdi və əklillərin sayı-hesabı bilinmirdi.
Dəfn mərasimində o qədər adam iştirak edirdi ki, deyərdin bəs, bütün şəhər bura yığışıb. Məzarın üstündə vida nitqləri söyləndi. Şəhərin başçısı Rayevski dedi:
— Həsən bəyin Dumada söylədiyi nitqlər və tənqidi qeydlər olmasaydı, Bakının idarə olunması işlərindən baş açmaq mümkün olmazdı…
Biz dərin hüzn içində donmuşduq. Anamın dəhşətli kədər içində donmuş üzünə baxmağa qorxurdum. Yanımda kim isə zülüm-zülüm göz yaşı axıdırdı. Gözlərimin qabağından cansız fotoşəkillər kimi ürəyə toxunmadan, amma yaddaşa həkk olunan o dəhşətli günün hadisələri bircə-bircə gəlib keçirdi.
Cənazənin yanında dayanıb mərhumun qarşısında son şərəf və vəzifə borclarını yerinə yetirən görkəmli şəhər nümayəndələrinin üzündə ciddi kədər ifadəsi donmuşdu. Onların arxasında insan ümmanı calxalanırdı–dərin qırışlarla örtülmüş üzlərdə böyük ümidsizlik və ağır iztirab hissləri bir-birinə qarışmışdı. Bu kasıb insanlar öz qızğın, atəşli müdafiəçiləri və sədaqətli oğulları ilə vidalaşırdılar.
Bu dəqiqələrdə mənim pərişan şüurumda bizim ailəyə yaxşı məlum olan bir hadisənin xatirəsi baş qaldırdı. Atam onu nağıl etməyi xoşlayırdı.
Hadisə belə olmuşdu. Atam ehtiyacı olan kasıb şagirdlərə kömək üçün xeyriyyə cəmiyyəti yaradanda bütün gücünü ona sərf edirdi ki, cəmiyyətə mümkün qədər çox üzv cəlb etsin. O bir qəbul otağından o birinə, bir təmtəraqlı salondan o biri zəngin salona, bir fərasətli işbazın yanından o biri harınlamış mesenatın qəbuluna gedirdi. Bu, «dilənçilik» atama ağır gəlsə də, onun qəlbini əzsə də, geri çəkilmirdi…
Bir dəfə atam bir neçə yerdən rədd cavabı almışdı – gah soyuq nəzakətlə, gah həyasızcasına, gah da istehzalı gülüş formasında. Budur, daha bir zəngin malikanənin ağır qapısı onun arxasınca örtüldü. Xahiş-minnətə gələn Həsən bəy dodaqlarında gülüş olan xidmətçilərin onun bədəninə nizə kimi sancılan və böyük aynanın gümüş səthində əks olunan soyuq baxışlarını hələ də öz kürəyində hiss edirdi. Qulaqlarında isə, imkanlı «xeyirxahın» nifrət dolu səsi cingildəyirdi. O, xahişə gələn ziyalını bayaqdan inandırmağa çalışırdı ki, onun xahişi tamam mənasızdır. Atam, nədənsə iyrənibmiş kimi, çiyinlərini çəkmiş, dərin nifrət və məyusluq hissi yaradan bu qızıl yuvasını tərk etmişdi.
Yol gedərkən dolaşıq fikirlərdən addımları get-gedə ağırlaşır, başı aşağı, sinəsinə sallanırdı. Birdən hiss etdi ki, kimsə qoluna toxundu. Başını qaldırdı və qarşısında duran hambalı gördü. Kişinin 40-a yaxın yaşı olardı. Günəşin pay verdiyi bürünc rəng üzünü, güclü boynunu və əllərini qalın qatlarla örtmüşdü. Kürəyində palan, ayaqlarında çarıq vardı. Atamın qabağında dayanıb məhəbbətlə onun üzünə baxırdı, dodaqlarına utancaq təbəssüm qonmuşdu:
— Eşitmişəm bizim uşaqları oxutmaq üçün pul yığırsan. Mən bir az qazanmışam. Budur, götür. Kişi xəcalətli halda gözlərini yana çevirdi. –Bilirəm: azdır, amma ürəkdəndir.
Atam onun barmaqlarını sıxdı. Xeyli vaxt həyəcandan danışa bilmədi. Nəhayət, dilləndi:
— Çox sağ ol, dostum! Sən mənə o qədər pul verdin ki, onu mən həyatımda heç kimdən almamışam. Çünki sən nəyin varsa, hamısını verdin…
Bu gun atamla son dəfə vidalaşanda mən xüsusi aydınlıqla dərk etdim ki, onun butun həyatı yalnız bu sadə insanların qəlbində – bu gün geyimli-kecimli və ətirli cənabların arxasında dərya kimi çalxalanan məzlumların ürəyində əks-səda tapırdı. Bəlağətli sözlər deyən ətirli cənabların çoxu yorulmaz mübarizənin taleyinə qarşı, ən azı laqeyd idi. Arxa planda duran məzlumlar, varlığının hər saatını təmənnasız olaraq onlara verən mərhumun cənazəsinə baxarkən, necə böyük dostu itirdiklərini bu gün daha dərindən dərk edirdilər…

İsaməddin Əhmədov