Həsən bəy Zərdabi elə bir dəryadır ki…

0
Həsən bəy Zərdabi

PROFESSOR İZZƏT RÜSTƏMOVA!
Dəyərli professor, Sizin 2012-ci ildə çapdan çıxmış “Həsən bəy Zərdabi” adlı monoqrafiyanızı birnəfəsə oxudum və özümü yenidən Sizin tələbəniz hiss etdim. 300 tirajla (arzu edərdik ki, tirajı daha çox olsun ki, bütün zərdabisevərlərə çatsın-T.A.) çıxan bu kitabınızın yeni nəşrinə daxil edilmiş VIII bölmədəki əlavələr –
1. “Zərdabi irsinin şah əsəri-“Əkinçi”,
2. “Bir daha Zərdabi, bir daha “Əkinçi” haqqında”,
3. “Həsən bəy Zərdabi görkəmli mütəfəkkir və publisist kimi “,
4. “Yanıb, sönən, yenidən məşələ dönən “Əkinçi”,
5. “Maarifçilik mədəniyyətimizin nadir incisi-“Əkinçi”-I məqalə,
6. “Azərbaycan maarifçilik mədəniyyətinin mayakı- “Əkinçi”- II məqalə haqqında işlədiyim “Əkinçi” qəzetinə qeydlərimi yazdım və Sizin hələ bir çox tədqiqatçılar tərəfindən deyilməmiş yeni fikirlərinizi növbəti nömrələrdə oxuculara təqdim edəcəyəm.
Hörmətli professor, tələbələrinizin çoxu kimi, mən də Zərdabi şəxsiyyətinin əsl mahiyyətini məhz Sizin təqdimatınızda anlamışam. Siz Həsən bəy Zərdabinin layiqli tədqiqatçısı olaraq, daha gözəl bilirsiniz ki, görkəmli publisist, təbiətşünas alim, pedaqoq, maarifçi-demokrat Həsən bəy Zərdabinin adı xalqımızın maariflənməsi, mənəvi dirçəlişi və fikir təkamülü ilə sıx bağlıdır. Zərdabi bu cəhətdən A.A.Bakıxanovla, M.F.Axundovla birlikdə iftixarla yad edilir. O, Azərbaycanda ilk ali təhsilli müəllim, Azərbaycan milli teatrının və milli mətbuatının, xeyriyyə cəmiyyətinin banisi və görkəmli ictimai xadim kimi tanınmışdır. Zərdabi mütərəqqi rus və dünya elmindən tərbiyə almış təbiətşünas alim, görkəmli darvinist idi. Azərbaycanda darvinizmin yayılması ilk addımlarını, sözün əsl mənasında Zərdabidən və onun əsərlərindən başlamışdır. Zərdabinin belə zəngin irsinin öyrənilib xalqımıza çatdırılması üçün onlarla namizədlik, doktorluq dissertasiyaları müdafiə edilmiş, çoxlu monoqrafiyalar yazılmışdır. Siz də qeyd etdiyiniz kimi, bunların sırasında fəlsəfə elmləri doktorları Heydər Hüseynovun, Mehbalı Qasımovun, Ziyəddin Göyüşovun, Şeydabəy Məmmədovun, fəlsəfə elmləri namizədi Zaman Məmmədovun, biologiya elmləri doktoru Mirəli Axundovun, akademik Abdulla Qarayevin, professor Həmid Fərzəlibəylinin, tibb elmləri doktorları Məmmədəmin Əfəndiyevin və Məmməd İbrahimovun tədqiqatları diqqəti xüsusilə cəlb edir. Ancaq Zərdabi elə bir dəryadır ki, bu tədqiq olunanlarla yekunlaşmır, irsini tam öyrənmək istədikcə, sonsuzluqla qarşılaşırsan. Yəqin elə buna görədir ki, Həsən bəyin həyatı və yaradıcılığı ziyalılarımız tərəfindən nə qədər aşkarlanırsa, dahi həmyerlimiz yenə də bizim üçün oxunmamış kitab olaraq qalır.
Hörmətli professor, arzusunda olduğumuz belə bir kitabın Sizin tərəfinizdən yazılmasını həsrətlə gözləyirik. Allah taala Sizə bundan sonra da xeyirli və bərəkətli ömür versin ki, bizim bu istəyimizi gerçəkləşdirə biləsiniz.
Tərlan ABDULLAYEVA,
“Əkinçi”nin müxbiri.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

16 − 8 =