Sevmək və sevilmək

0
91

Həyatda hər şey sevgi ilə başlar: ana şəfqətlə, sevgiylə baxır övladına; ata övladlarını, həyat yoldaşını sevərsə, o ev isti bir yuvaya çevrilər. Şagird müəllimini sevərsə, dərsini də sevər, dərsini sevərsə, o sahədə müvəffəqiyyət qazanar.

Təcrübə göstərir ki, həyatda uğur qazananlar əksəriyyət etibarilə sevməyi bilənlərdir. İşini sevən hər kəs tutduğu məqamdan, vəzifədən asılı olmayaraq mütləq uğur qazanır. Sevə bilmək əslində nurlu bir dünyanın açarı kimidir: sən o açarla zülmət qaranlıqların qapısını açıb aydınlığa qovuşa bilirsən.

Sevgi dediyin təmənnasızlıqdır, yəni heç bir şeyə baxmadan sevməkdir. Ananın öz övladını sevdiyi, onun yolunda hər cür fədakarlığa hazır olduğu kimi. Nə halda olursa olsun, yaxşı da olsa, pis də olsa, bəzən səni əsəbiləşdirsə də, yəni hər şeyə rəğmən sevmək…

Heyvanlar da, bitkilər də sevgiyə qarşı laqeyd deyillər. Çiçəklərin sevgini anladığı və xoş münasibəti öz inkişafında əks etdirdiyi artıq isbat edilmiş həqiqətdir.

Yapon alimləri isbat ediblər ki, suya qəzəbli baxanda onun molekullarının şəkli dəyişir, sərtləşir; xoş söz deyəndə isə sanki çiçək açır, çox gözəl şəkil alır. Bəlkə də sevməyin ibtidasını, təməlini elə bundan öyrənməliyik.

Sevmək bəzən ibadətdir, bəzən şükürdür. Uca Yaradan sevgisi ilə bizlərə yardım edir, saysız nemətlər verir.

Dədə Yunus nə qədər də gözəl söyləyib: “Yaradılanı sevərəm, Yaradandan ötəri”. Bu bircə misrasında dədə Yunus bizə sevginin qaynağının uca Allah olduğunu göstərir. O, insanı sevərək yaradıb, sevərək yaşadır, yaratdıqlarının da bir-birini sevməsini istəyir. Sevməsəydi, yaratdıqlarının sevib-sevilməsini istəməsəydi, sevgini yaradardımı?

Hər şeydə olduğu kimi, sevgidə də ölçü var. Sevmək ədalətdir, hər kəsi və hər şeyi layiq olduğu yerə qoymaqdır, sahib olduğun hər nemətin haqqını verməkdir.

Sevmək insanlıq məziyyəti olduğu kimi, sevgiyə layiq olmaq da mənəvi yüksəklikdir. Bu ləyaqətə yüksələ bilmək isə ancaq sevginin qaynağını bilmək və Onun buyurduğu kimi yaşamaqla mümkündür.

Sevmək könül işi olduğu kimi, həm də tərbiyə mövzusudur. Evinizi bir sevgi yuvasına döndərin ki, o yuvada pərvazlanan övladlarınız sevgi iqlimində yetişsinlər, dünyaya sevgi yaysınlar. Sevgidən məhrum olmaq əslində çox böyük itkidir, sevgisiz yaşamaq qoxunu, dadı, rangi bilmədən yaşamaqdan betərdir.

Sevgi elə bir dəryadır ki, sonu görünməz. Hər kəs o dəryadan öz tutumu qədər nəsibini ala bilir. Böyük alimlər sevgini iki yerə bölürlər: həqiqi sevgi, mücərrəd sevgi. İnsanın həqiqi sevgisi öz Rəbbinə olan sevgisidir. Bu sevgi elə bir nemətdir ki, ona qovuşan zərər görməz. Bir də var, mücərrəd sevgi, yəni dünyadakılara olan sevgi. Əgər dünyadakılara olan sevginin qaynağı Allah sevgisindən gələrsə, bu da nemətdir. Vay o gündən ki, insan Allahını tanımaya və bu dünyaya kölə olurmuş kimi bağlana, əsir ola. Allahı sevmək elə bir duyğudur ki, qarşı tərəfdən itmək, itirmək qorxusu yoxdur. Yəni bu sevginin vüsalı əslində elə sevginin öz bətnindədir. Vüsalı içində olan bir sevgidir Allah sevgisi. Əgər sən azmasan, sən çaşmasan, Allah səni o sevgidən, o səadətdən məhrum qoymaz. Mücərrəd sevgi, yəni dünyaya ünvanlanmış sevgi isə qısırdır, qorxaqdır, məzara qədərdir, ya sənin məzarına qədər, ya sevdiklərinin məzarına qədər. Allah sevgisi fərqli bir atmosferdir və o atmosferdə nəfəs alan bəxtəvərlər hər kəsə mərhəmət dolu, şəfqət yağan baxışlarla baxarlar. Dünyanı sevənlər isə dünyanın ağırlığı altında əzilərlər. Bir qərb mütəfəkkirinin sözü var: pulu ayağının altına qoysan, başın ucalar; başının üstünə qoysan, boynun bükülər. İlk baxışdan nə qədər fərqli görünsə də, əslində bu söz yazımızın ruhunu çox gözəl ifadə edir.

Könlünüzdən sevgi qaynasın, gözlərinizdən sevginin işığı yayılsın dörd bir yana. Sevmək – Allahın verdiyi bir nemətdir. Amma gərək kimi, niyə və necə sevməyi biləsən. Bir sevgi də var ki, sevgidən heç nəyi bilməməkdir, Məcnun sevgisi, Kərəm sevgisi, Fərhad sevgisi… Özünüz düşünün, o sevgi davam etsəydi, nələr yaşanardı. Amma o sevgi yaşanacaq sevgi deyildi, saman alovu kimi idi, bir anca parlayıb qaranlıqlara qovuşmalıydı, necə ki, qovuşdu da. Sevgi dediyin bir qız üçün bütün dünyanı oda vermək deyil ki…

Sevin, sevilin, dünyanız sevgi ilə təravətlənsin. Sevgi ilə atılan addımın izində güllər bitər. Gülü sevin; getdiyiniz yolu sevin, ağacları, budaqlara qonan quşları sevin; insanı, heyvanı, qaçanı, uçanı sevin. Yaradılmışları Yaradanın xətrinə sevin. Sevin ki, seviləsiniz.

Evinizin hər bucağına sevgi çiçəyi əkin, sevgiylə çağırın, sevgiylə oyadın bir-birinizi. Sevgidən məhrum olmayın, sevin, həm də Allahın buyurduğu kimi sevin ki, Allah da sizi sevsin.