“Həsən bəy Zərdabinin təşəbbüsü ilə inşa olunan OVDAN dəyərləndirilməlidir”

0
37
Xatirə Quliyeva
Xatirə QuliyevaAzərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevə
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, dosent
Xatirə Quliyeva tərəfindən
ƏRİZƏ
Cənab nazir!
Yazaraq bildirirəm ki, kökləri qədim dövrlərə gedib çıxan Azərbaycan tarixinin bir parçası olan mədəniyyət abidələrinin bugünün insanları arasında təbliğ olunması, gələcək nəsillərin yaddaş səlnaməsi  üçün qorunması, hifz olunması işi ilk növbədə vətəndaşlıq borcudur.
Bu baxımdan diqqətinizə çatdırmaq istəyirəm ki, Bakının Abşeron yarımadasında Maştağa qəsəbəsi ilə Bilgəh qəsəbəsi arasında mənim ulu babam “usta” Kəblə Hacıqulunun inşa etdiyi və üzərində də adı yazılmış Ovdan bir sakin tərəfindən öz həyətyanı sahəsinə daxil edilmişdir.
Bizim nəslin bir nümayəndəsi (qardaşım) həmin həyət sahibindən bunun səbəbini öyrənmək istədikdə o, bildirmişdir ki, Ovdan hasara alınmadığı vaxtlarda ərazidə yaşayanların zibilxanasına çevrilibmiş, həmçinin oradan bir meyid çıxmışdır. Bu səbəblərdən də həmin şəxs OVDANı öz həyətinə daxil etmişdir.
Cənab nazir, bu tarix və tarix qarşısında bizim məsuliyyət hissimiz baxımından bir bəhanə də ola bilər. İkincisi məgər tarixi abidələrin qarolçu işçiləri yoxdur?.. Əgər dövlətin bütün maddi-mənəvi abidələri bu cür bəsit arqumentlətlə həyətyanı sahələrə daxil edilərsə daha onların dövlətə aid olmasından danışmaq olmaz ki …
Halbuki, bütün ölkəmiz boyu belə tarixi abidələr vardır və onlar mədəniyyət – turizm sahəsi kimi qorunmaqda və istifadə olunmaqdadır.
Onu da qeyd edim ki, şəxsi nəsil  məlumatlarıma görə bu OVDAN görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə bir zəngin varlı “məşədi” şəxs tərəfindən mənim ulu babam “usta “Kəblə Hacıquluya inşa etdirilmişdir.
Ulu babam iki dəfə Maştağa məscidinin minarəsini də inşa etmişdir və ümumiyyətlə dövrünün tanınmış memarı olmuşdur. Adı tarixdə keçir.
Həmin Ovdanın inşasından məqsəd şəhərə bağlardan Su çəkilməsi olmuşdur. H.Zərdabi bu layihənin həyata keçməsi üçün çox zəhmət çəksə də bir erməni (Ambarsum Melikov) ona mane olmuş və kanalın Şüvəlanda öz bağının həyətindən çəkilməsinə nail olmuşdur. Zərdabinin bu hadisə ilə bağlı keçirdiyi  narahatçılıqlar barədə yazılı materiallar  da (Hənifə xanım (Abayeva)Məlikovanın xatirələri və s.) vardır.
Şəxsi nəsil məlumatlarına (həmçinin də artıq müəyyən qədər ictimailəşib) görə bunu da əlavə edə bilərəm ki, həmin Ovdanın içərisindən biri paytaxtın mərkəzinə olmaqla 3 istiqamətə yol vardır. Ümumiyyətlə, memarlıq quruluşuna görə bu Ovdan orjinal üslubdadır. Ondan mədəniyyət abidəsi olmaqla yanaşı həm su təsərrüfatı kommunikasiya sistemləri üzrə, həm də xarici dövlətlərdə olduğu kimi turizm baxımından istifadə etmək olar.
Bütün bunları yazaraq  yuxarıda da qeyd etdiyim kimi Bakının Abşeron yarımadasında Maştağa qəsəbəsi ilə Bilgəh qəsəbəsi arasında mənim ulu babam “usta” Kəblə Hacıqulunun inşa etdiyi və üzərində də adı yazılmış Ovdanın bir sakin tərəfindən öz həyətyanı sahəsinə daxil edilməsi məsələsinə aydınlıq gətirilməsi və Azərbaycanın bu unikal tarixi abidəsinə dövlət qayğısının bərpa edilməsini tapşırasınız, əsas da bu məsələni nəzarətə götürməyinizi xahiş edirəm .