Bir xoş üzü, bir xoş sözü əsirgəmə

0
25

Bəzən bir təbəssüm də təşəkkür ifadə edə bilir. Bir xoş baxışda, səmimi bir mimikada da təşəkkür çalarları tapmaq mümkündür.

Təşəkkürü candərdi, başdangetdi ifadə etmək elə təşəkkürün özünü urvatdan salır. Dilin təşəkkür edir, üz-gözündən zəhər-zəhrimar yağırsa, daha bunun harası təşəkkür oldu?

Ən kiçik, ən adi yaxşılığa belə təşəkkürlə cavab vermək həm o işin bərəkətini artırır, həm də o insanı hər zaman yaxşı olmağa sövq edir.

***

İnsana təşəkkür mənası daşıyan bir xeyli deyimlərimiz var. Bəzən bir “sağ ol!”, bəzən “çox sağ ol!”, “Allah köməyin olsun!” deyərək qarşı tərəfə öz təşəkkürümüzü, səmimiyyətimizi bildiririk. Amma bütün bunlarla yanaşı, başqa bir ifadə də var ki, həm də ən şirin, ən səmimi dua yerinə keçər: “Allah səndən razı olsun!” İnsanın ən böyük qazancı elə Allah-Təalanın rizası, yəni rəğbəti, razılığıdır. Sən də qarşı tərəfə məhz o şərəfi, o səadəti arzulayırsan, həm də dua şəklində. Bizə görə, insana təşəkkürün ən uca məqamı bu deyimlə ifadə olunur. Çünki Allah bir kəsdən razı olarsa, o adam artıq hər şeyi qazanmış olur. Yerdə qalan hər şey onun üçün çox bəsit, çox kiçik gəlir.

***

Yaxşılığı, yaxşı olmağı hər kəs öz dünyagörüşünə uyğun anlayır. Hər kəs öz meyarı, öz tərbiyəsi ilə kiməsə yaxşı, kiməsə pis deyir. Birinin yaxşı dediyinə pis desən, mübahisə edəcək; görsə ki, gücü çatmır, “hərənin sevdiyi özünə gözəldir”- deyib işi sülhə bağlamaq istəyəcək. Hər başda bir yaxşılıq anlayışı olsa da, yaxşılıq hər başda olan anlayışlar kimi də deyil. Yaxşı olmaq – Allahın istədiyi kimi olmaqdır.

***

İkicə kəlmədir, amma ürəklə deyildikdə bu iki kəlmənin qarşı tərəfi necə duyğulandırdığını, insanı necə yumşaltdığını sözlə ifadə etmək mümkün deyil. Bəzən bir təsəlli, bir təşəkkür insanı ölümün sahilindən döndərir. Bir xoş baxış suda boğulana uzanan xilaskar əli kimi çəkib çıxarır səni hər cür zülmətin, qaranlığın dibindən.

***

Nə olar, bircə dəfə də olsa dönüb ürəyinin lap dibindən gələn səmimiyyətlə sürücüyə “çox sağ ol” de, sonra pillələrdən en. Qoy lap təəccüblənsin, bu başdan o başa qədər düşünsün ki, görəsən ona niyə elə təşəkkür elədin. Qoy düşünsün, nə olacaq ki… Həmişə arxa qapıdan düşüb qaçanların dalınca hirslə qışqıran, bəzən də lap özünü saxlaya bilməyib söyən sürücü qoy bu dəfə də sənin təşəkküründən şok olsun. Dayanacaqda minib, dayanacaqda düşdü, iyirmi qəpiyin də qəttəzəsini ovcuma qoydu… Bəs o “sağ ol”la nə demək istədi axı…

***

Hər səhər süfrəyə təzə çörək, qaymaq almaq üçün həyətdəki ərzaq dükanına gedirsən. Satıcı qıza diqqət eləmisənmi, görürsənmi, necə də səmimidir? Onsuz da səndən alacağı bir şey yoxdur, hər şey kassada həll olunur. Amma üzündəki təbəssümə diqqət edirsənmi? Sən niyə ona təbəssüm etmirsən axı? Burda nə var ki? Üçdə alacağın yox, beşdə verəcəyin, özü də qızın yaşındadır. Nə qədər də duru, təmənnasız çöhrəsi var… Allah xoşbəxt eləsin! Sən də bir təşəkkür etsən, “Ay qızım, Allah səni xoşbəxt eləsin!”- desən, nəyin əskiləcək ki? Vallah da, billah da, heç nə itirməzsən, niyə də itirəsən axı? Dua edirsən, Allahdan xeyir diləyirsən. Bilirsənmi, Allah-Təala nə buyurur?- Buyurur ki, siz bir-birinizi sevin ki, Allah da sizi sevsin.

***

Hər səhər gün doğmadan həyətinizi süpürən, yuxarı mərtəbələrdən atılan siqaret kötüklərini, kağız qırıntılarını, cürbəcür tullantıları uzun saplı süpürgəsi ilə bir yerə toplayıb zibil qabına yığan, sonra da aparıb həyətin o başındakı böyük dəmir qablara boşaldan dalandar olsun. Elə bilirsən, aldığı maaş balalarını dolandırmağa yetir? – Ay-hay… Sizin həyəti təmizləyib qurtarandan sonra Allah bilir, hələ neçə yerə qaçacaq. Gün doğandan qaş qaralana qədər o qapıda, bu qapıda əlləşir, yenə birini çatdıranda birini çatdırmır. Noolar, bir dəfə dayanıb “Allah köməyin olsun!”- deyəsən? Heç bilirsən, sənin bu sözün onu necə rahatladar, bəlkə də bütün yorğunluğunu, ağrı-acısını silib aparar?..

***

İnsanlara təşəkkür edərkən əsl təşəkkür edilməli olanı unutmamaq lazımdır. Üstəlik, təşəkkür etməli o qədər sərvətlərimiz var ki, saymaqla qurtarmaz: Acanda doyunca yeyə bilmək özü də bir nemətdir; ürəyin istəyəndə durub gəzmək özü də nemətdir; qaçmaq, oynamaq, ürəkdən gülə bilmək, hər səhər əl-qolunu yelləyə-yelləyə işə gedə bilmək… hamısı nemətdir, hamısı sərvətdir. Amma bu qədər nemətin, bu qədər sərvətin fərqinə vara bilmirsənsə, onda sən sərvətin, nemətin və nəhayət, səadətin nə olduğunu anlamırsan.

***

Yaxşılara çox ehtiyacımız var. Dünya yaxşıların çiynində durur. Quran da, Peyğəmbər də bizə yaxşı olmağın yollarını öyrədir. Əslinə qalanda hər kəsin yaxşılığı da özünədir, pisliyi də.

Yaxşı olun, yaxşılara dəstək olun, kömək olun. Əlindən tutun yaxşıların, yolunu açın. Sənə çox ehtiyacımız var. Nə yaxşı ki, varsan, sağ ol ki, yaxşısan.