Zərdabda hesabat yığıncağı keçirilib

0
27

Zərdabda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib.

Bildirilib ki, hesabat ili Zərdab rayonunda ümumi məhsul buraxılışının həcmi 85 milyon 383 min manat olub. Bu göstərici 2014-cü ilə nisbətən 4 milyon 84 min manat çoxdur. Aqrar sektorda aparıcı sahələrdən olan taxılçılıqda istehsal 118 ton artaraq 49850 tona çatıb. Heyvandarlıq üzrə bütün göstəricilərdə də artım olub.

Rayonda genişhəcmli tikinti-quruculuq və abadlıq işləri görülüb, xeyli sosial layihələr reallaşdırılıb. Əsas kapitala 8 milyon 556 manat investisiya yönəldilib ki, bunun 8 milyon 141 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Əhalinin elektrik enerjisi ilə normal təminatı, bütün yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində ardıcıl işlər aparılır. Artıq rayonun 25 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 3 kənddə işlər yekunlaşıb, 9 kənddə isə qazlaşdırma davam etdirilir.

Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində əldə olunan uğurlar barədə də geniş məlumat verilib.

Məruzə və çıxışlarda qarşıda duran təxirəsalınmaz vəzifələr, o cümlədən iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı üçün potensial imkanlardan istifadə, sahibkarlara dəstək, yeni iş yerlərinin açılması və digər məsələlər barədə ətraflı danışılıb.

Yığıncaqda 2016-cı ilin sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı qəbul olunub.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.